Ruhaninin Bakıya gətirdiyi əsas mesajlar
30 Mart 2018 10:02 Siyasətİran prezidentinin Bakı səfəri iki ölkə arasında daha dərin əməkdaşlıq razılaşmaları ilə yadda qaldı...
Xəbər verdiyimiz kimi, martın 28-29-da İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edib. İki günlük səfəri zamanı Ruhani Azərbaycan dövlət başçısı ilə təkbətək və heyətlərin iştirakı ilə görüşüb, eləcə də hər iki prezident martın 29-da keçirilən biznes forumda iştirak ediblər.
İran prezidentinin səfəri yüksək səviyyədə keçib, tərəflər qarşılıqlı dəstək və əməkdaşlıq mesajları veriblər. Azərbaycan prezidenti heyətlər arasında görüş zamanı iranlı həmkarının səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Son 4 ildə Həsən Ruhani ilə 10 dəfə görüşdüyünü xatırladan ölkə başçısı bu illər ərzində İran-Azərbaycan əlaqələrinin ən yüksək zirvəyə çatdığını qeyd edib. Sitat: "Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur".
Azərbaycan prezidenti deyib ki, İranla imzalanacaq sənədlər iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq. Prezident deyib ki, imzalanan sənədlər Xəzər dənizində birgə işi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur: "Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda biz dünən cənab prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb".

İran prezidenti də Azərbaycan prezidentinin jestlərini cavabsız qoymayıb. İlham Əliyevlə görüşü zamanı Ruhani deyib ki, "biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik".
Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini vurğulayıb, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumunun əhəmiyyətindən danışıb, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirib.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Həsən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyinə əminliyini ifadə edib.
Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışıb. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.
İran lideri ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, İran-Azərbaycan əlaqələri 5 ildə çox sürətli bir inkişaf yolu keçib. Mahmud Əhmədinejad hakimiyyətinin son illərində əlaqələrdəki qeydə alınan soyuqluq Həsən Ruhaninin seçilməsi ilə aradan qaldırılıb. Xarici siyasətdə, qonşu ölkələrlə əlaqələrdə daha çox qarşılıqlı əməkdaşlıq və diplomatik dilə üstünlük verən Həsən Ruhaninin prezident seçilməsindən sonra Bakı və Tehran arasında qarşılıqlı səfərlər intensivləşib və bir sıra regional layihələr razılaşdırılıb. Onlardan biri də "Şimal-Cənub" Nəqliyyat Dəhlizi layihəsinin icrasıdır. Artıq fevral ayında Azərbaycandan taxta yüklü vaqonlar İran Astarasına keçib. Hazırda Tehran-Astara dəmir yolu xətti üzərində sürətlə iş gedir və yolun Astara hissəsinin tikintisinə Azərbaycan tərəfi kredit ayırıb. Bu layihənin işə düşməsi Rusiyadan İrana və əks istiqamətdə böyük həcmli yükdaşıma imkanları deməkdir. Söhbət Fars körfəzindən yüklərin dəmir yolu vasitəsilə Moskvaya qədər daşınmasını təmin edəcək böyük layihədən gedir.

Bundan başqa, Xəzərin statusu ilə bağlı iki ölkə arasında bir zamanlar sərhəd münaqişəsinə qədər dərinləşən problemin indi həll mərhələsinə qədəm qoyması iki ölkə əlaqələrinin hansı səviyyədə olduğunu göstərir. Dünyada həm də "diplomatiya şeyxi" adı ilə tanınan Həsən Ruhaninin "Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik" sözləri təbii ki, həm də Qarabağ münaqişəsi ilə bağlı Tehranın verdiyi mesajdır. İran rəhbərliyi münaqişəsinin həllində Bakıya dəstək vəd edir.
Əlbəttə, hazırda ABŞ-İran münasibətlərinin sürətlə pisləşməsi, xüsusən də son günlərdə Trampın və yeni kadrlarının İrana qarşı düşmənçilik mesajları fonunda bu səfər həm də Qərbdə diqqətlə izlənilir. Görünən odur ki, rəsmi Bakı Tehran-Vaşinqton xəttində artan gərginliyi özü üçün fürsətə çevirməyi düşünür. Yeri gəlmişkən, Azərbaycanın həyata keçirdiyi və Qərbdən ciddi dəstək aldığı BTC kimi enerji layihələrinin baş tutmasında məhz ABŞ-İran münasibətlərindəki soyuqluğun mühüm təsiri olub. Bu mənada Bakı ehtiyatlı və tədbirli davranmaqla İranla ABŞ arasındakı münaqişəni fürsətə çevirməyi düşünür. Bu səbəbdən Bakı indi xeyli rahatdır.
"Yeni Müsavat"