Kəlbəcər gizli danışıqların qurbanı olub?

Sabiq deputat Kəlbəcərin işğalı ilə bağlı açıqlamalarına izahat verdi

1993-cü il aprelin ortalarında Kəlbəcər rayonunun işğalı ilə  əlaqədar yaradılmış deputat-istintaq komissiyasının üzvü olmuş, politoloq Cümşüd Nuriyev Kəlbəcərin işğalında o zamankı hakimiyyətin Rusiya ilə danışıqlarda uduzmasının rol oynadığını bildirib.

Moderator.az saytına açıqlamasında Cümşüd Nuriyev deyib: "Kəlbəcər siyasətin qurbanı oldu... O zaman Moskvada AXC hakimiyyəti ilə danışıqlar gedirdi. Orada Rusiya bizimkiləri aldatdı ki, guya Kəlbəcəri verən kimi, məsələ Dağlıq Qarabağdan kənara çıxır deyə, beynəlxalq status qazanacaq. Və BMT-nin Təhlükəsizlik Şurası qərar qəbul edəcək ki, bununla da bütün Qarabağ Azərbaycana veriləcək.  Nəticədə o hakimiyyətin təcrübəsizliyindən Kəlbəcər işğal olundu və 25 ildir ki, onu azad edə bilmirik".

C.Nuriyevin bu açıqlaması cəmiyyətdə müzakirələrə yol açıb. Bir çoxlarında isə belə rəy yaradıb ki, Xalq Cəbhəsi hakimiyyəti Rusiya ilə danışıqlara gedərək Kəlbəcəri məqsədli şəkildə təslim edib. Elçibəy hakimiyyətinin təmsilçiləri isə Cümşüd Nuriyevin o dövrkü iqtidara böhtan atdığını bəyan ediblər.

Cümşüd Nuriyev isə "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, heç kimə böhtan atmayıb və məqsədi kimisə şərləmək olmayıb: "Moderator.az saytında gedən sözügedən yazını şəxsən oxumamışam. Mən həmin sayta açıqlama vermişəm. Lakin açığı, saytda necə yazıldığından məlumatsızam. Çünki oxumamışam. Ola bilsin ki, fikirlərimin bəziləri bir qədər fərqli gedib. Mən açıqlamamda demişdim ki, AXC hakimiyyəti təcrübəsizlikdən Kəlbəcərdə və hakimiyyəti saxlamaq məsələsində uduzub. Təcrübəsizlikdən Rusiya ilə gedən danışıqlarda uduzub və nəticədə Kəlbəcər ermənilərin əlinə keçib. Mən açıqlamamda qətiyyən deməmişəm ki, Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri hansısa danışıqların nəticəsi olaraq ermənilərə verib və bununla da xalqa, dövlətə xəyanət edib. Təcrübəsizlikdən hansısa danışıqlarda uduzmaq başqa şeydir, xəyanət, torpağı düşmənə vermək başqa şey.

Azərbaycanda tam formalaşmamış bir ordu var idi, amma buna baxmayaraq, ordu yaxşı vuruşurdu. Aparılan danışıqların ana xəttində isə belə bir fikir hakim idi ki, ermənilər Dağlıq Qarabağdan kənara çıxıb ərazilər tutsa, beynəlxalq hüquq bunu ermənilərin ətraf əraziləri işğal etməsi kimi tanıyacaq. Düzdür, ermənilərin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edildi, amma bir həqiqətdir ki, siyasi cəhətdən naşılıq üzündən Azərbaycan ərazisini itirdi. Çünki bundan öncə Laçını itirmişdi. Halbuki Laçın da Dağlıq Qarabağa aid deyildi. Lakin Laçın işğal olunanda ermənilərə qarşı heç bir qətnamə-filan qəbul olunmamışdı. Belə bir təcrübə də ortada olduğu halda hakimiyyət danışıqlarda aldanmamalı idi. Mən əslində o dövrdə yaradılmış deputat istintaq komissiyasının gəldiyi siyasi nəticəyə əsasən fikir bildirmişəm və bildirirəm".

C.Nuriyevin sözlərinə görə, deputat istintaq komissiyası belə bir nəticəyə gəlmişdi ki, siyasi təcrübəsizliyə görə biz Rusiyanın və ermənilərin atacağı addımları görə bilmədik: "Mənim açıqlamama o dövrkü hakimiyyət təmsilçilərindən reaksiyalar var. Səhvi etiraf eləmək nədənsə hər kəs üçün çox ağır olur. Pənah Hüseyn mənə zəng eləmişdi. Mən ona da söhbətin nədən getdiyini izah etmişəm. Biz öz gördüyümüzü, başa düşdüyümüzü, yanlışlıqlarımızı etiraf edə bilmiriksə, bu, o deməkdir ki, biz ancaq qışqırmaqla məşğuluq, bütün günahları öz üzərimizdən atırıq. Bu bir aksiomadır ki, əgər hansısa hakimiyyətin zamanında dövlətin ərazisi düşmən tərəfindən işğal olunubsa, buna görə həmin hakimiyyət məsuliyyət daşmalıdır. Ən azı siyasi, mənəvi məsuliyyət daşımalıdır. Burada qeyri-adi bir şey yoxdur. Fikirlərim o demək deyil ki, mən Elçibəy hakimiyyətini məqsədli şəkildə xəyanətdə ittiham edirəm. Burada xəyanətdən, satqınlıqdan söhbət getmir. Kəlbəcərin işğalı cəmi iki ay sonra Xalq Cəbhəsinin hakimiyyətdən getməsi ilə nəticələndi. Kim istəyərdi ki, hakimiyyətdən getsin? Yol verilən səhvlər siyasi təcrübəsizlikdən irəli gəlirdi və bu siyasi təcrübəsizlik də həm Kəlbəcər məsələsində, həm də hakimiyyət məsələsində məğlubiyyətlə nəticələndi. Siyasi təcrübəsizliyimizdən ruslar ermənilərin əli ilə yararlandı. Biz qarşı vuruşanların içində kifayət qədər rus, ASALA terror təşkilatının üzvləri, PKK-çılar da var idi. Bunlar kifayət qədər hazırlıqlı idilər. Biz hərbi məğlubiyyətlə yanaşı, siyasi məğlubiyyətə də uğradıq. Xalq Cəbhəsi hakimiyyətinin yıxılma səbəbi də bu oldu. Bunu qəbul eləmək lazımdır. Xəyanətdən isə söhbət gedə bilməz. O hakimiyyətdəkilərin hamısı milli fanatlar idi. Fanatizm ayrı şeydir, siyasət ayrı şey. Siyasi cəhətdən yetkin olmadığımız üçün bizi danışıqlar masasında aldadıblar".

C.Nuriyev qeyd etdi ki, Rusiyanın Azərbaycanda o zamankı səfiri Volter Şonya əlindən gələni edirdi ki, Azərbaycanı səhv yola yönəltsin və Azərbaycan Qarabağ məsələsində uduzsun. Hakimiyyətin siyasi təcrübəsizliyi nəticəsində Şonya, belə demək mümkünsə, məqsədinə nail ola bildi: "Üstündən 25 il keçib bütün detallar yadımda deyil. Amma bütün hallarda deputat istintaq komissiyasının gəldiyi nəticə bu idi ki, siyasi danışıqlar mərhələsində biz uduzmuşuq. Burada xəyanətdən yox, siyasi təcrübəsizlikdən söhbət gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31