Ölkədə sabitliyi Azərbaycan iqtidarı qoruyur

Martın 30 –da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Təhqir və söyüş kampaniyasına qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü ən sərt və kəskin qınaq nümayiş etdirməlidir

Martın 30 -da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezideninin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və ölkənin aparıcı media kapitanları iştirak edib. Tədbiri giriş sözü ilə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq media kapitanlarının "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda təkliflərini və düşüncələrini bölüşmələrinə şərait yaratdı.

Tədbirdə çıxış edən  millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, ancaq söyüş və təhqir azadlığının qarşısı alınmalıdır.

O əlavə edib ki, Azərbaycandan kənara çıxan bəzi insanlar ölkəmizə qarşı çirkin kampaniyaya qoşulurlar, təhqir və böhtan yağdırırlar: "Xaricdə olan soydaşlarımız Azərbaycanın haqlı mübarizəsinə dəstək verir, ancaq bəziləri çirkin yolu seçir... Azərbaycan 20 mindən çox şəhid verib. Kim xaricdə Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək vermirsə, o, Azərbaycanın düşmənidir".

Bəxtiyar Sadıqov vurğuladı ki, mübarizə aparanda da şərəflə aparmaq lazımdır: "Mübarizə aparırsansa, siyasi mübarizə apar, lakin əgər sən söyüş söyürsənsə, deməli, sənin əlində arqumentin yoxdur, mübarizə aparmaq gücün yoxdur. Bu gün bütün jurnalistlər Azərbaycan dövlətinə qarşı bu cür şərəfsiz mübarizə aparanlara qarşı birləşməlidir və bu mübarizədən heç kim kənarda qalmamalıdır".

"Ədalət" qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas qeyd etdi ki, xarici ölkələrdəki səfirlərimiz bu təhqirlərə cavab verməlidirlər. "Biz hansısa xarici ölkə rəhbərinə qarşı danışsaq, adamın ciyərini çıxararlar. Lakin bu gün onlar Azərbaycan hakimiyyətini rahatca təhqir edirlər. Hesab edirəm ki, xaricdəki səfirlərimiz bu təhqirlərə qarşı ciddi addım atmalıdırlar. Fransada "erməni soyqırımı olmayıb" deyənlər cərimələnib, həbs edilir. Hazırda ölkədə ilana ağı verənin, terrora çağırış edənin kim olduğunu polis müəyyənləşdirməlidir. Bu gün Azərbaycan cəmiyyəti, jurnalistlər və ziyalılar söyüş kampaniyasından istifadə edənlərə tutarlı cavablar verirlər. Hesab edirəm ki, belə adamlara qarşı mübarizəmizi davam etdirməliyik".

"Sosial şəbəkələrdə söyüş kampaniyasının əsas məqsədi Azərbaycan cəmiyyətində parçalanma, qarşıdurma yaratmaqdır: "Bunlar dayanmaq niyyətində deyillər. Bizim övladlarımız bu gün internet istifadəçiləridir. Ona görə də təklif edirəm ki, onlayn media dərsi orta məktəblərdə tədris olunsun. Buna ehtiyac var. Eyni zamanda xaricdə və ölkə daxilində Azərbaycanın maraqlarını müdafiə edən qüvvələr bir araya gətirilməlidir. Bunun üçün vətəndaş cəmiyyəti platforması yaradıla bilər". Bu  fikirləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı səsləndirdi.

Azərbaycan Televiziyasının informasiya proqramları studiyasının baş direktoru Faiq Hüsüyev çıxışı zamanı vurğuladı ki, taleyüklü məqamlarda cəmiyyətin bütün üzvləri birləşərək yekdil mövqedən çıxış etməlidirlər. Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar ölkəmiz haqqında söyüş və təhqirlər yağdıraraq nəyəsə nail ola biləcəklərini düşünürlər. Faiq Hüsüyev ziyalıların və jurnalistlərin belə şəxslərə qarşı fəal mübarizə aparmalarının, bu cür halların qarşısının alınması üçün ictimai qınağın təşkil edilməsinin vacibliyini vurğulayıb.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu hallara qarşı Azərbaycanın hər bir ziyalısı mübarizə aparmalıdır. "Bu gün xaricdə yaşayan şəxslər milli-mənəvi dəyərlərin təhqiri üsuluna əl atıblar. Bəlkə də bu dövr sosial şəbəkə tariximizdə ən pis dövrdür. Həm ziyalı, həm də mədəniyyət, incəsənət nümayəndələrinə müraciət edərək bildirmək istəyirəm ki, onlara qarşı öz sözümüzü deyək, mövqeyimizi ortaya qoyaq, onlara layiqli cavabı verək".

"Gününsəsi.info" saytının baş redaktoru Pərviz Həşimli Azərbaycana qarşı böhtan və şər xarakterli təhqiredici fikirlər səsləndirən belə şəxslərin mühüm ictimai-siyasi hadisələr ərəfəsində fəallaşdıqlarını qeyd edib. O, cəmiyyətin bütün üzvlərinin onların bu hərəkətlərinə qarşı sərt mövqedən çıxış etmələrinin vacibliyini bildirib.

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili çıxışı zamanı qeyd etdi ki, xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmiz əleyhinə apardıqları təhqir və söyüş kampaniyasına qarşı Azərbaycan cəmiyyətinin hər bir üzvü ən sərt və kəskin qınaq nümayiş etdirməlidir.

Daha sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğuladı ki, ölkəmizə, hakimiyyətə qarşı yönəlmiş təhqirlər, çıxışlar dövlətimizi və dövlətçiliyimizi məhv etməyə yönəlib.

