Rus generalları Xəzərdə “qan-qan” deyir, XİN isə susur
6 Aprel 2018 10:18 SiyasətXəzər donanmasının bazasının Həştərxandan Dağıstana köçürülməsi qərarının ardınca rus generallar ikibaşlı bəyanatlar verir; Azərbaycan XİN isə sanki Xəzərin sahilində yerləşmir....
Xəzərin statusu ilə bağlı müzakirələrin aktiv fazaya qədəm qoyduğu bir vaxtda Rusiya donanmasının dənizdə gücləndirilməsi qərarı ciddi müzakirə mövzusu olub.
Xəbər verdiyimiz kimi, aprelin 2-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspiysk şəhərinə köçürüləcəyini rəsmən elan edib. "Donanmada zabitlərimizin və hərbi qulluqçularımızın sayı dəfələrlə artırılacaq" - Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə zamanı belə deyib.
Rusiya Hərbi Dəniz Donanmasının keçmiş qərargah rəisi, admiral Viktor Kravçenkonun açıqlaması isə rəsmi Moskvanın planlarına daha dəqiq işıq salıb. "Bizim Xəzərdə güclü yumruğumuz olacaq. Bütün qüvvələr bir yerdə cəmləşəcək və donanma hava şəraitindən asılı olmayacaq" deyə, admiral bildirib.
Rusiyanın Xəzərdə donanmasını gücləndirməsi qərarı əlbəttə ki, Xəzəryanı dövlətlər, o cümlədən rəsmi Bakı üçün arzuedilən deyil. "Xəzəryanı neft dövlətlərinə tərəf Rusiyaya dost olmayan dövlətlər tez-tez "sürüşür". Həmin ölkələrdən olan Azərbaycana eyham vurmağa başlayıblar: bizimlə dost olun, əgər neft rayonlarının bölüşdürülməsi məsələsi qalxsa sizə kömək edəcəyik. Belə plan üzrə perspektiv toqquşma təhdidi bizim baş qərargah tərəfindən də nəzərə alınır".
Bu sözləri "Komsomolskaya Pravda" qəzetinin hərbi şərhçisi, polkovnik Yuri Baranets Xəzər donanmasının bazasının Kaspiysk şəhərinə köçürülməsini şərh edərkən deyib.
Polkovnik Baranets deyir ki, bazanın yerinin dəyişdirilməsi donanmaya daha çevik olmağa, ilin istənilən fəsillərində qarşıya qoyulmuş vəzifəni operativ yerinə yetirməyə imkan verəcək.
"Nə Kreml, nə Müdafiə Nazirliyi gizlətmir ki, cənub istiqamətindən də təhdidlər var. Bu, bir sıra amillərlə əlaqəlidir. Xəzər rayonu perspektivdə, hətta indi energetika resursları uğrunda ümumdünya savaşı zonasına çevrilir. O cümlədən Suriyada əzilmiş terrorçu qüvvələr də bu regiona can atır. Hələ mən sizə neft qaçaqmalçılığı haqda demirəm..." - Baranets riafan.ru-ya bildirib.
Hərbi ekspert deyib ki, Xəzər təbii sərvətlər baxımından hələ də bölünməmiş dəniz olaraq qalır. Ona görə də onun ehtiyatlarının bölünməsi uğrunda mübarizə davam edəcək. "Rusiya bunu görür və istənilən vəziyyətə operativ reaksiya vermək üçün Xəzər donanması sahildən sürətlə aralanmaq və qarşıya qoyulmuş vəzifəni yerinə yetirmək imkanında olmalıdır" - Yuru Baranets deyib.
Ehtiyatda olan podpolkovnik Üzeyir Cəfərov "Turan"ın bu barədə sorğusuna cavab olaraq deyib ki, Azərbaycan hər cür hazırlaşmalıdır. "Bir 5-10 il sonra Xəzərdə Xəzəryanı ölkələrin maraqlarının çox böyük toqquşması olacaq. Təsadüfi deyil ki, Rusiya ilə yanaşı, Qazaxıstan və neytral Türkmənistan da tələsik şəkildə HDQ-lərini gücləndirirlər. Rusiya Xəzərlə bağlı uzaq gələcəyə yönəlmiş planlarını həyata keçirir. O, Xəzərdə ən güclü olmağa və bunun üçün öz statusunu təsbit etməyə çalışır. Kreml Xəzər hərbi donanmasının inkişafına böyük maliyyə vəsaiti yatıracaq. Moskvada bilirlər ki, gec, ya tez Xəzəryanı ölkələr arasında Xəzərdə liderlik uğrunda güclü mübarizə olacaq. Burada iqtisadi və siyasi məsələlər də təhlükəsizlik probleminə qarışıb. Rusiya rəhbərliyi vaxt udmaq istəyir və onlar nə etdiklərini bilirlər. Azərbaycan üçün təhlükəyə gəlincə, RF SQ-nin olduğu hər yerdə həmişə gərgin vəziyyət olub və olacaq. Gələcəkdə bizi təkcə quru sərhədlərinin möhkəmləndirilməsi qayğısı gözləmir, həm də ölkənin dəniz gücü barədə ciddi şəkildə düşünmək lazım gələcək" - deyə Ü.Cəfərov əlavə edib.
Hərbi ekspert, sabiq korpus komandiri Şair Ramaldanov isə Azərbaycan üçün təhdid görmür: "Rusiya bizim strateji tərəfdaşımızdır, çox yaxşı münasibətlərimiz var. Rusiyanın Xəzərdə öz maraqları var. Bizim münasibətlərimiz ümumilikdə müsbətdir. Biz Qafqazda əsas silah alıcısıyıq, birgə energetika layihələrimiz var, buna görə Bazanın Həştərxandan Kaspiyskə köçürülməsini Azərbaycan üçün təhdid kimi qiymətləndirməzdim. Rusiya ilə münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək".
Maraqlıdır ki, Rusiya generalları bir-birinin ardınca Xəzərdə "qan-qan" dediyi bir vaxtda Azərbaycan XİN məsələyə reaksiya vermir, susqunluğunu saxlamağa üstünlük verir. Sanki XİN Xəzərin sahilində yerləşmir....