Qabil Hüseynli: “Avropadan söyənlərə içəridən məlumatlar çatdırılır, yoxsa belə guruldamazlar”
28 Mart 2018 11:00 Siyasət"Onların xaricdə küllü miqdarda pulları var, övladları da oradadır...; "Dövlət işdən çıxarılan nazirləri ciddi şəkildə nəzarətdə saxlamasa..."
Son illər bir neçə yüksək vəzifəli şəxs iqtidar komandasından uzaqlaşdırılıb. Kifayət qədər qüdrətli, nüfuzlu, təsir imkanına malik nazirləri prezident işdən azad edib.
Zaman-zaman mediada, sosial şəbəkələrdə, siyasi müzakirələrdə bu adamların iqtidara qarşı fəaliyyət göstərəcəyi ehtimalı nəzərdən keçirilib. Azərbaycandakı şərtlər sabiq məmurların açıq şəkildə hakimiyyətə qarşı çıxmalarını istisna edir. Ancaq gizli formada bu, mümkün sayılıb. Vaxtilə iqtidar komandasından uzaqlaşdırılan bəzi sabiqlər sonradan siyasi müxalifətlə aşkar-gizli ittifaqa girərək hakimiyyətə müəyyən problemlər yaradıblar. Rəsul Quliyev, Əli İnsanov, Lalə Şövkət, Fərhad Əliyev və s. sabiqlərin nümunəsində bunu görmüşük.
Prezident seçkisi elan edildikdən sonra Azərbaycan siyasətindəki tendensiya sabiqlərlə bağlı məsələləri yenidən gündəmə gətirib. Hətta Avropadan iqtidara söyüşlər yağdıran dəstəyə sabiq nazirlərdən hansılarınsa dəstək verdiyi deyilir.
İqtidarda eks məmurlara yanaşmada bəzi dəyişikliklərin olduğuna dair məlumatlar var. Bildirilir ki, sabiqlərin daha da incik salınmaması, iqtidar və dövlət əleyhinə çıxmamaları üçün önləyici tədbirlər görülür. Onlarla təmaslar sıxlaşdırılır, müəyyən güzəştlərin tanınacağı deyilir. Buna baxmayaraq, sabiqlərin ciddi nəzarətdə olduqları da istisna deyil. Sərancamında böyük maliyyə vəsaiti olan, geniş əlaqələrə, əhəmiyyətli informasiyalara malik bu şəxsləri başlı-başına buraxmaq da doğru yanaşma sayılmaz.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, vəzifəsini itirən hər bir məmur bir müddət dövlətin nəzarəti altında olur: "Dünyanın hər bir ölkəsində praktikada belədir, yüksək vəzifə tutmuş məmur vəzifədən getdikdən sonra tutduğu ranqdan asılı olaraq, bir müddət dövlətin xüsusi daxili kəşfiyyat orqanlarının nəzarəti altında olur. İzlənilir, hər bir hərəkəti kənardan müşahidə olunur, nəzərdən keçirilir. Bizim ölkəmizdə də belədir. Hüquq-mühafizə və xüsusi xidmət orqanları vəzifədən çıxarılmış şəxsləri nəzarət altında hökmən saxlamalıdır. Elə vəzifə tutmuş şəxs var ki, ölkəni tərk etməsi mümkünsüz sayılır. Məsələn, müdafiə nazirini misal çəkə bilərik. Eləcə də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının ölkəni tərk etməsi üçün mütləq dövlətin birinci şəxsinin xüsusi icazəsi lazımdır".
Q.Hüseynli daha sonra deyib: "Sabiq məmurların mövcud hakimiyyətə təhlükə yaratmaları məsələsinə gəlincə, bu məmurların ən təhlükəli dərəcəsi odur ki, onlar korrupsiyalaşmış eks məmurlardır. Demək olar, onların hamısının əllərində böyük pul vəsaiti var. Bu vəsaitin cüzi hissəsi, yəni daşınmaz əmlak şəklində olan hissəsi dövlətin nəzarəti altına keçib. Amma banklarda, offşor zonalarda, yaxud digər ölkələrdə olan pulların taleyi hələ məlum deyil. Həmin sabiqlərin əksəriyyətinin övladları xaricdədir və həmin övladlar pullara nəzarət edir, daha təhlükəsiz yerlərdə həmin pulların saxlanılmasını təmin edirlər. Bu nöqteyi-nəzərdən bizdə də belə təhlükəli hadisələrin cərəyan edə biləcəyi real görünür.
