Cəmiyyətdən gələn sosial sifariş
Hakim Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında partiyanın sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ölkənin çoxminli gənclər ordusu tərəfindən də dəstəklənib.
9 Fevral 2018 14:40 SiyasətHakim Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında partiyanın sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ölkənin çoxminli gənclər ordusu tərəfindən də dəstəklənib. Ölkə gənclərinin mütləq əksəriyyəti hakim partiyanın qərarını alqışlayaraq İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsindən məmnunbluq ifadə edib və bunu tarixi qərar kimi qiymətləndiriblər. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI Qurultayı tarixi bir qərar qəbul etdi. Qurultay qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Hakim partiyanın Gənclər Birliyinin sədri qeyd edib ki, Azərbaycan gəncliyi bu qərarı böyük sevinclə qarşılayır: "YAP-ın VI Qurultayının belə bir qərar qəbul etməsi cəmiyyətdən gələn sosial sifarişdir". Seymur Orucov əminlikdə bildirib ki, Azərbaycan gəncliyinin seçimi cənab İlham Əliyevdir: "Artıq ölkə gəncliyi bu qərarla bağlı öz fikirlərini ictimai rəydə bölüşürlər. Xüsusilə, sosial şəbəkələrdə bu xəbəri paylaşır və cənab İlham Əliyevin qələbə qazanacağına əmin olduqlarını vurğulayırlar. Əlbəttə ki, gənclərin bu seçiminin ciddi əsasları var. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu gün uğurla davam etdirilən həmin siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq həm mahiyyət, həm də keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Yeni mərhələdə dövlət başçısı İlham Əliyev tərəfindən gerçəkləşdirilən gənclər siyasəti çox geniş spektrə malikdir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlərə imza atır, dövlətçilik ənənələrini daim uca tutur, ictimai-siyasi həyatda yaxından iştirak edir. Məhz həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib". YAP Gənclər Birliyinin sədri deyib ki, Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar və layihələr həyata keçirilir: "Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənclərin üzərinə böyük məsuliyyət qoyur. Ona görə də, gənclərimiz, o cümlədən YAP Gənclər Birliyinin üzvləri dövlətin etimadını layiqincə doğrultmağa çalışırlar. Bu baxımdan, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat kampaniyasında gənclərimiz fəal iştirak edəcəklər. Biz əminik ki, xalqımız bu dəfəki seçkidə də partiyamızın Sədri cənab İlham Əliyevi dəstəkləyəcək".
Türkiyə Universitetləri Məzunlari İctimai Birliyinin sədri Çingiz Bayramov da hakim Yeni Azərbaycan Partiyasının İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi qərarını alqışlayıb. İctimai Birlik sədri deyib ki, hakim partiyanın bu qərarı ölkə gənclərini də məmnun edib: "Çünki bu gün Azərbaycan gənci hər addımda dövlət dəstəyi, xüsusilə Cənab Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti 2003-cü ildən, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ötən 15 il ərzində Cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində Gənclər Fondu təsis edilib, gənclərin vətənimiz, millətimiz üçün faydalı olan layihələri dövlət tərəfindən maliyyələşdirilib, həm paytaxtda, həm də yerlərdə Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksləri, Yaradıcılıq Mərkəzləri tikilib istifadəyə verilib ki, bu gün gənclərimiz bütün qeyd etdiklərim imkanlardan istifadə edərək öz bacarıqlarını ortaya qoyurlar. Eyni zamanda Cınab Prezident müntəzəm olaraq gəncləri təltif edir ki, bu da onlarda daha fəal, çevik olmaları üçün stimul yaradır". Çingiz Bayramov bu gün gənclərimizin ölkənin ictimai-siyasi həyatında fəal olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu da gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan irəli gəlir: "Bu gün istər dövlət qurumlarında, hökumətin tərkibində, istərsə də qanunverici orqanda, parlamentdə, bələdiyyələrdə yüzlərlə gənc təmsil olunur. Bunun özü də gənclərimizin ictimai-siyasi fəallığının göstəricisidir". İctimai Birlik sədrinin sözlərinə görə, bütün bu sadalanan amillər onu deməyə əsas verir ki, aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərində ölkə gəncləri hər zaman olduğu kimi Cənab Ilham Əliyevə səs verəcəklər. Çünki gənclərimiz Azərbaycanın inkişafının davamlı xarakter almasının tərəfdarıdır. Gənclərimiz sabitlik, əmin-amanlıq, dinamik inkişaf, nailiyyətlər, ən əsası işğal altında olan ərazilərimizin tezliklə azad edilməsinin tərəfdarıdır. Bütün bunların qarantı və sadaladığım amilləri həyata keçirmək gücündə olan yeganə şəxs isə məhz Cənab İlham Əliyevdir. Biz gənclər olaraq əminik ki, bütün Azərbaycan ictimaiyyəti hər zaman olduğu kimi bu dəfə də, aprelin 11-də məhz İlham Əliyevə səs verəcək".
Füzuli