Qarabağda hərbi sülhdən ayıran “taym-aut” bitir - təhlükə

Vasitəçilərin, öncəliklə də Rusiyanın gecikən diplomatik həmləsi hərb yolunu labüd edir; siyasilər və diplomatlar üçün daha gərgin dönəm başlayır; politoloq: "Üç dövlət qərar versə, ermənilərin qaçmağa yeri olmayacaq..."

Ötən həftə daha bir beynəlxalq qurum səviyyəsində Qarabağ məsələsində Azərbaycana dəstək gəldi. 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının Bakıda keçirilmiş nazirlər konfransının qəbul elədiyi yekun sənəddə konfliktin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, danışıqlar yolu ilə nizamlanmasının vacibliyi vurğulanıb.

"Nazirlər təəssüflə bildirirlər ki, BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münaqişə həll olunmamış qalır və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid olaraq qalmaqda davam edir" - sənəddə qeyd edilir.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çinin, İranın və bir çox digər mühüm dövlətlərin üzv olduğu sözügedən qurumun Dağlıq Qarabağ məsələsinə belə ədalətli münasibəti şübhəsiz ki, beynəlxalq aləmdə Azərbaycanın konfliktlə bağlı əlini gücləndirir, Ermənistan haqda isə işğalçı ölkə imicinin möhkəmləndirir. Bunu da unutmaq olmaz ki, qurumdakı 120 ölkə BMT-yə tam hüquqlu üzv olan 200-dən artıq dövlətin əksəriyyəti deməkdir ki, bu da, nə vaxtsa BMT Baş Məclisində Dağlıq Qarabağla bağlı səsvermədə özünü Azərbaycanın xeyrinə göstərə bilər.    

*****

Ötən həftənin Qarabağ məsələsinə bu və ya digər dərəcədə təsir edən mühüm hadisələrindən biri də Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri oldu. Aydındır ki, Rusiya-Türkiyə yaxınlaşması Ermənistanın maraqlarına cavab vermir, Dağlıq Qarabağla bağlı ermənilərin planlarını pozur. Təsadüfi deyil ki, Putinin Türkiyə ziyarəti işğalçı ölkədə o saat narahatlıq yaradıb, ermənilərin kefinə "soğan doğrayıb".

"Putinin Türkiyəyə səfəri İrəvanda narahatlıqla qarşılanıb, çünki Moskva və Ankaranın birliyi heç cür İrəvana sərf etmir. Əksinə, ermənilər Türkiyə ilə Rusiya və Avropa ölkələri arasında gərginliyin artmasından özləri üçün qazanc götürürlər. Çünki ermənilərin Türkiyə və Azərbaycana qarşı iddiaları var". Bu sözləri politoloq, deputat Rasim Musabəyov deyib (Axar.az).

Politoloq səfər çərçivəsində baş tutan Türkiyə-Rusiya-İran üçlü formatının Qarabağ məsələsi kontekstində gələcək perspektivlərinə də toxunub. "Bu üç ölkə arasında yaxınlaşma varsa, demək, tərəflər bölgədə sabitliyin olmasında maraqlıdır. Sabitliyi pozan ermənilərin iddialarıdır. Hər üç ölkə müharibə risklərinin aradan götürülməsi və ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməsi barədə qərar verərsə, ermənilərin o zaman qaçmağa yeri olmayacaq. Ancaq fərqli qərar Azərbaycanın səbir kasasını daşıra bilər", - deyə o əlavə edib.

Karabakh minval.az ile ilgili görsel sonucu

*****

Əlbəttə ki, üçlü formatda da həlledici söz Ermənistanın əsas müttəfiqi Rusiyaya məxsusdur. Bir sıra analitiklərə görə, hələlik Türkiyə başqa daha ciddi problemlərlə məşğul olduğundan, Rusiya ilə münasibətlərdə Qarabağ mövzusunu bütün ciddiliyi ilə gündəmə gətirmək istəmir. Ancaq günün birində bunun da şahidi ola bilərik. Əksər mübahisəli məsələlərdə anlaşa bilən Ankara və Moskva niyə də Qarabağ, Güney Qafqazla bağlı da ortaq məxrəcə gəlməsin? Üstəlik, Kreml bilə-bilə ki, problemin uzanması böyük müharibəni labüd edir - hansı ki, Rusiyaya qətiyyən əl vermir, həmçinin, strateji tərəfdaşa çevrilmiş Türkiyə ilə üz-üzə gəlmə riskinə görə.

Sülh danışıqlarında isə durğunluq davam edir. Doğrudur, bunun bir səbəbi Azərbaycan, Rusiya və Ermənistandakı seçkilər göstərilir. Lakin cəmi bir neçə gündən sonra Azərbaycan və Ermənistan da seçki zolağından tam çıxacaq. O zaman hərb, yoxsa sülh dilemması daha ciddi şəkildə siyasi gündəmə qayıtmış olacaq. Nəzərə alsaq ki, döyüş əməliyyatları üçün ən əlverişli sayılan yaz-yay mövsümü də başlayır, o zaman diplomat və siyasətçilərin qayğısının daha da artdığını qeyd eləmək olar.       

Maraqlıdır ki, məhz bu arada ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı açıqlama yayıb. "Biz ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə keçiriləcək".

Təşkilata sədrlik edən İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli belə deyib. O bildirib ki, Ermənistanda bu yaxınlarda yeni dövlət başçısı seçilib, Azərbaycanda isə bir neçə gündən sonra seçkilər keçiriləcək: "Ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə baş tutacaq. Biz qəbul edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüşlərdə irəliyə doğru addımlar atılıb. Bu görüşlər zamanı kompromis üçün daha uyğun mühit yaratmağa gətirib çıxaran daha dərin qarşılıqlı etimadın toxumları əkilib".

Karabakh minval.az ile ilgili görsel sonucu

Mətbuat katibi ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və araşdırma mexanizmlərinin işə salınması ilə bağlı iki dövlət başçısı arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlı isə deyib ki, məsələ ilə bağlı müzakirələr davam edir: "Danışıqlarda müsbət irəliləyiş ATƏT qərarlarından deyil, daha çox iki tərəfin iradəsindən asılıdır. Ermənistan və Azərbaycan sülh prosesinin sürətləndirilməsi barədə razılığa gəldikdə, Krakovda əldə edilmiş razılaşma davamlı həllini tapacaq".

*****

Ancaq məsələ ondadır ki, belə şablon yanaşmalarla, prezidentlərin daha bir növbətçi görüşünə nail olmaqla  Qarabağ məsələsində dönüş yaratmaq mümkün deyil. Çünki Ermənistandan asılı çox az şey var, işğalçı ölkə Qarabağ məsələsində öz iradəsinin sahibi deyil, Rusiyanın ağzına baxır. Rusiya isə hələ ki, sülh danışıqlarında real dönüş üçün diplomatik həmləyə hazır görünmür.

Ancaq Kreml buna məcburdur. Çünki böyük sülhə ayrılan "taym-aut" dövrü artıq bitməkdədir. Seçkilərdən sonra da nizamlama prosesinin, status-kvonun süni şəkildə uzadılması hərb variantını heç vaxt olmadığı qədər gündəmə gətirəcək. Demək, siyasilər və diplomatlar üçün daha gərgin dönəm başlayır... 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31