Rusiyaya qarşı Avropanın yeni təzyiq metodları
Rusiya Qərbin yeni təzyiqləri ilə üz-üzə qalıb. Krım böhranından bu yana iqtisadi sanksiyalarla Moskvanı çökdürə bilməyən Qərb indi də diplomat oyunu ilə Rusiyaya qarşı amansız mübarizəyə start verib.
5 Aprel 2018 14:28 SiyasətVə ya Tramp Avropa dövlətlərinin onun barmağının işarəsi ilə idarə olunduğunu öz xalqına nümayiş etdirir
Rusiya Qərbin yeni təzyiqləri ilə üz-üzə qalıb. Krım böhranından bu yana iqtisadi sanksiyalarla Moskvanı çökdürə bilməyən Qərb indi də diplomat oyunu ilə Rusiyaya qarşı amansız mübarizəyə start verib. Qərb ölklərinin əksəriyyətinin Rusiya diplomatlarını ərazisindən çıxarması Moskvaya qarşı başlanan mübarizənin tərkib hissəsi sayıla bilər. Rusiyaya qarşı aparılan kampaniya ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu da özünün ənənəvi mətbuat konfransında bildirib ki, Rusiya Federasiyasına qarşı Qərbin yeni hücum kampaniyası başlayı. O, bildirib ki, bir müddət əvvəl Britaniya tərəfinə keçmiş Rusiya kəşfiyyatçısı Skripal qızı ilə birlikdə zəhərləndi. Londonun fikrincə, zəhər Rusiyaya məxsusdur: "Bu barədə vaxtilə bu kimyəvi silahın hazırlanmasında iştirakını iddia edən milliyyətcə erməni V.Mirzəyanovun şahidliyi təsirli rol oynadı. Sonradan Rusiya Müdafiə Nazirliyinin müvafiq strukturları real vəziyyəti ortalığa qoydular. Rusiyanın Skripalı öldürmək motivasiyası var. Rusiyaya xəyanət edib. Xüsusi Xidmət Orqanları belə xəyanəti bağışlamır. Amma bunu məhz prezident seçkiləri günü ərəfəsində etməsi şübhə yaradır. Eləcə də Böyük Britaniya tərəfi Rusiyanın əməkdaşlıq təklifini birmənalı şəkildə rədd edir. Az keçmiş Böyük Britaniya baş naziri T.Mey kəskin addımlar atacağını bildirdi və müttəfiq dövlətləri dəstək verməyə çağırdı. Onun bu çağırışı ciddi effekt yaratmadı. Çünki Ağ Ev bu məsələdə ehtiyatlı mövqe tutmuşdu. Bir müddət sonra isə prezident Donald Trampın şəxsi mövqeyi bəlli oldu. Avropa dövlətlərinin əksəriyyəti Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək Rusiya diplomatlarını ölkədən çıxarmağa başladılar. Donald Trampın çağırışına soyuq yanaşan bəzi dövlət başçıları ilə Ağ Ev rəhbəri şəxsən telefonla danışdı və müraciətini daha publik şəkildə etdi. Fransa prezidenti, E.Makron, Almaniya kansleri A.Merkel, Kanadanın baş naziri C.Tryudo və Türkiyə prezidenti R.T.Ərdoğanla telefonla danışdı. NATO çərçivəsində həmrəyliyi xüsusi vurğulamaqla D.Tramp R.T.Ərdoğanı Rusiya diplomatlarını qovmağa çağırdı". Türkiyənin Ağ Ev rəhbərinin istəyinə adekvat reaksiya verməməsinə gəlincə, SİTM rəhbəri hesab edir ki, Ərdoğanın Trampın istəyindən imtina etdiyini başa düşmək çətin deyil. Çünki ABŞ dərhal Suriyanın Mənbic şəhərinə əlavə qüvvələr yeritməklə bağlı niyyətini açıqladı: "Rəcəb Tayyib Ərdoğan Rusiyaya qarşı heç bir addım atmayacağını bildirdi. Beləliklə, Skripal işinin arxasında D.Trampın dayandığını iddia etməyə kifayət qədər əsaslar yarandı. Əvvəla bu çox şəxsi səbəb ola bilər. Amerikalı xanım, jurnalist Meqan Kelli Rusiya prezidenti V.Putinlə müsahibəsindən sonra özü diqqət çəkən açıqlama verdi: Fikirləşirəm ki, çox böyük ehtimalla Putin Tramp haqqında hansısa şeyləri bilir və Tramp bu şeylər haqqında publik danışmaq istəmir. Ehtimal ki, D.Tramp bu açıqlamanın təsiri altında vəziyyəti gərginləşdirib ki, Putində Tramp əleyhinə nəsə bir şey varsa açıqlasın. İkinci səbəb daha çox ehtimallıdır. Tramp Avropa dövlətlərinin onun barmağının işarəsi ilə idarə olunduğunu öz xalqına nümayiş etdirir. Amerikada bəzilərinin fikrincə, Trampın apardığı siyasət ABŞ-ın