Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirildi

Bu gün Park İnn otelinin Dan Ulduzu zalında 31 mart Azərbaycan soyqırımı gününə həsr olunmuş anım mərasiminə və professor Əmir Əliyevin müəllifi olduğu "Azərbaycan beynəlxalq cinayətlər hədəfndə: hüquqi təhlil" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbir soyqırım qurbanlarının xatirəsini yad etməklə başlanıb. Daha sonra çıxış edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), professor Elmira Süleymanova artıq 100 ildən çoxdur ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətindən danışdı. O, bu soyqırım siyasətinin tanınması istiqamətində dövlətimizin beynəlxalq ictimaiyyət və təşkilatlar qarşısında keçirdiyi mühüm tədbirləri yada saldı.

Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə tutduğu yola toxunan E.Süleymanova eyni zamanda Ermənistanın şər siyasətinə qarşı dövlətin gördüyü işlərə də toxundu. Onun sözlərinə görə, azərbaycanlıların soyqırımının dünyaya çatdırılması baxımdan kitabların yazılması vacibdir. Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər planı ilə bağlı prezident İlham Əliyevin sərəncam verdiyini yada salan ombudsman Əmir Əliyevin təqdimatı keçirilən "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil" kitabı barədə də danışdı. Bu kitabın azərbaycanlıların soyqırımı, beynəlxalq cinayət, təcavüz cinayətinin detalları ilə bağlı əhatəli vəsait olduğunu vurğulayan ombudsman dedi ki, belə mənbələrin çoxluğu sözügedən faktın dünyaya çatdırılması baxımdan olduqca əhəmiyyətlidir: "Kitabın 5 dilə tərcümə edilməsi bu faktların dünya ölkələri arasında yayılması baxımdan olduqca əhəmiyyətlidir. Kitab Azərbaycan, fransız, ingilis, rus və türk dillərinə tərcümə edilib".

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayev də çıxışında kitabın nəşrinin bu günə təsadüf etməsinin böyük hadisə olduğunu deyib: "Azərbaycan hüquq ictimaiyyəti üçün bu tarix olduqca əhəmiyyətlidir. Azərbaycanlıların soyqırımı günü 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən fərmanla qeyd edilib. Amma azərbaycanlılar hər zaman vəhşiliklərə, hüquq pozuntularına məruz qalıb. Amma 1998-ci ildə qəbul edilən fərman hüquqi cəhətdən beynəlxalq aləmə uca səsimizi çatdırmağımız idi. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən soyqırımın 100 illiyinin qeyd olunması bəşəri, elmi, insani və tarixi baxımdan nəzər salmağımıza imkan verir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri, professor Hicran Hüseynova bildirdi ki, zamanında beynəlxalq tədbirlərdə iştirak edərkən, azərbaycanlıların soyqırımı ilə bağlı elmi vəsait, kitablar baxımdan əksiklik yaşayırdılar. O, dövlətin siyasəti nəticəsində daha sonradan təbliğat vasitələrinin artırılması sahəsində irəliləyiş olduğunu dedi: "Sual verilə bilər ki, bu vaxta qədər belə ədəbiyyatlar niyə sayca az idi? Neçə illərdir ki, Azərbaycan informasiya blokadasında yaşayırdı. Zaman keçdikcə prezidentimizin düzgün, güclü siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə gücünü o qədər artırdı ki, artıq bizim səsimizi də eşidirlər".

Aprel döyüşlərinin dünyaya Azərbaycanın gücünü göstərdiyini deyən H.Hüseynona Azərbaycan-Ermənistan munaqişəsi ilə bağlı elmi araşdırmalara ehtiyac duyulduğunu vurğuladı. Xüsusən də beynəlxalq səviyyədə əsərlərin vacibliyinə toxunan çıxışçı Ə.Əliyevin kitabının xarici kitabxanalara çatdırılması, onun dünyada yayılması üçün lazımi tədbirlərin görülməli olduğunu bildirdi.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə çıxışında bildirdi ki, Ə.Əliyev öz kitabında Azərbaycan xalqının başına gələn bu faicəni ümumiləşdirib, və hüquq müstəvisində təhlil edib. Onun sözlərinə görə, yüzilliklər boyunca, azərbaycanlılar müxtəlif formada ermənilərin hücumna, təcavüzünə məruz qalıb: "Ermənilər mənfur xasiyyətlərini tərgitməyərək fürsət axtarırlar ki, Azərbaycan ərazilərini erməniləşdirsinlər. Bu tarixi müzakirələr, elm adamlarının araşdırmaları tarixi gerçəkliklərin unudulmaması üçün dəyərli faktlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31