Rəsulzadəsiz 63 il - böyük dövlət xadimi sön günlərini necə və kimlərlə keçirib...
6 Mart 2018 10:42 SiyasətNəsiman Yaqublu: "Rəsulzadə Cümhuriyyəti quran insanların içərisində ən çox mübarizə aparanı oldu"
Şərqdə və müsəlman dünyasında ilk Demokratik Respublikanı quran Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin ölümündən bu gün 63 il ötür.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb. 1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman gənclik təşkilatını" qurub. Siyasi fəaliyyətinə görə, o, 1908-ci ildə İrana gedir və 1913-cü ildə vətənə qayıdır. 1917-ci ilin oktyabrında Müsavat Partiyasının Bakıda keçirilən birinci qurultayında M.Ə.Rəsulzadə sədr seçilir.
Böyük dövlət xadimi bu illərdə də xalqının və millətinin taleyindən narahatlıq duyulan əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-ci il mayın 28-də Fətəli Xan Xoyski ilə birgə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti olur. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada "İstiqlal" qəzetini, "Qurtuluş" jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində "Azərbaycan müstəqillik uğrunda mübarizədə" kitabını çap etdirir. 1934-cü ildə M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində də çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli mücadiləsinə çağırır.

İkinci Dünya müharibəsi dövründə M.Ə.Rəsulzadə minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir, almanlarla danışıqlar aparır. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olub bu ölkədən uzaqlaşır. İkinci Dünya müharibəsindən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşadıqdan sonra 1948-ci ildə Türkiyəyə qayıdır. 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan" jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla, Qərbin SSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə" proqramına dəstək verir, "Amerikanın səsi", "Azadlıq" radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, "Əsri" məzarıstanlığında dəfn edilir.
M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" sözlərini işlədib.
Mühacirətdə Azərbaycan həsrəti ilə bu dünyaya əbədi gözlərini yuman Rəsulzadənin ömrünün sonunda yanında kimlərin olduğu, son günlərini necə keçirdiyi və digər bu kimi suallar doğuran məsələlər daim müzakirə mövzusudur. Bütün bunlarla yanaşı, hələ də Cümhuriyyətimizin banisinə Bakının mərkəzində heykəl qoyulmaması da onun təkcə doğum və ölüm günlərində, AXC-nin yarandığı gündə deyil, hər zaman təəssüflə qeyd edilir.

Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Nəsiman Yaqublu onun son günləri barədə "Yeni Müsavat"a bunları dedi: "İçi Rəsulzadə qarışıq, Cümhuriyyəti quranların hər birinin həyatı acınacaqlı olub. Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi güllələdilər, digərlərini həbs etdilər, həbsxanalarda saxladılar. Mühacirətdə olanlar çox ağır bir həyat yaşadılar. Bütün bunlara baxmayaraq, bu insanlar Azərbaycanın azadlığı uğrunda mübarizədən geri dönmədilər. Rəsulzadə bu insanların içərisində ən çox mübarizə aparanı oldu. Çünki bu insanların əksəriyyətinin ömrü 20-30-cu illərdə bitdi, onlar güllələndilər, qətlə yetirildilər, dünyadan köçdülər.

Amma Rəsulzadə 1955-ci ilə qədər, yəni 35 il bu mübarizəni apardı. Onun həyatının son günlərində kimlərlə oturub-durduğu, hansı işləri gördüyü ilə maraqlanmışam. Rəsulzadə o dövrdə Ankarada Milli Kitabxanada çalışırdı. Son günlərdə gəlib-getdiyi yer Azərbaycan Kültür Dərnəyi olub. Bu cəmiyyətin də əsası 1949-cu ilin fevralında qoyulmuşdu və əsasını Rəsulzadə qoymuşdu. Orada Azərbaycanla bağlı fikir mübadilələri gedirdi. Onun yazdığı və çap etdirdiyi son məqalə "Novruz bayramı" adlanır. Ondan sonra Rəsulzadə dünyadan köçüb və başqa yazıları çap edilməyib.

Mənə verilən məlumata görə, Rəsulzadə şəkər xəstəliyinə tutulmuşdu. Çünki çox gərgin, əsəbi həyat yaşamış bir insan idi. Məhəmməd Kəngərli deyir ki, o, dünyadan köçəndə yanında idik. Rəsulzadə vəfat edəndə üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" sözlərini işlədib. Onun son günündə yanında olan insanın dediklərini çatdırıram. Məntiqi cəhətdən bunlar uyğun sözlərdir. Bütün həyatını, ömrünü Azərbaycanın istiqlalına həsr etmiş bir insanın dünyadan köçərkən Azərbaycan deməsi tamam məntiqə uyğun gələn sözlərdir. Bu il Cümhuriyyətimizin yüz illiyində Rəsulzadənin, onun əməl dostlarının qurduğu bu cəmiyyətin yubileyini daha təntənəli şəkildə qeyd etməliyik. Çalışmalıyıq ki, bu yüz illik məzmun cəhətdən qeyd olunsun. Onun yanında olmasa da, əmisi oğlu Məhəmmədəli Rəsul oğlu İstanbulda yaşayırdı. Rəsulzadə dünyadan köçəndən sonra gəlib, onun dəfnində iştirak etmişdi. Yəni birbaşa onun yanında olmamışdı.
Onun yanında Məhəmməd Kəngərli, Əhməd Qaraca, Kərim Odər və digərləri olub. Onlar Rəsulzadənin yaxın dostları olublar. Ümumiyyətlə, Rəsulzadəni mühacirlər çox sevir, yüksək dəyər verirdilər. Çünki o, çox zəngin bir insan idi. Xüsusilə son illərdə onun Türkiyədə "Dünya" qəzetində çap edilən "Stalinlə ixtilal xatirələri" yazısından sonra qardaş ölkədə böyük nüfuz sahibi olan Rəsulzadə bir az da məşhurlaşmışdı. Bu faktlar cəmiyyətdə yayıldıqca, onun nüfuzu daha da artırdı ki, görün bu insan dünyanın hansı tanınmış şəxsləri ilə əməkdaşlıq edib, mücadilələr aparıb".