Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz
Radikal müxalifət yenə də öz ampluasındadır. Ənənəvi qeyri-sivil, qeyri-etik siyasi mübarizə, dövlətçiliyə, milli maraqlara zərbə vurmaq, xələl gətirmək cəhdi və s. Bir qayda olaraq radikallar ölkə mühüm ictimai-siyası hadisə, yaxud Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməsi ərəfəsində “aktivlik” dərəcəsini artırır, fəaliyyətinə yeni çalarlar qatır.
12 Fevral 2018 15:26 SiyasətBelə dəyişiklik heç kimə lazım da deyil
Radikal müxalifət yenə də öz ampluasındadır. Ənənəvi qeyri-sivil, qeyri-etik siyasi mübarizə, dövlətçiliyə, milli maraqlara zərbə vurmaq, xələl gətirmək cəhdi və s. Bir qayda olaraq radikallar ölkə mühüm ictimai-siyası hadisə, yaxud Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilməsi ərəfəsində "aktivlik" dərəcəsini artırır, fəaliyyətinə yeni çalarlar qatır. Bu baxımdan hazırda Azərbaycan prezident seçkiləri ərəfəsində olduğundan radikal düşərgənin də aktivləşməsi başadüşüləndir. Qeyd etdiyimiz kimi radikal düşərgə bir qayda olaraq siyasi mübarizədə qeyri-etik norma və prinsiplərdən istifadə etdiyi üçün prezident seçkiləri ərəfəsində də öz ənənəsinə sadiq qalıb. Bu dəfə radikalların Avropadakı tərəfdarları daha "fəaldırlar". Belə ki, ötəön illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin və Müsavat Partiyasının xətti ilə müxtəlif adlar altında Avropaya gedərək oradan sığınacaq alan antimilli ünsürlər məhz Azərbaycandakı liderlərinin diqtə və tapşırığı altında qoca qitədə ölkəmiz əleyhinə fəaliyyətə start veriblər. Tamamilə etik çərçivədən uzaq formada aparılan bu mübarizə cəmiyyətdə ciddi etiraz doğurur, qəti şəkildə pislənilir. Haqlı olaraq bu kimi mübarizə metodu erməni lobbisinin Azərbaycana qarşı apardığı mübarizə texnologiyası ilə eyniləşdirilir. Elə millət vəkili Adil Əliyev də Avropada Azərbaycan, Azərbaycan dövlətçiliyi, hakimiyyəti, prezidentinə qarşı bəzi antimilli ünsürlərin apardığı çirkin mübarizəni kəskin tənqid edib, qəti şəkildə pisləyib. Adil Əliyev qeyd edib ki, mübarizəni kişi kimi apararlar. Millət vəkili deyir ki, siyasi mübarizəni normal qəbul edir və harada seçki varsa, orada müxtəlif siyasi qütblərin mübarizəsi də var: "Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir. Deməli, Qərb ölkələrinə sığınan bəzi azərbaycanlılar prezidentimiz haqqında ağızlarına gələni danışır, təhqiramiz ifadələr işlədirlər və sosial şəbəklərdə bu səpkili görüntülər yayırlar. Olmaz belə. Ağlınızı başınıza yığın. Bəziləriniz burada quzu balası kimiydiniz, elə ki, Avropaya köçdünüz, "əjdahaya" dönmüsünüz, hamıya ağıl qoymağa çalışırsınız, xoşunuz gəlmədiyi insanları təhqir edirsiniz, əlinizə meqafon alıb özünüz kimi 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırsınız. Başa düşürəm, Avropada oturum haqqı almağın ağır şərtləri var və bəziləriniz bu haqqı almaq üçün isbat eləməlisiniz ki, guya sizi Azərbaycanda siyasi fikirlərinizə görə təqib ediblər, nahaq yerə həbsə atıblar və s. İndi də Avropada ona görə qışqırıb-bağırırsınız ki, avropalı məmurlara Azərbaycanı siyasi səbəblərə görə tərk etdiyinizə inandıra biləsiniz". Millət vəkili Adil Əliyev qeyd edib ki, ancaq avropalı məmurlar son illər xeyli təcrübə qazanıblar və bilirlər ki, bu kimi "izahların" çoxu antimilli ünsürlərin Avropada təqdim etdikləri sənədlər kimi saxtadır: "Həmin "sənədləri" də pulla müxtəlif partiyalardan almısınız. Təsadüfi deyil ki, son aylarda oturum almağın ən ağır olduğu Almaniyada neçə-neçə azərbaycanlını geri qaytarmağa qərar veriblər. Belələri hansı üzlə geri qayıdacaqlar? Axı yalanları üzə çıxacaq, ona görə də eyvana çıxıb özünü atmaq istəyən və bununla almaniyalı məmurları hədələyənlər də var. Bir ölkəni qeyri-leqal şəkildə başqasıyla əvəz edib qabyuyan işləməyə hazır olan da az deyil. Nə deyim, bu sizin öz seçiminizdir. Bizim seçimimiz isə vətənimizdə yaşayıb ölkəmizi inkişaf etdirmək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırmaq və məmləkətimizdə problemlər varsa, onların həllinə nail olmaqdır.Xaricə qaçmısınız, bu öz işinizdir, Azərbaycanı bəyənmirsiniz, buna da qarışmıram, ancaq gedib vətənə və dövlətimizin atributlarına təhqir yağdırmayın". Adil Əliyev bildirib ki, Azərbaycan prezidenti ilə Berlində, Parisdə mübarizə aparmaqdansa, torpaqlarımızı işğal edən Ermənistan prezidenti ilə mübarizə aparılsa, onun şəkli ayaqyolundan asılsa, asfalta yapışdırılsa daha yaxşı olar: "Budur əsl vətənpərvərlik.Yox, əgər Azərbaycanda dəyişiklik istəyirsinizsə, qayıdın ölkəyə, istədiyiniz müxalifət partiyasının üzvü olun və burada mübarizənizi aparın, Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz, belə dəyişiklik heç kimə lazım da deyil.Prezidentimizin də dediyi kimi, cəmiyyət sizin təriflədiyiniz 1990-cı illərin əvvəllərini yaşayıb, bir daha həmin günlərə qayıtmaq istəmir. Sizin Avropadan bağırtılarınız da o illərin xaosunu, anarxiyasını xatırladır.Nə yaxşı ki, qürbətdə yaşayan azərbaycanlıların içərisində ölkəsini sevən, Azərbaycan prezidentinin siyasətini dəstəkləyən, erməni lobbisi ilə mübarizə aparan soydaşlarımız da var. Çünki onlar saxtakar vətənpərvərlərdən fərqli olaraq prezidentin bütün ölkəni və milləti təmsil etdiyini anlayır, prezidentə qarşı deyil, Azərbaycanın düşmənlərinə qarşı mübarizə aparırlar. Mən onların bir çoxunu şəxsən tanıyıram, Arvopa ölkələrinə səfərlərim zamanı onlarla görüşüb fikir mübadiləsi aparmışam və erməni lobbisi ilə mübarizədə mümkün olan kömək və dəstəyimi də əsirgəməmişəm".
Süleyman