Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” xəbər verir ki, müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər.

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "OLAYLAR" xəbər verir ki, müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər.
Qonaqları salamlayan general-polkovnik Zakir Həsənov strateji tərəfdaşlığımızın yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. 
Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən general-polkovnik Z.Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın Müdafiə naziri Ermənistanın regional sabitliyə ciddi təhdid təşkil etdiyini, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb. Nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bir daha vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın Müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.
Görüşdə Müdafiə nazirləri rəhbərlik etdikləri qurumlar arasında verifikasiya və silahlara nəzarət sahəsində əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Tərəflər həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31