İrəvan danışıqlar prosesini pozmağa çalışacaq
Ermənistanda seçki şousu nəhayət ki, başa çatdı. Əslində bunu seçki yox, təyinat adlandırmaq daha doğru olardı. Belə ki, Ermənistanın yeni prezidenti məhz Serj Sərkisyanın istəyi və dəstəyi ilə işğalçı ölkənin parlamentində təyin olundu. Artıq Ermənistanın prezidenti Armen Sərkisyan olsa da, yenə də bu ölkədə əsas söz sahibi baş nazirlik postuna doğru sürətlə irəliləyən Serj Sərkisyan olacaq.
5 Mart 2018 13:19 SiyasətBundan sonra Ermənistanla diplomatik danışıqlar uğursuz olacaq
Ermənistanda seçki şousu nəhayət ki, başa çatdı. Əslində bunu seçki yox, təyinat adlandırmaq daha doğru olardı. Belə ki, Ermənistanın yeni prezidenti məhz Serj Sərkisyanın istəyi və dəstəyi ilə işğalçı ölkənin parlamentində təyin olundu. Artıq Ermənistanın prezidenti Armen Sərkisyan olsa da, yenə də bu ölkədə əsas söz sahibi baş nazirlik postuna doğru sürətlə irəliləyən Serj Sərkisyan olacaq. Ermənistanda başa çatan seçki şousu fonunda hazırda Azərbaycan cəmiyyətini əsas maraqlandıran sual Dağlıq Qarabağ probleminin bundan sonrakı taleyi və problemin həlli istiqamətində aparılacaq danışıqlar prosesində işğalçı ölkəni kimin təmsil edəcəyidir. Bununla bağlı ekspertlərin fikirləri müxtəlifdir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Armen Sərkisyan formal olaraq prezident səlahiyyətlərini idarə edəcək və hər bir sahədə olduğu kimi Dağlıq Qarabağ problemi, aparılan danışıqlar prosesində də əsas söz sahibi yenə Serj Sərkisyan olacaq. Onun sözlərinə görə, Serj Sərkisyan Dağlıq Qarabağ danışıqlarında bilavasitə özü iştirak edəcək: "Ermənistan parlamentində keçirilən seçkilərdə hakim Respublika partiyasının namizədi Armen Sərkisyan gözlənildiyi kimi prezident seçildi. Serj Sərkisyanın ssenarisi ilə hakimiyyət strukturlarında dəyişilik, heç də bu ölkədə iqtisadi inkişafa təkan verməyəcək. Sadəcə olaraq, bu yerdəyişmə "Qarabağ klanı"- müharibə partiyasının hakimiyyətdə qalmasına hesablanıb. Qeyd edim ki, aprel ayının 2-də Ermənistan parlamentinə keçirilən seçkilərdə də Serj Sərkisyanın sədri olduğu hakim Respublika partiyası saxtakarlıq yolu ilə parlamentdə çoxluğu əldə edəcək. Bununla da partiya sədri Serj Sərkisyan baş nazir seçiləcək və struktur yerdəyişmələrə yekun vurulacaq". Politoloq Məhəmməd Əsədullazadə deyir ki, baş nazir kimi Serj Sərkisyan ölkədə bütün rıçaqları əlində saxlamaqla, ölkənin Rusiyadan aslılığını artıracaq. Onun sözlərinə görə, hazırda baş nazir olan Karen Karapetyanın siyasi aqibətinə gəlincə, çox gümanki baş nazirin birinci muavini kimi iqtisadi sahəni kurasiya edəcək. İnstitut rəhbəri onu da bildirib ki, Qarabağ problemi üzrə Azərbaycanla aparılan danışıqlar prosesini də Serj Sərkisyanın aparması gözlənilir: "Prezident kimi Armen Sərkisyanın danışıqlarda iştirak səlahiyyəti yoxdur. Əsas məsələ budur ki, Serj Sərkisyanın aparacağı danışıqların mahiyyəti parlamentdən asılı olacaq. Əsas qərarverici struktur parlament olacaq. Serj Sərkisyan bundan istifadə edərək, manevr siyasəti aparacaq. Özünü kompromis kimi göstərsə də, əsas sözü parlament deyəcək kimi siyasi avantüraya əl atacaq". Məhəmməd Əsədullazadə qeyd edib ki, apreldən sonra Ermənistan rəhbərliyi ilə mümkün diplomatik danışıqların uğursuz olacağı qənaətindədir: "Xüsusi olaraq qeyd edim ki, Qarabağ konflikti elə bir mürəkkəb problem deyil. Bu münaqişəni mürəkkəb edən vasitəçi ölkələr, xüsusilə Rusiya Federasiyasıdır. 2016-cı il aprel döyüşlərindən sonra, Ermənistanın siyasi-hərbi rəhbərliyi kompromisə hazır idi. Ərazilərin boşaldılması reallaşa bilərdi. Məhz bunun qarşısını Rusiya aldı. Əgər, Rusiya Federasiyası neytral olarsa, Ermənistan işğal olunmuş əraziləri dərhal boşaldıb, kompromisə gedə bilər. Bu bir reallıqdı. Onu da qeyd edim ki, nə qədər Rusiyanın hərbi bazası Ermənistandadır və Rusiya regiondan çıxmayıbsa, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar məntiqsiz və səmərəsiz olacaq". Politoloq bu ərəfədə Birləşmiş Ştatların Moskvaya tətbiq etdiyi sanksiyalara da toxunub və bu sanksiyaların regiona da təsirsiz ötüşmədiyini söyləyib. O, bildirib ki, Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında və dövlət maraqlarına uyğundur: "Rusiya zəiflədikcə, ölkəmizin müstəqil və manevr siyasəti güclənər. Bundan əlavə, Birləşmiş Ştatların sanksiyaları Kremlin orbitində olan rejimlərin laxlamasına gətirib çıxara bilər. Düşünürəm ki, hazırda Azərbaycanın müdafiə və hücum qabiliyyətini inkişaf etdirməsi, müasir silahlarla təmin olunması Ermənistan üzərində əzici hərbi üstünlüyü saxlayır".
S.İsmayılbəyli