Azərbaycanın haqlı mövqeyindən narahat olan Rusiya rəsmiləri- Və onlara tutarlı cavab vermək zərurəti
Son vaxtlar çox qəribə bir tendensiya yaranıb. Belə ki, müntəzəm və davamlı şəkildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bu ölkənin xarici siyasət idarəsinin xanım əməkdaşı Mariya Zaxarova tərəfindən Azərbaycanda narahatçılıq doğuran fikirlər səsləndirilir, bəyanatlar verilir. Təhlükəli tendensiya ondan ibarətdir ki, təkcə Azərbaycanla bağlı deyil, onun dövlət və dövlətçilik rəmzləri ilə bağlı da hər iki XİN rəsmisi tərəfindən sərsəm fikirlər səsləndirilir.
19 Fevral 2018 14:32 SiyasətSon vaxtlar çox qəribə bir tendensiya yaranıb. Belə ki, müntəzəm və davamlı şəkildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bu ölkənin xarici siyasət idarəsinin xanım əməkdaşı Mariya Zaxarova tərəfindən Azərbaycanda narahatçılıq doğuran fikirlər səsləndirilir, bəyanatlar verilir. Təhlükəli tendensiya ondan ibarətdir ki, təkcə Azərbaycanla bağlı deyil, onun dövlət və dövlətçilik rəmzləri ilə bağlı da hər iki XİN rəsmisi tərəfindən sərsəm fikirlər səsləndirilir. Rusiyada Azərbaycan əleyhinə formalaşan bu münasibət və fikirlərin cavabı isə Azərbaycanda yalnız XİN sözçüsü və Prezident Administrasiyasının bu sahə üzrə rəsmisi tərəfindən verilir. Demək olar ki, əksəriyyət, xüsusilə QHT-lər, beynəlxalq münasibətlər sistemində fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri yalnız və yalnız "susmaq qızıldır" prinsipinə üstünlük verirlər. Təbii ki, belə bir hal arzuedilməz olmaqla yanaşı, eyni zamanda əks reaksiya doğurur. Daha dəqiq desək, vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan əleyhinə yönəlik fikir və ifadələrə cavab verməmələri təəssüf, eyni zamanda etiraz doğurur. Elə hərbi ekspert Üzeyir Cəfərov da Azərbaycan, milli maraqlar əleyhinə səsləndirilən fikirlərə cavab verməyən QHT-ləri kəskin tənqid edib: "Sözüm Azərbaycanda QHT və digər sektorlarda fəaliyyət göstərən, mütəmadi olaraq dövlət büdcəsindən qrant alıb guya dövlət və dövlətçilik üçün çalışan şəxslər və təşkilatlaradır. Sizin işiniz elə ancaq sakitcə layihələr həyata keçirtməkdir, ya siz eyni zamanda Azərbaycan dövlətinin formal da olsa vətəndaşlarısınız? Nə vaxta kimi, "iki cüt, bir tək" adamlar kimi ancaq Xarici İşlər Nazirliyinin mətbuat katibi hörmətli Hikmət Hacıyev və Prezident Adminstrasiyasının bir-iki rəsmisi, eləcə də bir neçə sayt ölkəmizlə bağlı səslənən davamlı təhdid və hədələrlə bağlı Rusiya, Ermənistan, eləcə də Amerika və digər dövlətlərin təmsilçilərinin cavablarını verəcəklər? Bəs hanı sizin o pafoslu, bərli-bəzəkli vid-fasonunuz, danışanda az qala adamı borclu çıxaran vətənpərvərliyiniz?. Dövlət Dumasının Zatulin soyadlı bir yaramazı Dağlıq Qarabağa səfər edir, bizim şərəf və ləyaqətimizə toxunan sözlər danışır, siz(lər)dən heç səs-soraq yoxdur? Nəyi və kimi gözləyirsiniz? Rusiya tərəfinin sırf erməni maraqlarına hesablanmış bu addımları siz elə bilirsiniz adi addımlar və hərəkətlərdir? Əmin olun ki, deyilən və səsləndirilən fikirlər onlar tərəfindən elə-belə səsləndirilmir. Onlara bu fikirləri deditdirib, bizim az qala yatmaqda davam edən cəmiyyətimizin nəbzini yoxladan rəsmi qurum(lar) və şəxs(lər) var. Əmin olun ki, bu həqiqətən də belədir. Bəs nədən bizim Milli Məclis üzvü adını daşıyan bir çox deputat və cəmiyyət nümayəndələri rusların cavabını verməyə qorxurlar? Ya sizin xam xəyallarınızda Putinin, Jirinovskinin hələ də xülya kimi SSRİ-nin bərpasının mümkünlüyü fikri gəzib dolaşır?". Üzeyir Cəfərov qətiyyətlə əmin olduğunu bildirib ki, SSRİ adlı dövlətin bundan sonra yenidən bərpası, dirçəlməsi heç vaxt mümkün olmayacaq və bu qeyri-ciddi arzudan əl çəkmək lazımdır: "Bu fikri dilinə gətirən adam(lar)ı mən çəkinmədən xəstə və bisavad adlandırıram. Artıq o quruluş əbədi olaraq tarixin yaddaşına gedib. SSRİ adlı dövlət 20-ci əsrin bir yaşam dönəmi kimi dərsliklərdə, sənədlərdə və tarixdə qalacaq". Ekspert bildirib ki, dövlətimizə və dövlətçiliyimizə, xalqımıza qarşı ağzını açıb "qatığını dağıdan" hər bir kəsin ağzından vurmamız mütləq lazımdır: "Akademik və ziyalılarımız, elm və mədəniyyət xadimlərimiz, çıxın bu keçmiş SSRİ zamanında yaşadığınız o kommunist ideologiyasından və bir qədər fəal olun.
