Politoloq: "Azərbaycan regionundakı həqiqətləri 120 ölkəyə çatdırmaq imkanı əldə etdi"
“Qoşulmama Hərəkatı hər hansı bir bloka, yaxud hərbi siyasi qruplaşmaya daxil olmayan ölkələrin birliyidir”. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
5 Aprel 2018 16:28 Siyasət"Qoşulmama Hərəkatı hər hansı bir bloka, yaxud hərbi siyasi qruplaşmaya daxil olmayan ölkələrin birliyidir". Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir: "Yəni, dünya dövlətlərinin böyük əksəriyyəti burada cəmlənib. Azərbaycan bu birliyə daxil olması ilə öz regionundakı problemlərlə bağlı həqiqətləri 120 ölkəyə çatdırmaqda böyük üstünlüklər əldə etdi. Bunun nəticəsidir ki, Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən bu dövlətlərin hamısı ölkəmizə səs verdi. Bunların içərisində xeyli sayda müsəlman ölkələri də var. İndi Azərbaycan yeni bir uğura imza atmaq ərəfəsindədir. Qoşulmama Hərəkatının ofis mərkəzi bir neçə illiyinə Bakı şəhərinə köçürüləcək".
"Sentyabr ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Sammiti keçiriləcək", - deyən politoloq əlavə edib ki, hazırda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin görüşü keçirilir: "Bu görüşdə Qoşulmama Hərəkatının bugünki vəziyyəti təhlil ediləcək. Azərbaycan çox böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Eyni zamanda, ev sahibliyi edərkən Qoşulmama Hərəkatının sədri seçiləcək və 5 il Azərbaycan Qoşulmama Hərəkatının sədri olacaq. Bu, Azərbaycanın həm xarici siyasətində, həm də beynəlxalq münasibətlərdə rolunun artması baxımında çox böyük əhəmiyyətə malik olacaq". Azadinform.az