Radikal müxalifətin növbəti seçki şousu
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam müxalifət, xüsusilə onun radikal düşərgəsi üçün gözlənilməz “sürpriz” oldu desək yanılmarıq. Planlarını bu ilin oktyabrına nəzərdə tutulan seçki üçün quran radikallar nəinki seçki hazırlıqlarına başlamış, hətta namizəd belə müəyyən etməmişdilər.
8 Fevral 2018 15:10 SiyasətVə ya növbədənkənar seçki qərarı radikalları məğlubiyyət rəzilliyindən sığortaladı
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam müxalifət, xüsusilə onun radikal düşərgəsi üçün gözlənilməz "sürpriz" oldu desək yanılmarıq. Planlarını bu ilin oktyabrına nəzərdə tutulan seçki üçün quran radikallar nəinki seçki hazırlıqlarına başlamış, hətta namizəd belə müəyyən etməmişdilər. Ona görə də növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam radikallar üçün şok efekti yaratmış oldu. Elə bu səbəbdən də hazırda bu qüvvələr əsas fəaliyyəti, diqqəti növbədənkənar seçkilərin keçirilməsinin səbəblərini araşdırmağa, eyni zamanda öz illüziyalarına uyğun mövqe ortaya qoymağa yönəldiblər. Bununla paralel olaraq radikal müxalifət seçki prosesinin gözdən salmağa, cəmiyyətin seçkilərə olan inamını azaltmağa yönəlik də fəaliyyət ortaya qoyurlar. Bu düşərgənin növbədənkənar seçkilərin keçirilməsinə axtardığı səbəb və ona göstərdiyi əsas sırasında ən diqqət çəkəni və gülünc doğuranı isə özlərini güclü siyasi qüvvə kimi qələmə vermələridir. İddia edirlər ki, hakimiyyət bu dəfəki seçkilərdə müxalifətin ciddi qələbə qazanacağından ehtiyat etdiyi üçün növbədənkənar seçki qərarı verərək müxalifəti hazırlıqsız vəziyyətdə yaxaladı. Təbii ki, heç bir məntiqə və həqiqətə söykənməyən bu yanaşma cəmiyyət, onun fəal təbəqəsi, analitiklər tərəfindən də doğru qəbul edilmir və bu müxalifətin öz məğlubiyyətini əvvəlcədən sığortalamağa çalışan fəaliyyəti kimi qiymətləndirilir. Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. O, bildirib ki, radikalların hər şeydə bir əmma axtarmaq köhnə adətidir və onlardan başqa cür yanaşma, mövqe gözləmək də əbəsdir: "Fiki8r vermisinizsə radikal müxalifət istənilən addıma, verilən qərara, görülən işlərə ancaq qara yaxmaq, onları gözdən salmaqla məşğuldur Onların yalnız bir məqsədi var. Necə olursa-olsun Azərbaycan hakimiyyətini gözdən salsınlar, onun üfuzuna xələl gətirsinlər. Bundan ötrü radikal müxalifət hətta erməni lobbisi ilə də bazarlığa getməyə hazırdır". Ramiz Alıyev radikal müalifətin növbədənkənar seçkilərin təyin olunmasını onların oktyabrda keçirilməsi planlaşdırılan seçkilərdə qələbə qazanmaq şansının böyük olması ilə bağlı əsaslandırmasını da gülünc hesab edib: "Məgər radikal müxalifət düşərgəsi seçkilərdə hansısa uğur qazanmağa qadirdir? Bu düşərgədə təmsil olunan iki partiya, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası uzun illərdir seçkilərdə mübarizə apara biləcək vahid namizəd müəyyən edə bilmirlər. Yaxud hər dəfə milyonları, on minləri meydanlara çıxaracağını bəyan edən Milli Şura adlı qurum keçirdiyi aksiyalara 300-500 nəfərdən artıq insan yığa bilmirsə, hansı qələbədən danışır". Ramiz Alıyev deyib ki, əslində dövlət başçısı növbədənkənar seçki qərarı verməklə radikalları növbəti rəzillikdən xilas etmiş oldu: "Çünki seçkilər oktyabrda keçirilsəydi, o zamana qədər AXCP və Müsavat Partiyası seçkilərdə iştirak edəcək namizəd müəyyən etmək uğrunda yenidən savaşa girəcək, bir-birini sosial şəbəkələrdə rəzil-rüsvay edəcəklərdi. Nəticə də hər zamankı seçki kimi uğursuz olacaqdı və cəmiyyət bir daha müxalifətin iç üzünü görəcəkdi. Bu mənada deyərdim ki, növbədənkənar seçki radikal düşərgəni növbəti rəzillikdən xilas etmiş oldu. Təsadüfi deyil ki, artıq AXCP seçkini boykot qərarı verib. Müsavat Partiyasının isə seçkilərdə iştirak edib-etməyəcəyi hələ dəqiq deyil. Çünki bu partiya da verdiyi qərarları tez-tez dəyişən, üzvlərini məyusluğa uğradan bir siyasi təşkilatdır". Ramiz Alıyev hesab edir ki, radikal müxalifətin seçkiləri boykot etməsi nəticə etibarilə heç nəyi dəyişməyəcək. Çünki bu düşərgənin cəmiyyətdə heç bir sosial dayağı, bazası yoxdur.