“Seçkilər dövründə bəzi qüvvələr fəallaşaraq maraqlarını təmin etməyə çalışırlar”

"Azərbaycanda beynəlxalq müşahidə missiyalarının seçki prosesini sərbəst izləmələri üçün bütün lazımi şərait yaradılıb".  Bunu sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Dünya ictimaiyyətinin prezident seçkilərinə artan marağı ilə bağlı fikirlərini bildirən deputat qeyd edib ki, bunun arxasında bir neçə önəmli faktor dayanır: "Birincisi, regionda Azərbaycandan stabil və dinamik inkişaf edən ölkə yoxdur. İşğal faktından əziyyət çəkən dövlətimiz müharibə şəraitində olmasına baxmayaraq, hərtərəfli inkişafa yönəlmiş uğurlu siyasət kursu həyata keçirə bilib. İqtisadiyyat, elm, təhsil, idman, mədəniyyət və digər sahələrdə ölkəmiz böyük uğurlar əldə edib. İkincisi, xaricdə Azərbaycana həmişə xüsusi maraq olub. Bu diqqət və maraq həm bizi istəyən, həm də cuzi də olsa istəməyən qüvvələrdən gəlir". 

Azərbaycana qarşı ikili standartlar siyasətindən istifadə olunduğunu deyən R.Quliyev bildirib ki, məqsəd mövcud olmayan problemləri qabartmaqla Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdır: "Təcrübə göstərir ki, xüsusilə seçkilər dövründə bu cür qüvvələr daha fəal olur, ayrı-ayrı dövlətlərə qarşı təzyiq alətlərindən istifadə etməklə müəyyən maraqlarını təmin etməyə çalışırlar. Amma ölkəmizə daha çox marağın olduğu açıq hiss olunur. Bu, qazanılan böyük uğurlar, həyata keçirilən irimiqyaslı layihələrdə göstərilən ciddi təşəbbüskarlıqdan və bununla da dövlətimizin dünya miqyasında artan nüfuzundan, yüksələn imicindən qaynaqlanır". 

Deputat vurğulayıb ki, Azərbaycanda seçkilər şəffaf, ədalətli, demokratik şəraitdə keçirilir: "Seçkiyə hazırlıq prosesi ölkə Konstitusiyası, Seçki Məcəlləsi, beynəlxalq hüququn normal və prinsiplərinə uyğun keçirilir. Hesab edirəm ki, seçkilərin açıq, azad keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31