Kənardan baxanda çox acınacaqlı mənzərə görünür. İndi qarşıdan prezident seçkiləri gəlir deyə, bəzi "ziyalılarımız" "biz də varıq" prinsipi ilə çıxış edərək dövlət və hökumət rəhbərliyinə özlərini göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Vallah onların sizin nə yaltaqlığınıza, nə də məddahlığınıza ehtiyacları yoxdur. Yetər ki, siz fəal vətəndaş kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqlarını qorumaq üçün fəal olasınız. Acı da olsa, deyirəm. Nə qədər ki, millətimin nümayəndələri belə passiv olacaqlar, rus, erməni, digər bizi istəməyən qüvvələrin qarşısında özlərini gücsüz kimi aparmaqda davam edəcəklər, bəlalarımızın sayı azalmayacaq, əksinə, bizi qarşıda daha da böyük fəlakətlər gözləyəcək.
Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Yeni Azərbaycan Partiyasının Vl Qurultayında çıxışı zamanı dövlət başçısının səsləndirdiyi fikirlərlə bağlı açıqlaması milli maraqlarımıza qarşı yönəlmiş təhdid, təhlükədir: "Həmin qurultayda bildiyimiz kimi Azərbaycanın prezidenti Ermənistandan deportasiya edilmiş, qovulmuş çoxsaylı azərbaycanlıların nə zamansa öz torpaqlarına vətənlərinə qayıdacaqlarını vurğulamışdı. Daha deməmişdi ki, həmin torpaqları Ermənistandan geri alacağıq. Bu fikirdə heç bir təcavüzkar anlam yoxdur.Tarixən Ermənistanda yaşamış çoxmilyonlu insanlar, azərbaycanlılar bu gün o torpaqlara, vətənlərinə həsrət qalıblar. Onların dinc şəkildə oraya dönüb ermənilərlə birlikdə yaşamaq hüquqları var və bu hüquqları kimsə onların əlindən almayıb. Ancaq görün Rusiya nə qədər ermənipərəst dövlətdir ki, Azərbaycan prezidentinin haqqı sələndirməsindən belə narahat olur". Rövşən Məmmədli hesab edir ki, Rusya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bu "narahatlığı" təbii ki, Rusiya dövlətinin mövqeyidir. Buda onu göstərir ki, Azərbaycan barmağının beşini də bala batırıb Kremldə əyləşənlərin ağzına soxsa da, yenə Kreml öz imperiya maraqlarına sadiq qalıb ermənilərə havadarlıq edəcək: "Bəs görəsən Azərbaycan prezidenti tarixi həqiqəti bütün çılpaqlığı ilə söyləyib Ermənistanın bütün ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu söyləsəydi, erməniləri o torpaqlara elə Rusiyanın köçürüb gətirməsi, sonra da onlara orada dövlət qurmasını desəydi, o halda Kreml nə edərdi? Yəqin Rusiya Xarici İşlər Nazirliyinin şefi də başda olmaqla həmin nazirlikdə cəmlənmiş ermənilərin və ermənipərəstlərin ürəkləri partlayardı. Ancaq Kremlin "nə edəcəyindən" asılı olmayaraq bu gün Azərbaycan tarixçiləri Ermənistan adlı dövlətin tarixi Azərbaycan torpaqları olmasını çoxsaylı mötəbər sübutlar əsasında tam, hərtərəfli və həqiqətəuyğun, obyektiv yazıb ortaya qoymalıdırlar. Onda Azərbaycan tarixçilərinin deməli olduğu sözü ölkənin başçısının deməsinə ehtiyac qalmaz, bundan da Rusiyadakı ermənilər və ermənipərəstlər "anlaşılmazlıq" içində qalmazdılar. Bu fakt bir daha göstərir ki, Rusiya heç zaman ATƏT-in Minsk qrupu üzrə öhdəliyinə götürdüyü sülh missiyasına ədalətli yanaşa bilməz və öz imperiya marağı üçün Qarabağın Azərbaycana qaytarılmasına razı olmaz. Eyni zamanda bu faktdan istifadə edib Ermənistanı və Azərbaycanı hələ uzun illər öz orbitində saxlamağa çalışacaq. Azərbaycanın müxalifəti, ziyalısı, araşdırmaçı jurnalisti səsini qaldırıb deməlidir. Ay Rusiya, sənin bu gün qurduğun o zorakı, qanlı imperiya da tarixi Türk torpaqları üzərində qurulub. Ancaq bir çox türk xalqlarını hələ də basqı altında, öz caynağında saxlayırsan".
Məhəmməd