Ümumxalq mövqeyinin ifadəsi
Ötən gün hakim Yeni Azərbaycan Partiyasının qurultaylında partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyevin aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürülməsi təkcə YAP-da deyil, eləcə də ölkə ictimaiyyəti arasında məmnunluqla qarşılanıb. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti hakim partiyanın qərarına dəstək nümayiş etdirib ki, bu da bir çox səbəblərlə bağlıdır.
9 Fevral 2018 14:38 Siyasətİlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi belə qiymətləndirilir
Ötən gün hakim Yeni Azərbaycan Partiyasının qurultaylında partiyanın sədri, hazırkı dövlət başçısı İlham Əliyevin aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərinə namizədliyinin irəli sürülməsi təkcə YAP-da deyil, eləcə də ölkə ictimaiyyəti arasında məmnunluqla qarşılanıb. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti hakim partiyanın qərarına dəstək nümayiş etdirib ki, bu da bir çox səbəblərlə bağlıdır. Ən başlıca səbəb isə Azərbaycanın ötən 15 il ərzində İlham Əliyevin rəhbərliyi altında ciddi nailiyyətlər, uğurlar əldə etməsidir. Elə millət vəkili Məlahət İbrahimqızı da deyir ki, təmsil etdiyi partiyanın qərarı əslində, ümumxalq mövqeyinin ifadəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir: "Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Prezident İlham Əliyev dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi gənc ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib". Millət vəkili deyib ki, Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi: "Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik". Məlahət İbrahımqızı qeyd edib ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib: "Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda buraxılan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 80 faizədək artıb ki, bu da böyük nailiyyətdir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edim ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir". Millət vəkilinin sözlərinə görə, ölkəmizdə rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır: "Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb. Ölkədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir". Millət vəkili deyib ki, İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində Azərbaycan xarici siyasət sahəsində də bir sıra uğurlara imza atıb: "-Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi önəmi vurğulanmalıdır. Bilirsiniz ki, ötən illər ərzində ölkəmizdə siyasi, iqtisadi, humanitar, mədəni və idman xarakterli beynəlxalq tədbirlər keçirilib. Bunların sırasında Humanitar Forumları, sivilizasiyalar arasında dialoqa xidmət edən tədbirlər və s. qeyd etmək olar. Eləcə də, ölkəmizdə "Eurovision-2012", Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var". Məlahət İbrahımqızı onu da ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət kursunun mühüm strateji istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir.Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik sahədə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb". Millət vəkili onu da deyib ki, münaqişənin ədalətli həlli üçün beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqe tutmalıdırlar. Çünki işğalçı Ermənistana təzyiqlər olmadığı üçün münaqişənin həlli uzanır. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq".
Süleyman