Partiya sədrindən boykotçulara cavab
Seçki prosesi yaxınlaşdıqca cəmiyyətdə siyasi gərginlik də artır. Bir qayda olaraq isə bu gərginliyi müxtəlif bəhanələrlə seçki prosesindən yayınan, ona xələl gətirməyə çalışan radikal siyasi qüvvələr yaradır. Azərbaycanın imicinə xələl gətirmək üçün xaricdəki ağalarının nəzarətində olan müxtəlif media quruluşlarında məqalələr dərc etməkdən tutmuş, seçki mühiti, demokratik və azad seçki keçirmək üçün yaradılmış imkanları, fürsətləri qaralamağa qədər bütün mümkün vasitələrdən istifadə edilir.
19 Fevral 2018 14:33 Siyasət"30 ildir siyasi səhnədə gah boykotla, gah küsməklə, gah naz etməklə baş girələmisiniz"
Seçki prosesi yaxınlaşdıqca cəmiyyətdə siyasi gərginlik də artır. Bir qayda olaraq isə bu gərginliyi müxtəlif bəhanələrlə seçki prosesindən yayınan, ona xələl gətirməyə çalışan radikal siyasi qüvvələr yaradır. Azərbaycanın imicinə xələl gətirmək üçün xaricdəki ağalarının nəzarətində olan müxtəlif media quruluşlarında məqalələr dərc etməkdən tutmuş, seçki mühiti, demokratik və azad seçki keçirmək üçün yaradılmış imkanları, fürsətləri qaralamağa qədər bütün mümkün vasitələrdən istifadə edilir. Bununla kifayətlənməyərək eyni zamanda boykotçular seçki prosesinə qoşulan namizədlər barədə də şər-böhtan kampaniyası həyata keçirirlər. Özü də ənb aktiv olduqları sosial şəbəkələr üzərindən. Saxta profillər açaraq prezident seçkilərində iştirak etmək arzusunda olan digər siyasilərin ünvanına qərəzli fikirlər yağdırır, onları kimlərinsə bazarlığına şərik olmaqda ittiham edirlər. Demək olar ki, aprelin 11-də prezident seçkilərinin keçiriləcəyi barədə məlumat cəmiyyətə bəlli olandan və seçki mübarizəsinə qoşulacaq namizədlər öz niyyətlərini açıqlayandan etibarən sözügedən qüvvələr namizədlərə qarşı şər kampaniyasına start veriblər. Radikal düşərgənin hədəfə götürdüyü şəxslərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevdir. Radikal müxalifət sosial şəbəkə üzərindən belə bir fikir formalaşdırmağa çalışır ki, guya AXCP sədri hakimiyyətin tövsiyəsi ilə prezident seçkilərinə qoşulub.
Radikal müxalifətin prezident seçkilərinə qoşulan namizədləri qaralamasına münasibət bildirən Razi Nurullayev deyib ki, radikal düşərgədən fərqli olaraq onun mübarizəsi xalq üçündür: " İmkan verin bu mübarizəni aparaq. 30 ildir siyasi səhnədə gah boykotla, gah küsməklə, gah naz etməklə, gah seçkilərdə iştirak etməklə, gah hakimiyyətlə dialoq qurmaqla baş girələmisiniz. Gördüyünüz kimi apardığınız siyasətin nəticəsi olmayıb. İndi imkan verin ki, biz bildiyimiz siyasəti quraq, aparaq və məğlub olsaq, qoşulaq sizin sıralarınıza. Dünya dəyişib axı, Azərbaycan da dəyişib. Daha gənc nəsil heç çoxunuzun adını da bilmir. Narahatsınız ki, siyasi səhnədə yeni simalar parlayır, sizi sıxışdırır? Bu təbii prosesidr, önünü ala bilməzsiniz". Partiya sədri qeyd edib ki, bir dəfə bir ziyalı onu davamlı olaraq təhqir edirdi: "Nə qədər səbrli olsam da özümü saxlaya bilmədim və ona cəmi bir dəfə ağır bir cümlə yazdım. Yazdı ki, Razi müəllim, hamıdan gözləyərdim, sizdən gözləməzdim. Yəqin ki, şərhə ehtiyac yoxdur.
İndi də eyni hadisələr baş verir. Boykotçular bizi təhqir edir, söyür, nüfuzdan salmaq üçün hər cür yola əl atırlar, biz hərdən dözməyib bunların min təhqirinin birinə cavab verəndə dözümsüz olurlar. Ağrılısı budur ki, bunların başında duranlar ocağa benzin tökməklə məşğuldur, birbaşa dirijorluq edirlər. Mənə Dədə Qorqudluq edənlər də var, məni günahlandıran və dözümlü olmağa çağıranlar da var. Əfsus ki, ürəyim daşdan deyil, dözməyib bir kəlmə cavab verəndə, Dədə Qorqudlar başlayır mənə ağıl verməyə, dərs keçməyə və özünü böyük göstərməyə. O zaman, sizlər niyə o təhqir yağdıranlara da dur demirsiniz? Onun başında dayanan və dirijor çubuğu ilə bunu idarə edənlərə niyə irad bildirmirsiniz? Yazıqlar olsun". Razi Nurullayev hakimiyyətin tapşırığını icra etmək barədə yayılan böhtana da münasibət bildirib: "Deyirlər ki, hakimiyyətin tapşırığı ilə keçmiş səfir Arif Məmmədovu tənqid etmişəm. Birinci dəfədir ki, onun haqqinda yazdım. O, şəklimi qoyub və deyib ki, bu namizədə ləqəb qoyun. Öz statusu altında məni təhqir etdirib, aşağılatdırıb və seyrçi qalıb. Sonra çağırış edib ki, bununla kimin dostluğu var, mənim dostluğumu tərk etsin. Daha səninlə Nemət Pənahlıda nə fərq oldu? O da deyirdi ki, "oturmayan erməni". Milləti döndərib eləmişdi "Fatı qalx, Fatı otur". Bu bir səfirə, ziyalıya yaraşarmı? Mən yaraşdırmadım! Dilinizdə hədənin, söyüşün, təhqirin biri bir qəpik. Bəli siz söyüş söyənlər, təhqir edənlər, baş kəsmək, qan tökmək istəyənlər, qisas hissi ilə alışıb yananlar olun maksimum 3000 nəfər. Siz axı xalq demək deyilsiniz. 10 milyonluq xalqın da, dediyim kimi olun 0,001 faizi". AXCP sədri deyib ki, seçkidə Milli Şura, Əli Kərimli, Cəmil Həsənli iştirak etsə idi, seçki boykot edilməyəcəkdi: "Deyirsiniz hakimiyyətə legitimlik qazandırmayın. O zaman, 2013-cü ildə Milli Şura niyə legitimlik qazandırdı? İkincisi, legitimlik iştirakla ölçülümür. Beynəlxalq aləmin tanıması və Konstitusya Məhkəməsinin tanımasıdır əsas şərt. Bu da həmişə olub, yenə də olacaq. Doğru düşünsəniz, mənə dəstək verərdiniz, daha yaxamı cırmağa çalışmazdınız! Xalq və millət üçün bu seçkiyə qatılıram. Əbülfəz Elçibəyin davamçısı olaraq bu seçkidə onun böyük ideyalarının carçısı olacam. İnşallah, tale də üzümüzə gülər".
S.İsmayılbəyli