Fazil Mustafa: "Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır"

BBC Azərbaycanca "növbədənkənar Prezident Seçkisi 2018" layihəsi çərçivəsində siyasətçilərlə, ölkənin tanınmış fikir adamları ilə silsilə müsahibələrə başlayır.

İlk qonağımız Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır.

Onunla əməkdaşımız Səadət Akifqızı söhbət edib.

- Fazil bəy, hakimiyyət rəsmiləri bildiriblər ki, Azərbaycanda bir çox yüksək səviyyəli tədbir üst-üstə düşür, ona görə də erkən prezident seçkiləri elan edilib. Bu, nə dərəcədə əsaslı səbəbdir?

- Açığı, bu səbəblər müxtəlif cür səsləndi, bunların bir qismi subyektiv mülahizələr idi. Amma 2016-cı ildə keçirilən referendumun nəticəsində Konstitusiyada dəyişikliklər oldu və prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verildi, həm də prezidentlik 7 il müddətinə təyin olundu.

Bunlara görə də 2018-ci ildə prezident seçkiləri keçiriləndən sonra 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşürdü.

Hesab edirəm ki, gələcəkdə bu seçkilər üst-üstə düşməsin deyə vaxtın indidən dəyişdirilməsi daha məqsədəuyğundur. Amma digər elan edilən səbəblər elə də real və inandırıcı görünmür.

- Əgər hesab edirsinizsə, səbəb budur, o zaman Konstitusiya dəyişiklikləri qüvvəyə minəndən sonra bu barədə cəmiyyətə mesaj vermək olardı ki, 2025-ci ildə iki seçki üst-üstə düşür, vaxtı indidən dəyişək. Amma qəfil sərəncam verildi və iki ay sonraya da seçki təyin edildi. Bəzi partiyalar vaxtın azlığına görə, ya öz namizədlərini geri çəkdilər, ya da ki, seçkidə ümumiyyətlə iştirak etmək istəmədilər. Səbəb də bu oldu ki, vaxt darlığına görə kimisi qurultay keçirə bilmir, digəri də cəmiyyət arasında təbliğat apara bilmir.

- Ola bilsin ki, burada başqa mülahizələr var ki, biz bunun izahını verməkdə çətinlik çəkirik. Beynəlxalq şəraitlə bağlı və ya başqa mülahizələr də ola bilər. Hakimiyyətin nə düşündüyü barədə bizim məlumatımız yoxdur.

Amma mən, ümumiyyətlə məsələyə texniki problem kimi yanaşmağın tərəfdarıyam.

-Yəni bu mülahizələri ictimaiyyətə açıqlamaq mümkün deyilmi?

- Bilirsiniz, elə məqamlar var ki, ictimaiyyətə açıqlanması bir az çətin olur. Çünki bunu təkcə ictimaiyyətə deyil, bütün dünyaya açıqlayırsan. Baxın, indi Azərbaycan elə bir mövqedədir ki, ətrafında atəş çəmbəri formalaşıb.

2017-ci il: Mehriban Əliyevanın vitse-prezidentliyi, "Azərbaycan camaşırxanası", Əfqan Muxtarlının həbsi, "Qarabağ"ın uğuru və ilin digər mühüm hadisələri

11 aprel erkən prezident seçkisi: YAP seçkiyə İlham Əliyevlə gedir

Avropa üçün hansı daha mühümdür: Azərbaycanın qazı, yoxsa demokratiyası?

Suriya, İrana və Rusiyaya qarşı yönələn sanksiyalar, Rusiyanın müəyyən dərəcədə Krımda yürütdüyü siyasət, Gürcüstanla Azərbaycanla bağlı siyasətin dəyişməməsi, Ermənistana hərbi müstəvidə böyük ciddi dəstək göstərməsi faktorları onu göstərir ki, Azərbaycan üçün hər an xarici təhlükə faktoru önə çıxa bilər.

- Rusiyaya qarşı sanksiyalardan Azərbaycan hansı zərərləri əldə edə bilər?

- Ən böyük zərərlərdən birini Azərbaycan görəcək. Ona görə ki, Rusiyada iqtisadi vəziyyət pisləşməyə doğru gedir və bu da ordakı bir milyondan artıq azərbaycanlının böyük problem yaşaması deməkdir.

Azərbaycanda oradan gələn vəsait hesabına yaşayanlar var.

Digər tərəfdən, Rusiya Azərbaycanın həm də əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəzlərin və başqa məhsulların alınmasında da müəyyən problemlər yaşaya bilərik.

- Sizcə, bu qərarın pərdəarxası məqamları varmı? Məsələn, ictimaiyyətdə birinci vitse-prezident təyinatından sonra Mehriban Əliyevanın prezident seçkisinə qatılacağı barədə rəylər səslənirdi.

Belə fikirlər vardı ki, təyin etdiyi postlardan irəli gələrək artıq öz komandasını formalaşdırır. Bəzi tənqidçilər də iddia edirlər ki, hakimiyyət daxilində gərginlik birinci xanımın prezidentliyə yolunu qapadıb.

İlham Əliyev bu gərginliyi səngitmək üçün erkən seçkilərə getdi. Siz nə düşünürsüz?

- Məncə, bu ciddi bir arqument deyil. Mən diqqəti beynəlxalq vəziyyətlə bağlı məsələyə çəkməyin tərəfdarıyam.

Martda Rusiyada prezident seçkiləridir və Rusiyanın başı bu seçkilərə qarışıb. Azərbaycanda seçkilərdə ən böyük problem daha çox Rusiya ilə bağlı olur.

Ötən seçkilərdə də gördük ki, Rusiya müəyyən qaydalarla, prosseslərlə Azərbaycanda ciddi narahatlıqlar yaratmağa başladı.

İndi də Rusiyanın belə bir çalışmalar içində olması kimsəyə sirr deyil. Yəni, belə bir mümkün vairantlar ola bilərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31