"Hər birimiz birmənalı şəkildə dövləti və dövlətçiliyi qorumalıyıq. Onlar küçə təfəkkürünə malik insanlardır ki, erməni və ermənipərəst qüvvələrin alətinə çevriliblər. Bu gün sosial şəbəkədən hər kəs istifadə edir, heç kim buna qarşı çıxmır. Lakin hesab edirəm ki, burada bir məsuliyyət, müəyyən çərçivə olmalıdır".

Millət vəkili Elşən Musayev  qeyd etdi ki, bu gün hakimiyyəti təhqir edən həmin şəxslər özlərini azərbaycanlı hesab etmirlər. Azərbaycan əleyhinə Avropada hər hansı qərar qəbul ediləndə onu sevinclə qarşılayırlar. "Mən dəfələrlə Avropa ölkələrində Azərbaycanı təmsil edərkən onların bu davranışlarının şahidi olmuşam. Bəziləri hesab edir ki, bu hakimiyyətlə cəmiyyət davası deyil, bu qaragüruhla elitanın davasıdır. Hər birimiz bu hallara qarşı mövqe ortaya qoymalıyıq".

"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov xarici ölkələrə sığınan bəzi azərbaycanlıların xalqımıza qarşı mənfi mövqe tutmalarının, böhtan, təhqir yağdırmalarının cəmiyyətin hər bir üzvünün sərt narazılığına səbəb olduğunu bildirib. Hüquq mühafizə orqanları belə şəxslərə qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görməli, İnterpola müraciət etməlidirlər. Həsən Həsənov təəssüflə bildirib ki, öz xalqı və dövləti əleyhinə təhqirlər səsləndirən belə azərbaycanlılar xalqımıza qarşı soyqırımları törətmiş erməni liderləri barədə etiraz bildirməyiblər.

"Bakinski raboçi" qəzetinin və "1news.az" saytının baş redaktoru Rəhman Hacıyev həmin şəxslərin müəyyən qüvvələrin sifarişlərini yerinə yetirdiklərini bildirib. Azərbaycan dövlətinin internetdən istifadəyə son dərəcə liberal davrandığını vurğulayan Rəhman Hacıyev bildirdi ki, son zamanlar bəzi dövlətlər tərəfindən sosial şəbəkələrdəki məlumatlardan müəyyən təsir və təzyiq vasitəsi kimi istifadə olunur. Buna görə də sosial şəbəkələrdən və internetdən istifadəyə nəzarət gücləndirilməlidir.

"Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı bildirib ki, baş vermiş hadisədən çox, bundan sonra nələr edəcəyimiz haqqında düşünməliyik. "Təmsil etdiyim media qrupda söyüş videolarına qarşı mübarizə aparırıq, Yutub sosial şəbəkəsinin rəhbərliyinə məktublar göndəririk. Lakin bizə verilən cavabda silinməyin mümkün olmadığını bildirdilər. Səbəb isə həmin videolara baxış sayının çox olması və bəyənmə sayı ilə bağlıdır. Hesab edirəm ki, bizim gənclərimiz həmin videolarda "bəyənməmə" imkanından istifadə edərək silinmələri məsələsində dəstək ola bilərlər. Hər dəfə biz xaricdə yaşayan şəxsləri mühacir kimi təqdim edirik. Düşünürəm ki, bir neçə psixoloji pozuntusu olan şəxsi, söyüşcül ünsürləri mühacir adlandırmağımız bu həyatı yaşayaraq ictimai fikrimizdə, tariximizdə iz qoyanların ruhuna təhqir olardı".

A.Camalqızı millət vəkillərinin bu mövzuya münasibət sərgiləməkdən çıkindiyini bildirib:

"Milli Məclisin 125 deputatının çox az qismi bu hallara münasibət bildirir, onların çoxu telefonlarını söndürür, yoxa çıxır. Yeni Azərbaycan Partiyasını təmsil edən 70-dən çox deputat, bu partiyada təmsil olunan gənclər fəal olmalıdırlar. Bu söyüşlərdə hədəf Azərbaycan dövlətidir, ona görə də hər birimiz diqqətli və həssas olmalıyıq".

"Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışı zamanı  Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr artıq özümüzünkülərdən istifadə edirlər.

"Bu təhlükəni dəf etmək üçün ictimai müqavimət göstərməliyik. Bu gün Azərbaycanda olan rahatlıq Türkiyədə, Rusiyada, İranda, heç Avropada da yoxdur. Dövlətdə stabillik olması birinci şərtdir. Azərbaycan Prezidenti, onun köməkçisi sosial şəbəkədən istifadə edir. Belə bir vəziyyətdə sosial şəbəkələri məhdudlaşdırmaq kimi çağırışlar yanlış yanaşmadır.

Bu gün islam ölkələrində ciddi münaqişə ocaqları yaradanlara fürsət vermiş olur. Bütün bu proseslərdən sonra Azərbaycanda seçkilərin vaxtının nə üçün dəyişməsini daha yaxşı anlamış oluruq. Demək ki, dövlətdə məlumat olub ki, seçkilərin vaxtını önə çəkib. Bu Türkiyədə 15 iyul çevrilişinin deşifrə olunmasına bənzəyir. İndi onların zamanları yoxdur. Seçkilərin vaxtı dəyişməsə idi, bu proses payıza qədər davam edəcəkdi. Bu gün ölkəmizdə sabitliyi qoruyan komanda olmasa, Azərbaycan üçün təhlükə yarana bilər. Həmin sabitliyi qoruyan tərəf isə Azərbaycan iqtidarıdır."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31