Avropadakı söyüşcül dəstə ilə bağlı ilginc reaksiyalar
27 Mart 2018 11:02 SiyasətXİN və YAP təmsilçiləri Avropa ölkələrini qınadı; Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov: "İstərdik digər təşkilatlar da bu məsələ ilə bağlı prinsipial mövqe ortaya qoysunlar"
Avropada yaşayan bir neçə azərbaycanlı son zamanlar özünün söyüş, təhqir dolu mövqeləri, internet mediası üzərindən Azərbaycana, onun rəhbərliyinə həqarət etməsi ilə diqqəti özlərinə cəlb edə bilməklə yanaşı, kəskin etirazlarla üzləşiblər.
Ancaq təəssüf və təəccüb doğuranı budur ki, bu bir dəstənin yağdırdığı həqarətlərə etirazlar və reaksiyalar daha çox Azərbaycan olur. Hətta iş o yerə çatıb ki, prezidentin köməkçisi Əli Həsənov bir həftə ərzində iki dəfə facebook statusu yazaraq bu cür nalayiq, dəyərlərimizlə bir araya sığmayan davranışları qınayıb. Hansı ki, prezident köməkçisi statusunda olan dövlət rəsmisinin görəcəyi daha ciddi işlər var, lakin qeyd etdiyimiz kimi, həmin söyüşcül dəstə öz antimilli fəaliyyəti ilə diqqəti özlərinə yönəldə bilib.
Düzdür, media mənsubları, ayrı-ayrı ictimai-siyasi fəallar da məsələyə münasibətlərini ifadə ediblər, qeyri-sağlam qüvvələri daşı ətəyindən ötmək üçün çağırışlar olub. Lakin qəribəsi budur ki, Azərbaycan diasporu onun adını ləkələyən fəaliyyətlə məşğul olan dəstəni susdurmaq istiqamətində hərəkətə keçmir. Hətta prezidentliyə namizədlərdən birinin dediyi kimi, Azərbaycandakı nazirlərin, ayrı-ayrı məmurların övladları xaricdə təhsil aldıqları, biznes qurduqları halda, onlar da bu söyüşcüllərə dözür, sivil mübarizə üsullarından yararlanmaqla dövlətimizin imicini zədələyən söyüşcül dəstəni sakitləşdirmək üçün fəaliyyət göstərmir. Xaricdəki potensialımızdan istifadə olunmaması haqlı olaraq suallar yaradır.
"Obyektiv mövqe ortaya qoymaq hər kəsin qəlbindən gələn bir məsələdir. Təbii ki, istər xaricdə təhsil alan azərbaycanlılar, o cümlədən orda yaşayan azərbaycanlılar, bizim diasporanın nümayəndələri bu məsələyə öz münasibətini bildirməlidir. Gərək hər kəs öz mövqeyini və münasibətini ortaya qoysun".
Deputat, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bu fikirləri "Yeni Müsavat"a açıqlamasında dedi.
Eyni zamanda YAP funksioneri dedi ki, dövlət strukturu olduğu üçün səfirliyin bu məsələlərə qarışmağı düzgün deyil: "Bu məsələlər rəsmi qaydada öz həllini tapmalıdır. Əgər bir ölkə digər ölkənin vətəndaşlarına heç bir əsas olmadan mühacir statusu, ya sığınacağı veribsə - özü də həmin adam nə hüquq müdafiəçisi, nə qəzet redaktoru, nə siyasi partiyanın üzvüdür və ona qarşı heç bir təzyiq olmayıbsa, saxta sənədlər əsasında gəlib çıxıb o ölkəyə - o dövlət ərazisindən digər bir ölkənin bütün dövlət strukturlarını, rəhbərliyini, xalqı, milləti, ayrı-ayrı şəxsləri təhqir edir".
![]()
S.Novruzov bir sıra ölkələri də belə adamlara imkan tanıdıqlarına görə qınadı: "Düzdür, həmin mövqeləri Azərbaycanda oxuyanlar görürlər ki, ordakılar hamısı yalan, böhtandır, şayiədir və söyüşdür. Bu isə mübarizə metodu deyil, mən bundan əvvəl sizin vasitənizlə etdiyim müraciətdə də bunu qeyd etmişdim ki, Azərbaycan tərəfindən heç kəsə, yaxud valideynlərinə qarşı təhqir ifadə olunmayıb. Ancaq məsələnin digər tərəfi var. Əgər elə adamlar Azərbaycanda oturub bu işi hansısa ölkələrə qarşı aparsaydı, o ölkələrdə bu haqda nə fikirləşərdilər? Tutaq ki, Merkelə, yaxud Fransa prezidentinə qarşı burda bir adam otursun, gecə-gündüz təhqiramiz ifadələr işlətsin, ya yaysın, həmin ölkələr belə qanundankənar hərəkətlər barədə nələr düşünərdi? Təbii ki, səfirlik bu məsələləri onların xarici işlər nazirliyi, aidiyyəti strukturlar qarşısında qaldırmalıdır. Biz istənilən sivil siyasi mübarizənin tərəfdarıyıq, amma şəxsiyyətin təhqir olunması artıq bizim qanunlarla müəyyən olunur, Avropa qanunları ilə yox. Yəni bununla əlaqədar bizim qanunvericilik nə tələb edirsə, o tətbiq olunmalıdır".
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə sual ünvanladıq. Bildirildi ki, ilk rəsmi iş günü bununla bağlı reaksiya veriləcək. Bundan əvvəl komitə sədri Nazim İbrahimovun dəfələrlə bu mövzuda münasibət ifadə etdiyi də qeyd olundu.

