Sanksiyalar günahsız insanlara təsir edir
“İranda tez-tez təyyarə qəzalarının baş verməsinin əsas səbəbi, bu ölkəyə tətbiq olunan sanksiyalardır. Çünki, sanksiyaların tətbiqi bu ölkəyə təyyarə və onun avadanlıqlarının satışını qadağan edir”.
19 Fevral 2018 11:40 Siyasət"İranda tez-tez təyyarə qəzalarının baş verməsinin əsas səbəbi, bu ölkəyə tətbiq olunan sanksiyalardır. Çünki, sanksiyaların tətbiqi bu ölkəyə təyyarə və onun avadanlıqlarının satışını qadağan edir". Bu fikirləri "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə cənub qonşumuzda həftə sonu baş verən təyyarə qəzasına münasibət bildirərkən səsləndirib. O. bildirib ki, neçə illərdir ötən əsrin təyyarələrindən istifadə edən İranda bu kimi qəzalar davamlı olaraq baş verir: "İranla bağlanan "nüvə anlaşmasından" sonra, rəsmi Tehrana tətbiq olunan sanksiyalar tədricən aradan götürüldü. Dərhal, Tehran hakimiyyəti ABŞ-ın "Boing" şirkəti ilə 80 ədəd təyyarə alınması barədə müqavilə bağladı. Bu müqavilənin İranın təyyarə parkının yenilənməsinə və istismar müddəti başa çatmış sərnişin laynerlərindən birdəfəlik imtina etməsinə gətirib çıxaracağı planlaşdırılırdı". Politoloq hesab edir ki, Trampın hakimiyyətə gəlişindən sonra "nüvə anlaşmasının" ləğvi ilə bağlı çağırışları, sanksiyaların bərpa edilməsi, İranın "Boing" şirkəti ilə bağlamış müqavilənin ləğv olunmasına gətirib çıxara bilər: "İranın ümidlə gözlədiyi müasir sərnişin təyyarələrinə nə qədər ehtiyacı olduğu son qəzada 66 nəfərin həlak olması bir daha göstərdi. ABŞ İrana qarşı bu kimi sanksiyaları qüvvədə saxlasa, İranın yeni təyyarələrə çıxışı olmayacaq".