Amerikanın ikili standartları separatizmə dəstək fonunda

Azərbaycanı regionda özünün əsas tərəfdaşı hesab edən əksər ölkələr heç də bütün hallarda tərəfdaşlıq münasibətlərinə əməl etmir, bir çox məsələlərdə ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. Bu ədalətsiz yanaşmaya həm Avropa mıəkanında, həm də okeanın o tayında rast gəlmək mümkündür.

Yaxud bundan sonra Vaşinqtondan ədalət gözləməyə dəyərmi?

Azərbaycanı regionda özünün əsas tərəfdaşı hesab edən əksər ölkələr heç də bütün hallarda tərəfdaşlıq münasibətlərinə əməl etmir, bir çox məsələlərdə ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. Bu ədalətsiz yanaşmaya həm Avropa mıəkanında, həm də okeanın o tayında rast gəlmək mümkündür. Necə ki, bu günlərdə anoloji halla Birləşmiş Ştatlarda qarşılaşdıq. Söhbət Azərbaycanın işğal altında olan rayonlarında yaradılan qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın okeanın o tayına rəsmi səviyyədə səfər etməsindən gedir. Məlumat üçün qeyd edək ki, separatçı rejimin rəhbəri Bako Saakyan bu günlərdə Vaşinqtona səfər edərək Birləşmiş Ştatlar Konqresində bir sıra görüşlər keçirib. Tamamilə qeyri-qanuni və beynəlxalq prinsiplərə zidd olan bu görüş barədə Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların ölkəmizdəki səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Ancaq görünən odur ki, Birləşmiş Ştatlar yol verdiyi ciddi xətanı anlayıb ondan nəticə çıxarmaq əvəzinə müxtəlif yollarla separatçıların liderinin Vaşinqtona səfərinə haqq qazandırmağa çalışır. Hər halda Azərbaycanın notasına verilən cavabdan belə anlaşılır ki, Birləşmiş Ştatlar separatçıların liderinin okeanın o tayına səfərində bir qəbahət görmür. Ciddi cəhdlə belə bir mövqe ortaya qoyulur ki, Bako Saakyanın səfəri rəsmi xarakter daşımır və separatçıların Vaşinqtondakı görüşü konqresmenlərin fərdi qaydada istəyinin nəticəsidir.

Göründüyü kimi, Vaşinqtonun özünü sudan quru çıxarmaq cəhdi də kifayət qədər xətalıdır. Birincisi ona görə ki, Bako Saakyanın Birləşmiş Ştatlara səfəri konqresmenlərin şəxsi təşəbbüsü ilə baş tutubsa da belə, bütün halda həmin konqresmenlər rəsmi bir qurumu, Amerika Konqresini təmsil edirlər.  Bu mənada Bako Saakyanın okeanın o tayına səfərindən Konqres rəhbərliyinin məlumatlı olmaması qətiyyən mümkün görünmür.  İkinci bir halda sepratçıların lideri konqresmenlərin şəxsi təşəbbüsü ilə Vaşinqtona dəvət edilsə belə, son nəticədə onun həmin ermənipərəsət konqresmenlərlə  görüşü məhz Konqres binasında reallaşıb. Deməli bu o mənanı verir ki, Birləşmiş Ştatlar Konqresi də bu və ya digər dərəcədə separatizmi dəstəkləyir, işğal faktına bəraət qazandırır. Çünki Bako Saakyan bir işğalçı, separatçıdır. Ancaq burada diqqət çəkən bir məqama da toxunmamaq mümkün deyil. O da dünyanın müxtəlif bölgələrində olan separatçı rejimlərə Birləşmiş Ştatların olan münasibətidir. Yəni, okeanın o tayından Saakyanın Vaşinqtona səfərinə olan məntiqsiz reaksiya onu deməyə əsas verir ki, sabah Cənubi Osetiya, Abxaziya, Dnestryanı "respublikaların" separatçı rəhbərləri də əl-qolunu sallaya-sallaya Birləşmiş Ştatlara gedə və Konqresdə, eləcə də digər qurumlarda görüşlər keçirə bilərlər. Belə bir hal mümkün ola bilərmi? Təbii ki, yox. Çünki Birləşmiş Ştatların hər bir məsələyə, münaqişəyə, proseslərə ikili yanaşması olduğu kimi separatçılar, hətta terrorçulara belə münasibətində ikili yanaşma, standartlar mövcuddur.  Necə ki, Birləşmiş Ştatlar hazırda Afrində Türkiyə Silahlı Qüvvələri qarşısında məğlub duruma düşən PKK/PYD/YPĞ terror təşkilatına maddi və hərbi dəstək verərək onları Türkiyəyə qarşı dirəniş göstərməyə sövq edir, eyni ilə də Dağlıq Qarabağ separatçılarına qucaq açaraq onların Azərbaycan ərazilərini mənimsəməsi, orada separatçı, işğalçı fəaliyyətlərini davam etdirməsinə zəmin yaradır. Məhz Bako Saakyanın Vaşinqtona səfəri də deyilənlərin təsdiqidir.

Birləşmiş Ştatların separatçılara qucaq açıb onunla əməkdaşlığa meyillənməsi təkcə Azərbaycanın rəsmi dairələri deyil eyni zamanda cəmiyyəti tərəfindən də ciddi etirazla qarşılanır. Və Azərbaycan ictimaiyyəti haqlı olaraq Birləşmiş Ştatlardan Dağlıq Qarabağ problemində ikili standartlara son qoymağı tələb edir. Çünki Vaşinqtonun ortaya qoyduğu ikili standartlar onun ATƏT-in Minsk qrupundakı bitərəf mövqeyini də şübhə altına alır. Bundan sonra Azərbaycan cəımiyyətinin heç bir üzvü Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunda bitərəf mövqedə qalacağı, Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe ortaya qoyacağına inanmır. 

Vaşinqtonun separatizmə dəstək xarakterli siyasəti Birləşmiş Ştatların dünyada ədalət axtarışı prinsipinə də qəti şəkildə ziddiyyət təşkil edir. Bu gün dünyada haqq ədalət, insan haqlarından danışan Birləşmiş Ştatlar, bu ölkənin konqresmenləri, eləcə də Bako Saakyanın okeanın o tayına səfərinə vəsilə olan rəsmi dairələr nədən unudurlar ki, elə qucaq açdıqları Bako Saakyan bir milyona yaxın soydaşımızın hüquqlarının tapdalanmasında, onların öz yurd-yuvalarından didərgin düşməsində bilavasitə iştirakçı olub. Məgər Vaşinqton üçün bu insan hüquqlarının tapdalanması deyilmi?

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31