Azərbaycan xalqı inkişaf və tərəqqiyə səs verəcək
Müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması iki böyük dühanın, zəka sahibinin, xalqımızın hamisi və qarantı İlham Əliyev siyasətinin gücü və ali məqsədidir.
9 Aprel 2018 14:08 SiyasətAprelin 11-də dünya bir daha demokratik və ədalətli seçkilərin şahidi olacaq
Müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması iki böyük dühanın, zəka sahibinin, xalqımızın hamisi və qarantı İlham Əliyev siyasətinin gücü və ali məqsədidir. Paralel olaraq milli təhsilimizi dünya standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərimizin tarixi köklərini öyrənmək, məqsədyönlü və sistemli islahatlar aparmaq həyata keçirilən siyasətin prioritet istiqamətlərini təşkil edir. Sirr deyil ki, prezident İlham Əliyev ümumilli lider Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırdı. Hakimiyyətə gəldiyi ilk gündən "biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur" deyən Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən İlham Əliyev ölkə iqtisadiyyatının köklü şəkildə yenidən qurulması işlərinə başladı. Ölkə iqtisadiyyatının real sektorunun yüksək səviyyədə inkişaf etdirilməsinin mümkünlüyünü ona münbit fəaliyyət meydanı yaratmaqdan keçdiyini yaxşı dərk edən dövlət başçısı 2004-cü ildən başlayaraq "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı" dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Bakı şəhərinin avtomobil tıxaclarından xilas edilməsi istiqamətində nəhəng layihələr öz sözünü dedi. Bu gün dünyanın bir çox böyük şəhərləri avtomobil tıxaclarının yaratdığı məngənədə sıxıldığı halda, Bakıda bu problem qismən də olsa, aradan qaldırılıb. Bu gün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilk qaranquş rolunu oynayacaq. Eyni zamanda, Azərbaycanda ənənəvi sahə olan aqrar sektor öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Son bir neçə il ərzində Azərbaycana külli miqdarda valyuta gətirə biləcək texniki məhsulların - pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İki il öncə cəmi 200 kiloqram barama istehsal etmiş bir ölkədə qarşıdakı üç ildə barama tədarükü 1300 tona çatdırılacaq. Bu sahənin inkişafını təmin etmək üçün ötən il bölgələrimizdə 1 milyon 600 min tut ağacı əkilib. Belə sevindirici uğurlar aqrar sektorun demək olar ki, bütün sahələrində əldə olunub. İndi artıq ölkə rəhbərliyi qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların "Made in Azerbaijan" brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində lazımi tədbirlər görür.
Etiraf edək ki, hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şəraiti olan ölkəmizdə dövlət başçısı İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. Azərbaycanın dünyaya daha yaxından tanıdılması məqsədilə atılan addımların önəmi çox böyükdür. Bu istiqamətdə ilk addım kimi Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən "Eurovision" mahnı müsabiqəsi dünyanın diqqətini Azərbaycana cəlb edə bildi. Bunun ardınca ölkəmizdə bir- birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi, 2015-ci ildə bütün dünyanı heyran edən birinci Avropa Oyunlarının, bu ilin iyun ayında isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili milyardlarla insanın diqqətini Azərbaycana yönəltdi. Yüksək səviyyədə keçirilən bu tədbirlər, eyni zamanda, Azərbaycanın bütün dünyaya təqdimatı demək idi. Bu təqdimatın məntiqi nəticəsi isə göz qabağındadır: bu gün ölkəmizin hər yerində, xüsusilə də Bakı şəhərində əcnəbi turistlərin sayının nə qədər artdığını aydın görmək mümkündür.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək bacarığı oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub - Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal-Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın təməlini qoydu. Azərbaycan bu gün həmin transmilli layihələrin reallaşdırılması sahəsində öhdəsinə düşən bütün işləri başa çatdırmaq üzrədir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir . Bu layihələrin icrası əsasında Azərbaycan üzərindən yüklərin daşınması ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcək. Bütün sadalananlar deməyə əsas verir ki, ölkə vətəndaşları 11 aprel prezident seçkilərində inkişaf və tərəqqini birmanalı şəkildə dəstəkləyəcəklər.
Milli Məclisin üzvü Dilarə Cəbrayılova deyib ki, aprelin 11-də Azərbaycan demokratik seçki ənənəsini bir daha nümayiş etdirəcək. D. Cəbrayılova seçkilərə hazırlıq prosesinin beynəlxalq normalara və Seçki Məcəlləsinə uyğun aparıldığını qeyd edərək deyib: "Təbliğat-təşviqat kampaniyasında prezidentliyə namizədlərə bərabər şərait yaradılıb. Seçici siyahıları dərc olunub. Seçki bülletenləri dairə seçki komissiyalarına verilib. Çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkini izləmək üçün qeydiyyatdan keçiblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri seçkiöncəsi dövrü müşahidə edərək, aralıq hesabatlarını yayıblar. Bununla yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkiyə hazırlıq prosesini izləyiblər. Heç bir nöqsan və qanundan kənar hal qeydə alınmayıb. Bu, Azərbaycanda ədalətli və demokratik seçki mühitinin olduğunu sübut edir. Aprelin 11-də bütün dünya bir daha Azərbaycanda demokratik və ədalətli seçkilərin şahidi olacaq". Millət vəkili Musa Quliyev isə bildirib ki, aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində xalq öz dəstəyini bir daha cənab İlham Əliyevə bildirəcək və seçkilərdə aktiv iştirak edəcək. Beləcə, cənab İlham Əliyev yenidən prezident seçiləcək. Onun sözlərinə görə, xalqımız bir daha da dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında uğurlar qazanacaq: "Bundan sonra isə anti-milli ünsürlərin səsləri batacaq və deməyə heç bir sözləri qalmayacaq. Atalar məsəlidir, "bildirçinin bəyliyi darı sovrulana qədərdir". Azərbaycan demokratik bir ölkədir və demokratik qaydalarla da seçkilər keçirilir. Əgər kiminsə ürəyinin ucunda tərəfdar varsa, güc bilirsə gəlib seçkilərdə iştirak edə bilər və öz gücünü nümayiş etdirə bilər. Yəni demokratik düşərgədə partiyanın, hər hansı bir şəxsin gücü onun seçkilərdə qazandığı nəticə ilə ölçülür. Əgər bunlar qorxularından dəstək toplaya bilməyəcəyini bilərəkdən seçkilərə qoşulmurlarsa və gedib o kənardan cəmiyyətə, ölkə rəhbərliyinə, deputatlara müxtəlif söyüşlər, təhqirlər yağdırırlarsa təbii ki, bu birinci növbədə onların xislətindən xəbər verir. Onlar çirkabın içərisindədirlər. Azərbaycan dövlətinə, xalqına heç vaxt çirkab bulaşmayıb və bulaşmayacaq da. Hesab edirəm ki, 11 aprel seçkilərindən sonra əgər onlar bu cür anti-milli, anti-dövlət fəaliyyətlərini davam etdirirlərsə, Azərbaycan xalqının, dövlətinin də kifayət qədər gücü var ki, onları intizama və məsuliyyətə cəlb etsin. Təbii ki, bizim qanunlarımız da buna imkan verir".
Alim