Məsələnin bu tərəfi var ki, ağalıq etmək istəyənlər az deyil. İnsanların xisləti belədir, pulları çoxaldıqca özlərini əvəzedilməz sayırlar, yaxud vəzifə ranqları yüksəldikcə, onlar hər şeyə qadir olmaları barədə cəfəng fikirlərə düşürlər. Nəticədə vəzifədən getdikdən sonra bu cəfəng fikirlərdən uzaqlaşmaları çox gec olur, bəzi hallarda heç bu fikirlərdən uzaqlaşmırlar. Dövlətin başında duran şəxs dövlətin qorunması üçün sözsüz ki, vəzifədən gedənlərə ciddi nəzarət etməlidir. "Beşinci kolon" şəklində formalaşa bilən şəxslər az deyillər. Xüsusi xidmət orqanları daim belə şəxsləri nəzarətdə saxlamalıdı. Bu, hakimiyyət məsələsi deyil, bu, dövlətin və millətin təhlükəsizliyidi. Azərbaycan gənc dövlətdir. Məmurundan tutmuş sıravi vətəndaşına qədər dövlətçilik immuniteti tam formalaşıb başa çatmayıb. Bu baxımdan sabiq məmurların vəsaitlərini qorumaq, yaxud xaricdə yaşamaq üçün hər hansı bir dövlətlə əməkdaşlıq etmə ehtimalları var. Bu ehtimalları daim diqqət mərkəzində tutaraq, o şəxslərin nəzarətdə saxlanılması dövlətin əsas strateji xətlərindən birini təşkil etməlidir".
Politoloq sabiq məmurların Avropadakı "söyüş müxalifəti"inə dəstək verə biləcəkləri ehtimallarından da söz açdı:"Açığı, o "söyüş müxalifəti" intellektual səviyyəyə malik deyil. Onların keçmişi də ciddi bir fəaliyyət növünə söykənmir. Amma onlar danışanda ağızlarından od tökülür və deyirlər ki, əlimizdə filan faktlar var, onları açıqlayarıq. İlk baxışda bunlar adi görünə bilər, amma unutmaq olmaz ki, bəzi hallarda müəyyən həqiqət payı ola biləcək məsələlərdən dəm vurmaları onu göstərir ki, içəridən kimlərdənsə bəzi məlumatları alırlar. Bu məlumatların kimlər tərəfindən ötürülə biləcəyi də artıq şübhə doğurmur. Onların sağa-sola söyüş səpmələri, formalaşmamış danışıq qabiliyyətləri, yeri gəldi-gəlmədi, təhqir səsləndirmələri onu göstərir ki, içəridə müəyyən əlaqələr qura biliblər. Məhz bu əlaqələrin hesabına belə gur-gur guruldayırlar. Sabiq məmurların "söyüş müxalifəti" ilə əlaqələrinin ola biləcəyini mütləq nəzərdən keçirmək lazımdır. Əgər vəzifəsini itirən şəxslərin əməllərində cinayət tərkibi varsa, ən azından korrupsiyaya bulaşıblarsa, onların hamısı haqqında cinayət işi qaldırılmalıdır. Bu cinayət işi sübuta yetirilərsə, onlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Bəziləri var ki, vəzifə başında olarkən səlahiyyət hədlərini tamam aşıblar. Məsələn, telefon danışıqları dinləyiblər, bunun vasitəsilə sahibkarlara ciddi təzyiqlər göstəriblər. Bir başqası tikinti sahəsində dövlətin ayırdığı vəsaitləri talayıb. Bütün bunların hamısı nəzərə alınaraq, həmin şəxslər barəsində ciddi ölçü götürülməlidir. Dövlətin güclü hüquq-mühafizə orqanları var. Sabiq məmurlara qarşı görülən lazımi tədbirlər heç vaxt bumeranq rolunu oynaya bilməz. Doğrudur, əllərində olan müəyyən vəsaitləri dövlət əleyhinə olan işlərə çevirə bilərlər, amma açığı, inanmıram ki, onlarda o əliaçıqlıq olsun ki, pullarından istifadə edib, dövlət əleyhinə çıxmağa cəsarət etsinlər".