YAP İlham Əliyevin namizədliyini irəli sürdü
Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdiyi qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib. Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.
8 Fevral 2018 16:33 SiyasətDövlət başçısı: "Ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək"
Fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib. YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdiyi qurultayda partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib. Dövlət başçısı YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib. Dövlət başçısı bildirib ki, Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir. Prezident deyib ki, 700 mindən çox üzvü olan siyasi təşkilata gənclərin axını davam edir: "Son 25 ildə partiya şərəfli yol keçib, bütün seçkilərdə qələbə qazanıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyət xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində aradan qaldırılıb. 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində nailiyyətlər qazanılıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ölkəmizin sürətli inkişaf illəridir. Vəzifələr uğurla həllini tapıb, vədlər həyatda öz əksini tapıb. Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir. Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək". Dövlət başçısı qeyd edib ki, bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək . Əlavə edib ki, ölkədə bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır: "Bu, vətəndaş sülhünün əsas şərtidir. Azərbaycan dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanınır. Yürüdülən xarici siyasət özünü doğruldub, Azərbaycanın dostlarının sayı artıb. Bir neçə il əvvəl 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan müsəlman aləmində çox böyük dəstək qazanıb. Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir".
Dağlıq Qarabağ məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. "Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın" deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir. Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezident İlham Əliyev təcrid siyasətinin torpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib. Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir".
Prezidenti İlham Əliyev deyib ki, ölkəmizdə ictimai asayiş qorunur, kriminogen durum çox müsbətdir, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: "Bunu Azərbaycan vətəndaşları yaxşı bilirlər, ölkəmizə gələn çoxsaylı turistlər görürlər. Təhlükəsizlik və sabitlik bizi fərqləndirən müsbət amillərdir. Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır". Dövlət başçısı qeyd edib ki, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir: "Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır".
Azərbaycanın xarici siyasətinə toxunan dövlət başçısı qeyd edib ki, Avropa ölkələri ilə yaxın münasibətlərimiz var: "Keçən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlanır. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlardır. Bizim siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Bizim üçün də bu əməkdaşlıq çox önəmlidir ". Prezident İlham Əliyev deyib ki, Azərbaycan müasirliyə gedən yoldadır: "Biz inkişaf etməliyik, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik. Bu, artıq dünya ictimaiyyəti üçün açıq kitab kimi bir anlayışdır və indi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır".
Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq: "Bu günə qədər 270 minə yaxın köçkün evlərlə təmin edilib. Bu il 20 minə yaxın, bəlkə də bundan da çox köçkünü yeni evlərlə təmin edəcəyik. Bu siyasət davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunandan sonra biz bu gün erməni vəhşiləri tərəfindən dağıdılmış bütün şəhərləri, kəndləri yenidən quracağıq. Cocuq Mərcanlı kəndinin timsalında bütün dünya görür ki, biz buna qadirik, bunu qısa müddət ərzində edə bilərik. Bir daha bütün dünya əyani şəkildə görür ki, Azərbaycan xalqı, köçkünlər bir amalla yaşayırlar. Tezliklə öz doğma torpaqlarına qayıtmaq arzuları var və hətta köçkün şəraitində doğulmuş, heç vaxt öz torpağını görməmiş uşaqlar, gənclər də bu arzu ilə yaşayırlar. Bu gün onların bir hissəsi artıq Cocuq Mərcanlıda, öz dədə-baba torpağında məskunlaşıb. Bu da Azərbaycan xalqının yenilməz ruhunu bir daha bütün dünyaya göstərir".
Dövlət başçısı vurğulayıb ki, bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik: "Əvvəlki illərdə də çox ciddi iqtisadi islahatlar aparılıb. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıb, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq".
Prezident qeyd edib ki, Azərbaycan indi nəhəng enerji layihələri icra edir: "Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olub, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. "Şahdəniz-2" layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Qeyd etdiyim kimi, "Azəri-Çıraq" yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur. Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir".
Qurultayda edilən çıxışlarda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi təklif olunub. Qurultay İlham Əliyevin namizədliyini səsə qoyub və təklif qəbul olunub. Bununla da YAP növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb. Qeyd edək ki, bu ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Alim