Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, sədr bildirib ki, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, sədr bildirib ki, aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi sahədə əlaqələrimiz mövcud potensiala cavab verməsə də, bu sahədə yaxın gələcəkdə irəliləyişə nail olunacağına inanırıq. Hökumətlərarası Komissiyanın yaradılması bu fikri bir daha təsdiqləyir. Mədəni və iqtisadi əlaqələr üzrə "AzMont" mərkəzinin fəaliyyətə başlaması birgə səmərəli fəaliyyət üçün yaxşı imkanlar açır. Bu gün Azərbaycan sərmayəsi Monteneqro iqtisadiyyatının inkişafında fəal iştirak edir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin çəkilişinə öz töhfəsini vermişdir. Ölkəmizin fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin reallaşması Avropanın enerji təhlükəsizliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Sədr deyib ki, biz Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsində Monteneqronun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, problem tezliklə beynəlxalq birliyin dəstəyi ilə öz məntiqi həllini tapacaq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq İpək Yoluna Dəstək Qrupunun Bakı Konfransında iştirakından və səfər çərçivəsində ölkəmizdə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Milli Məclisdə deputatların fəaliyyəti üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Qeyd edib ki, Monteneqro Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Əlaqələrimizin möhkəmlənməsi üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsini xüsusi vurğulayan qonaq, iqtisadi sahədə də tezliklə yüksək göstəricilərə nail olacaqlarını söyləyib. O, ölkəsinin NATO-ya tam hüquqlu üzv olduğunu, Avropa İttifaqı ilə üzvlük barədə intensiv danışıqlar aparıldığını deyib. Bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə inanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31