İranla Azərbaycan arasında ziddiyyətlər əməkdaşlıqla əvəzləndi
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Nəzərə almaq lazımdır ki, hazırda regional və qlobal səviyyədə müşahidə edilən mürəkkəb proseslərin fonunda İran prezidentinin ölkəmizə səfəri xüsusi əhəmiyyətə malikdir.
29 Mart 2018 15:40 SiyasətXəzərdə mübahisəli yataqlar indi hər iki xalqa fayda gətirəcək
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Nəzərə almaq lazımdır ki, hazırda regional və qlobal səviyyədə müşahidə edilən mürəkkəb proseslərin fonunda İran prezidentinin ölkəmizə səfəri xüsusi əhəmiyyətə malikdir. Çünki, iki qonşu ölkə başçılarının görüşü zamanı hansı sahələr üzrə ortaq mövqeyə gələcəkləri bir sıra qaranlıq mətləblərə aydınlıq gətirə bilərdi. Ona görə ki, Ermənistanın qeyri-müəyyən xarici siyasətinin davam etdirdiyi bir məqamda İranla Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası aktuallıq kəsb edir. Həsən Ruhaninin ölkəmizə səfəri göstərdi ki, bu istiqamətdə tərəflərin geniş potensialı mövcuddur və təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi deyil, eləcə də digər sahələr üzrə əlaqələri inkişaf etdirmək mümkündür. Müsbət haldır ki, səfər çərçivəsində bir sıra ikitərəfli və regional məsələlər üzrə razılıq əldə edilərək rəsmiləşdirildi. Ekspertlərin qənaətinə görə, iki qonşu dövlət arasındakı mövcud münasibətlər daha sürətlə inkişaf edə bilər. Xatırladaq ki, Qərbin İrana qarşı sanksiyalar tətbiq etdiyi çətin vaxtlarda belə Azərbaycan bu ölkəyə qarşı obyektiv və mehriban qonşuluq münasibətini saxlayıb. Bakı geosiyasi vəziyyətin dəyişməsindən asılı olmayaraq müstəqil mövqeyini birmənalı şəkildə qoruyub saxlayıb. İndi isə qarşılıqlı münasibətlər ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması ilə müşahidə olunmaqdadır. Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər səsləndirdiyimiz fikirləri bir daha təsdiqləyir. Qeyd edək ki, İran-Azərbaycan əməkdaşlığının inkişafı təkcə bu iki ölkə üçün deyil, eyni zamanda, region dövltləri üçün də əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, İran-Azərbaycan əlaqələri dünya üçün böyük əhəmiyyətə malikdir: "İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir". Artıq birmənalı şəkildə demək olar ki, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Dünyada azsaylı qonşu ölkələr var ki, bütün sahələr üzrə normal əməkdaşlığı davam etdirilər.
O da faktdır ki, iki qonşu ölkə arasında siyasi əlaqələrin inkişafı digər sahələrdə də əməkdaşlıq üçün zəmin yaratmış olur. Prezident İlham Əliyevin təbirincə desək Azərbaycan və İranın təşəbbüsü ilə reallaşdırılan layihələr dünya ölkələri üşün əhəmiyyətlidir: "Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır".
Onu da diqqətə çatdıraq ki, son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. Belə ki, İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Qətiyyətlə demək olar ki, Xəzərdə tarixi razılaşma İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Nəzərə almaq lazımdır ki, hər iki ölkə Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğu qənaətindədir. Yeri gəlmişkən xatırladaq ki, iki dövlət arasındakı münasibətlərin yüksək səviyyədə olması həm də təhlükəsizliyin qaramntı kimi çıxış edir. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani qeyd edib ki, iki dövlət arasındakı əməkdaşlıq həm də regionun xeyrinədir: "Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətimizin bütün regionun xeyrindir".
Qeyd edək ki, iki ölkə arasındakı əməkdaşlığın inkişaf etməsi siyasi münasibətlərin daha da inkişaf etməsilə yanaşı, həm də xalqlar arasında əlaqələrin genişlənməsi, o cümlədən onların rifahının yüksəlməsinə xidmət edəcəyi şübhəsizdir. Qarşılıqlı siyasi və iqtisadi əməkdaşlıq həmçinin beynəlxalq səviyyərə özünü büruzə verəcək. Məlumdur ki, rəcmi Tehran beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Eyni zamanda, Bakı da həmişə İranın maraqlarını nəzərə alıb. Hələ BMT-də İrana qarşı sənəd qəbul edilərkən Azərbaycan onun əleyhinə səs verdi. Bu addım bir daha Azərbaycanın qonşu ölkəyə münasibətin səmimi olduğunu göstəricisi kimi qəbul edilə bilər.
Nurlan