Sarkisyanın əli Azərbaycan xalqının qanına bulaşıb
"O dövrdə Azərbaycanın rəhbərliyində daha bacarıqlı, daha cəsarətli, daha qətiyyətli, dövlətçiliyi, idarəetməni dərindən bilən bir insan olsaydı, Azərbaycanda olan hərbi-silahlı qüvvələrə vahid komandanlıq təmin oluna bilsəydi, Xocalıya zamanında kömək gəlsəydi, təbii ki, bu qanlı qətliamdan, XX əsrin ən dəhşətli qırğınlarından, soyqırımlarından olan Xocalı soyqırımından qaçmaq mümkün olardı”.
21 Fevral 2018 14:23 SiyasətDeputat: "Canilər xocalılılara qarşı etdikləri qanlı cinayətlərə görə cavab verəcəklər"
"O dövrdə Azərbaycanın rəhbərliyində daha bacarıqlı, daha cəsarətli, daha qətiyyətli, dövlətçiliyi, idarəetməni dərindən bilən bir insan olsaydı, Azərbaycanda olan hərbi-silahlı qüvvələrə vahid komandanlıq təmin oluna bilsəydi, Xocalıya zamanında kömək gəlsəydi, təbii ki, bu qanlı qətliamdan, XX əsrin ən dəhşətli qırğınlarından, soyqırımlarından olan Xocalı soyqırımından qaçmaq mümkün olardı". Bunu deyən millət vəkili Elman Məmmədovun sözlərinə görə, təəssüflər olsun ki, Xocalı soyqırımı olan ərəfədə Azərbaycanda dövlətçilik, idarəçilik yox səviyyəsinə enmişdi: "Ölkədə anarxiya, özbaşınalıq baş alıb gedirdi. Orduda vahid komandanlıq yox idi. Bunlar düşmənə fürsət verdi. Onlar uzun illərdən bəri gözlədiklərinə nail oldular. Xocalını yerlə-yeksan etdilər, xocalılılara divan tutdular, Xocalıda qanlı qətliam, soyqırımı həyata keçirdilər". Millət vəkili bildirib ki, "Xocalı soyqırımı haqqında" qanuna ehtiyac var: "Bunu zaman-zaman bəzi həmkarlarım da səsləndiriblər, təklif ediblər. Mən bugünlərdə, elə sizinlə danışan zaman da qardaş Türkiyədə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlərdə iştirak edirəm. Ankarada Yeni Dünya Vəqfinin Xocalı soyqırımına həsr olunmuş tədbirinə qatılmışdım.Tədbir zamanı çıxış edən tarixçi alimlər, beynəlxalq hüquqla məşğul olan elm adamları Xocalı soyqırımı dəhşətlərindən danışdılar, öz mövqelərini bildirdilər. Onlar da çıxışları zamanı təxminən bu yöndə fikirlər səsləndirdilər ki, Xocalı soyqırımı ilə bağlı ayrıca qanun olmalıdır. İnanıram ki, gələcəkdə belə bir qanun layihəsi hazırlanaraq, parlament müzakirələrinə çıxarılacaq və qəbul olunacaq". E.Məmmədov əlavə edib ki, Ermənistanda son 25-30 ildə hakimiyyət başında olmuş, hakimiyyətdə yüksək vəzifələrdə əyləşmiş və bu gün də ölkəyə rəhbərlik edən şəxslərin hər birinin Xocalı soyqırımında, Azərbaycana qarşı baş vermiş hərbi cinayətlərdə birbaşa əli var: "Sarkisyanların, koçaryanların, ohanyanların, ter-petrosyanların və digərlərinin əli Azərbaycan xalqının, xocalılıların qanına bulaşıb. Onlar cinayətkar, hərbi canidirlər. Təəssüf ki, himayədarlarının köməyilə onlar hələ də öz layiqli cəzalarını almayıblar, Azərbaycan xalqına qarşı etdikləri cinayətlərin ədalət mühakiməsindən yayına biliblər. Bu da bizə qarşı dünyada hökm sürən ikili standartların tərkib hissəsidir. Gün gələcək, həmin canilər Azərbaycan xalqına, o cümlədən, xocalılılara qarşı etdikləri qanlı cinayətlərə, soyqırımlarına görə cavab verəcəklər. Cinayətkarlar cəzasını alacaq. Bunu hər birimiz səbirsizliklə gözləyirik. Bunlar mütləq olacaq və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən ardıcıl işlər görülür".