Azərbaycanın real gücə hesablanan hərbi potensialı- MÖVQE
Ölkədə həyata keçirilən düzgün idarəçilik sistemi, uğurlu siyasi, iqtisadi və sosial islahatlar bütün sahələrdə dinamik inkişafa səbəb olub desək yanılmarıq. Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olması, iqtisadi göstəricilərimizə görə nəinki yerləşdiyimiz coğrafiyadakı ölkələri, hətta dünyanın aparıcı dövlətlərini geridə qoymağımız, eləcə də sosial və humanitar, mədəni sahədə həyata keçirilən uğurlu islahatlar və əldə edilən nəticələr məhz düzgün idarəçilik sisteminin təqbiqinin məntiqi nəticəsidir.
12 Mart 2018 13:40 SiyasətVə Silahlı Qüvvələrin növbəti təlimləri fonunda işğalçı ölkəyə ünvanlanmış xəbərdarlıq mesajı
Ölkədə həyata keçirilən düzgün idarəçilik sistemi, uğurlu siyasi, iqtisadi və sosial islahatlar bütün sahələrdə dinamik inkişafa səbəb olub desək yanılmarıq. Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olması, iqtisadi göstəricilərimizə görə nəinki yerləşdiyimiz coğrafiyadakı ölkələri, hətta dünyanın aparıcı dövlətlərini geridə qoymağımız, eləcə də sosial və humanitar, mədəni sahədə həyata keçirilən uğurlu islahatlar və əldə edilən nəticələr məhz düzgün idarəçilik sisteminin təqbiqinin məntiqi nəticəsidir.
"İqtisadiyyatı gücü olan ölkənin ordusu da güclü olar" prinsipini nəzər alsaq və Azərbaycan Ordusunun bu günkü durumuna diqqət etsək bu sahədə də nəticələrin qənaətbəxş olduğunu söyləyə bilərik. Məlumdur ki, Azərbaycan uzun illər müharibə vəziyyətində olduğundan ölkənin hərbi sahəsinə diqqətin ayrılması da əsas prioritetlərdəndir. Məhz bu səbəbdən ildən-ilə ölkənin hərbi qüdrətinin daha artırılması, ordumuzun gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirilir, büdcədən hərbi sahəyə ayrılan vəsaitlər ildən-ilə artırılır, yeni müasir silahlar və texnika alınır. Həyata keçirilən uğurlu tədbirlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusu hesab edilir. Silahlı Qüvvələrimiz hazırda elə bir gücə, qüdrətə malikdir ki, istənilən anda erməni işğalı altında olan ərazilərimizi azad edə bilər. 2016-cı ilin aprel hadisələri zamanı həm Azərbaycan xalqı, həm işğalçı Ermənistan, həm də bütün dünya bunun əyani şahidinə çevrildi. Azərbaycan 2016-cı ilin aprel döyüşləri zamanı dünyaya sübut etdi ki, onun verdiyi bəyanatlar, torpaqların güc yolu ilə azad edilmə mümkünlüyünü ifadə edən açıqlamaları sadəcə sözdən ibarət deyil. Bu sözün arxasında real güc dayanır. Və bu işğalçı Ermənistan, onun havadarları bu güclə hesablaşmalı, onu qəbul etməlidirlər. Əks təqdirdə Azərbaycan yenidən daha bir qələbə tarixi yazmalı olacaq. Bu dəfə isə Silahlı Qüvvələrimiz bir neçə strateji əhəmiyyətli yüsksəklikləri azad etməklə kifayətlənməyəcək. Bütövlükdə uzun illər erməni tapdağı altında olan ərazilərimiz işğaldan azad edəcək. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin bu günlərdə həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təlimlər işğalçı Ermənistana xəbərdarlıq mesajı ola bilər. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür: "Azərbaycan ordusu 12 mart tarixindən hərbi təlimlərə başlayır. Hərbi təlimlərə 25000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək. Qeyd edim ki, 11aprel prezident seçkiləri öncəsi, belə bir iri miqyaslı təlimlərin keçirilməsi, seçkiöncəsi Ermənistanın hər hansı təxribatlarına qarşı və seçkidən sonra danışıqlara başlamaq üçün işğalçı ölkəyə mesajdır". Politoloq bildirib ki, Rusiya hakimiyyətinin politoloqları son aylarda guya Rusiyanın Ermənistana Qarabağ məsələsində kömək etməyəcəyi, rəsmi Yerevanın Qərblə danışıqlar masasına oturduğuna görə, Kremlin Sərkisyanı cəzalandıracağı kimi əsassız iddialar irəli sürürlər. Onun sözlərinə görə, Moskva, Yerevana təzyiq edir ki, işğal olunmuş əraziləri tez bir zamanda boşaltsın kimi rus politoloqlarının Azərbaycan ictimai fikirini çaşdırmağa yönəlik açıqlama və şərhlər qeyri-ciddidir: "Təssüf ki, bizim mətbuatımızda rus politoloqlarının bu fikirlərini geniş tirajlayır. Hazırda Rusiya birbaşa olaraq Ermənistanda Sərkisyan rejiminin güclənməsinə çalışır. Həmçinin Azərbaycana qarşı Ermənistana hər keçən gün silah-sursat və zirehli texnika göndərir. 1999-cu ildən başlayaraq, məhz Rusiya Qarabağ danışıqlarını bloklayır və rəsmi Yerevanın hər hansı bir güzəştə getməsinə imkan vermir. Azərbaycan mətbuatı Kremlin bəzi politoqlarının Rusiyanın ölkəmizdə müsbət imic formalaşdıran şərhlərinə yer verməməlidir. Sergey Makrov, Maksim Şevçenko və digərlərinin çıxışları avantüradan ibarətdir. Sergey Makrov ötən il qeyd edirdi ki, həmin ilin payızı azərbaycanlı köçkünlər işğal altında ərazilərə qayıdacaq və s. Nə qədər ki, Putin rejimi var, Yerevanda Sərkisyan rejimi hakimiyyətdə olacaq. Hər iki tərəf Azərbaycana qarşı ortaq siyasi mövqeyə malikdirlər". Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbərinin qənaətincə, Birləşmiş Ştatların Rusiyaya qarşı sanksiyaları Putin rejiminin laxlamasına və bununlaSerj Sərkisyan rejiminədə mənfi təsir edəcək: "Qeyd edim ki, Qarabağ münaqişəsinin diplomatik həlli onda mümkündür ki, Moskva və Yerevanda demokratik qüvvəllər hakimiyyətə gəlsin.Hələlik isə biz bunu müşahidə etmirik. Ona görə də hesab edirəm ki, hazırda münaqişənin yeganə həll yolu yalnız və yalnız hərbi güc tətbiq etməkdir. Azərbaycan ordusunun təlimləri hərbi güc tətbiqinə əsaslanır və apreldən sonra yenidən güc tətbiq etmə ssenarilərinə başlanmasına hesablanıb. Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin illik hesabatında Qarabağda müharibə ehtimalının yüksək olduğunun qeyd edilməsi, diplomatik danışıqların bundan sonra da faydasız olduğunun göstəricisidir".
Süleyman