Xatirladaq ki, sonuncu dəfə N.İbrahimov Bakıda keçirilən VI Qlobal Forumla bağlı danışarkən "Forum Azərbaycana qarşı indiyə qədər dünya miqyasında üzdəniraq düşmənlərin apardığı qarayaxma kampaniyasını alt-üst edəcək, bura gələn dünya miqyaslı liderlər Azərbaycanla bağlı ən xoş təəssüratla ayrılacaqlar"-demişdi.
Məsələyə rəsmi Bakının da münasibəti maraqlıdır.
"Bunlar bədxah marginal qruplardır və burada bir neçə fərddən söhbət gedir. Onların bəzilərinin elə sosial şəbəkələrdəki çıxışları və sözləri ilə mən də tanış olmuşam. Bu, onların nə dərəcədə savadsız insan olduğunu göstərir. Azərbaycan dilində, öz doğma ana dilində bir neçə cümləni ardıcıl şəkildə ortaya qoya bilməyən şəxslərdir".

XİN-in mətbuat katibi Hikmət Hacıyev "Yeni Müsavat"a belə dedi. O şəxslərin xarici dillərdə yazdıqları "plakatlar"a diqqət çəkən XİN rəsmisi bildirdi ki, bu zaman daha gülməli vəziyyətin şahidi oluruq: "Baxmayaraq ki, neçə illərdir həmin ölkələrdə yaşayırlar, xarici dillərdə kobud səhvlərə yol verirlər. Sözümüzün məğzi budur ki, həmin adamlar nə qədər savadsız olduqlarını bir daha nümayiş etdirirlər. Ona görə də savadsızlıqlarından və mənəvi, etik dəyərlərə söykənmədiklərindən irəli gələrək, onlar bu kimi özlərinə layiq bildikləri formada "mübarizə metodlarını" seçirlər. Biz dəfələrlə şahid olmuşuq ki, onların hərəkətləri erməni lobbi dairələri ilə sinxron formada həyata keçirilir. Məsələn, son iki nümunəni qeyd edə bilərəm. 14 mart tarixində qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan ABŞ Konqresində çıxış edən zaman həmin qruplaşmanın başqa bir törəməsi maskalı bir şəkildə, eyni vaxtda, eyni məqamda Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında guya etiraz aksiyası keçirtdi. Digər bir nümunəni biz Avropa ölkələrində gördük".
H.Hacıyev dedi ki, onların bu cür davranışını XİN də kəskin şəkildə pisləyir və qınayır: "Onlar sadəcə olaraq getdikləri ölkədə özlərinin yaşamaq statuslarını legitimləşdirmək üçün müəyyən dairələrin sifarişi altında hər bir iyrənc metodlara əl atırlar. Bu da əl atdıqları növbəti iyrənc vasitələrdən biridir. Burada çox ciddi təəssüf doğuran məqam ondan ibarətdir ki, onların fəaliyyət göstərdikləri ölkələrin rəsmi qurumları tərəfindən bu kimi dövlət atributlarına münasibətdə nalayiq olan bu cür hərəkətlərə heç inzibati səviyyədə lazımi tədbirlər görülmür".
XİN rəsmisi təmsil olunduğu qurumun məsələyə həssas yanaşdığını vurğuladı: "Təbii ki, diplomatik nümayəndəliklərimiz tərəfindən məsələlər diqqətdə saxlanılır və həmin ölkələrin aidiyyati qurumlarına bu barədə rəsmi kanallarla məlumat verilir. Bu gün Azərbaycanın xaricdə çox sağlam, vətənpərvər diasporası var, onlar da hər zaman Azərbaycan maraqlarını hər şeydən üstün tuturlar, Azərbaycan dövlət atributlarına həmişə hörmət ifadə edirlər və milli maraqlarımızı qoruyurlar. Sözügedən qruplaşmalar isə marginal, bir neçə fərddən ibarət olan şəxslərdirlər, onların yazdıqları, danışdıqları onların tərbiyəsizliyinin nümunəsidir".

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov "Yeni Müsavat"a dedi ki, AAK söyüşcül dəstəyə qarşı daim sözünü deyib, mövqeyini ifadə edib: "Cənab prezident Brusseldə olan zaman Avropa Azərbaycanlıları Konqresi həmin dəstəni Avropa Parlamentinin garşısından uzaqlasdırdı. Bundan əlavə, AAK fevral ayinda müraciət qəbul edərək Avropada yaşayan azərbaycanlılar adından seçkilərdə cənab prezidenti dəstəklədi. İrəlidə bu yöndə müxtəlif ölkələrdə tədbirlərimiz də planlaşdırılıb və həyata keçiriləcək. Təbii ki, istərdik digər təşkilatlar da bu məsələ ilə bağlı prinsipial mövqe ortaya qoysunlar".