ənənəvi müttəfiqlərindən məhrum edib. Tramp isə bunun belə olmadığını sübut etdi. Bu sübutun imic, siyasi və hərbi baxımdan ABŞ-a və onun mövqeyini dəstəkləyən dövlətlərə neçəyə başa gələcəyini yalnız gələcək göstərəcəkdir. Avropa dövlətləri real vəziyyətləri bildirdikləri halda ABŞ-ın dalınca getməyə məcbur oldular. Kəşfiyyatçı Skripalın qızı Y.Skripal xəstəxanada özünə gəldi. O, RF vətəndaşı olsa da Böyük Britaniya Rusiya tərəfinin öz vətəndaşına konsul xidməti göstərməsinə imkan vermir". Mübariz Əhmədoğlu Rusiya-Ermənistan münasibətlərinə də diqqət çəkib və bildirib ki, Rusiyanın Ermənistana münasibətində narahat aktivlik var: "Rusiya Federasiya Şurasının komitə sədri K.Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdə oldu. Ermənistan-Rusiya parlamentlərarası komissiyasının iclas məkanı son anda Rusiya tərəfinin tələbi ilə dəyişdirildi və iclas qapalı keçirildi. Yayılmış məlumata görə Rusiya Ermənistandan xarici siyasət məsələlərində vahid mövqe nümayiş etdirməyi tələb edir. Başqa sözlə Rusiyanın fikrincə, Ermənistan mexaniki olaraq onun mövqeyini dəstəkləməlidir: Əgər Rusiya və Ermənistan müttəfiqdirlərsə, ABŞ Rusiyanın düşmənidirsə, o zaman Ermənistan da ABŞ-a qarşı düşmən mövqedə dayanmalıdır. K.Kosaçev keçirdiyi mətbuat konfransında iki ölkə arasında həll edilməmiş məsələlərin olduğunu bildirdi və bunun Ermənistan üçün diskriminasiya xarakterli olmadığını bildirdi. K.Kosaçevə görə Ermənistan həqiqətən Rusiyanın strateji müttəfiqidir və bu mövqedə Rusiya cəmiyyəti ilə Rusiyanın yüksək rəhbərliyi arasında konsensus mövcuddur. Misal olaraq o Ermənistanla Rusiya arasındakı parlamentlərarası dialoq formatının Azərbaycanla mövcud olmadığını bildirdi. RF və Ermənistan arasında parlamentlərarası əlaqələrdə 7 müstəvi fəaliyyət göstərir. K.Kosaçev prezident və baş nazir seçkilərini Ermənistan respublikasının suveren seçimi olduğunu bildirdi. Rusiya Ermənistanın seçiminə hörmətlə yanaşır. Ermənistan prezidenti K.Kosaçevi qəbul etdi. Münhendə birgə panel iclasında iştiraklarını xatırladı. Ünvanına səsləndirdiyi yaxşı fikirlərə görə K.Kosaçevə minnətdarlığını bildirdi. Amma Serj Sərkisyan Rusiyanı Ermənistan üçün müstəsna müttəfiq adlandırmadı. Sərkisyanın fikrincə, "Ermənistan regionda vacib rol oynayan bütün inteqrasiya birlikləri ilə konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi arzulayır". Rusiya-Ermənistan münasibətləri Ermənistanın xarici siyasətinin prioritetlərindən biridir". SİTM rəhbərinin sözlərinə görə, K.Kosaçevin missiyası görünür, istənilən nəticəni vermədiyi üçün çox keçmədən Rusiya Dövlət Dumasının nümayəndə heyəti göndərildi: "Nümayəndə heyətinə Dövlət Dumasının MDB işləri üzrə... komitəsinin sədr müavini Viktor Vodolazski başçılıq etsə də, son anda Rusiya tərəfdən K.Zatulin "birinci skripka"da oldu. O, Ermənistanı narahat edən suallara cavab verərək Rusiyanın aprel döyüşlərindən nəticə çıxardığını, Azərbaycana silah satışını azaltdığını, satdığı silahların bir qisminin köhnə tipli olduğunu, əvəzində Ermənistana ən müasir silahlar verdiyini bildirdi. Buna bənzər fikirləri K.Kosaçevin də bir az əvvəl deməsi bu fikrlərin Kremlə məxsusluğunu göstərir. Ola bilər, Kremlin konkret zamanla bağlı gözlədiyi nəticə var və buna görə də Kreml belə fikriləri dövriyyəyə buraxdı. K.Zatulin Ermənistanı Rusiyanın forpostu, Ermənistanı Rusiyanın bu regiondakı "İsraili" adlandırdı. K.Zatulin S.Sərkisyanın ünvanına bəzi qızıl ruletka haqqında "yaxşı" fikirlər səsləndirməklə, onu Rusiyanın rolunu dərk etməyə çağırdı".
Məhəmməd