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə deyib ki, müxalifət həmişəki kimi məğlubiyyəti əvvəlcədən hiss elədiyinə görə seçkilərin 6 ay əvvələ təyin olunması ətrafında şou yaratmağa çalışır: "Guya ki, hakimiyyət qələbə qazanmaq üçün seçkilərin tarixini məqsədli şəkildə dəyişib. Bu yalanla özünüzü aldada bilərsiniz, amma Azərbaycan xalqını yox. Seçkilər ya oktyabrda keçirildi, ya apreldə, siz zatən məğlubsunuz. Bu vaxta qədər oktyabrda keçirilən seçkilərdə hansı uğuru qazanmışdınız ki, aprel ayına da belə qıcıq olursunuz? Bunu birdəfəlik başa düşün ki, bu gün Azərbaycan siyasi mühitində İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi yoxdur. Azərbaycan xalqı öz prezidentinin fəaliyyətinə ən yüksək qiyməti verir və ona sonsuz etimad göstərir. Prezident seçkilərinin ilin hansı ayında olur-olsun keçirilməsi onun nəticələrinə təsir göstərə bilməz. Buna heç kəsin şübhəsi yoxdur". Əkrəm Həsənov onu da qeyd edib ki, bu ərəfədə ölkədə baş verən bu və ya digər hadisələri də müxalifət öz məntiqinə uyğun qiymətləndirir: "Bu günlərdə Müdafiə Sənayesi Nazirliyinə aid bir zavodda partlayış baş verməsi müxalifətin əsil simasını yenidən üzə çıxarıb. Şayiə yayıblar ki, guya bu partlayış təsadüfə oxşamır, yaxud da hakimiyyət bunu qəsdən edir.
Bunlar o qədər səviyyəsizləşiblər ki, ölkədə baş verən faciəvi hadisələrdən də siyasi xallar qazanmaq naminə istifadə edirlər. Əllərində imkan olsa, göydə şimşəyin çaxmasını, Bakıya niyə qarın yağmamasını da hakimiyyətlə əlaqələndirərlər. Buna müxalifətin astronomik bəhanəsi də demək olar. Məğlubiyyətlərini belə gülünc iddialar, şayiələrlə ört-basdır etməyə çalışırlar. Utanın buna görə. Sizdə xalqın qarşısına çıxmağa üz olmamalıdır". Milli Şura adlanan qurumun prezident seçkilərini boykot etmək qərarına da toxunan Əkrəm Həsənov deyib ki, onlar üçün seçkinin aprel və ya oktyabrda keçirilməsinin heç bir fərqi yoxdur. Çünki bütün halda radikal düşərgə cəmiyyət tərəfindən dəstək almadığı üçün seçkidən məğlub ayrılır: "Onlar üçün nə fərqi var axı, seçkilər oktyabrdadır, ya apreldədir. Guya oktyabrda olsaydı, seçkiləri udacaqdılar? Onları narahat edən əsas məsələ qrant biznesinizə zərbə dəyməsidir. Çox güman ki, xaricdəki mərkəzlərlə mitinqlər üçün danışıqlar prosesinə yay aylarında başlayacaqdılar. Onların itirdiyi yalnız bu ola bilər. Bu aradaMüsavat Partiyasında da seçki ilə bağlı fikir ayrılıqları hökm sürür. Müsavat Partiyasında hələ taktikanı müəyyən etməyiblər. Partiyanın sədri Arif Hacılı deyib ki, yaxın günlərdə qurultay keçirəcəklər və növbədənkənar seçkilərlə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Bundan əvvəl partiyanın lideri İsa Qəmbər payızı nəzərdə tutaraq seçkilərdə iştirakını elan etmişdi. Dünya praktiaksında belədir ki, müxalif partiya və bloklar ən azı 1 il əvvəldən seçkilərə tam şəkildə hazırlaşmış olurlar. Bunlar dərsi məktəbdə oxuyan şagirdlər kimi, seçkiyə də 3-4 ay qabaq hazırlaşırmışlar. "Real"çılar isə yenə də ölkədə cərəyan edən siyasi prosesləri rəhbərlərinin köpük reklamı üçün istifadə etdilər. Bu onlar üçün, bəlkə də, normaldır. Bəs, onlara inananlar? Bir də ki, İlqar Məmmədovun nə zaman buraxılacağından asılı olmayaraq, onsuz da prezidentliyə namizəd ola bilməyəcəkdi. Çünki onun ağır cinayətə görə məhkumluğu var. Konstitusiyamızın 100-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər göstərilib. O tələblərdən biri belədir: "...ağır cinayətə görə məhkum olunmayan..". Əkrəm Həsənov hesab edir ki, hazırkı reallıqlar çərçivəsində İlham Əliyev Azərbaycanın bütövlüyünün və suverenliyinin yeganə təminatçısıdır: "Mövcud siyasi sistemdə ölkə rəhbərliyi uğrunda mübarizədə heç kəs İlham Əliyevlə müqayisə oluna bilməz. Azərbaycan xalqı başa düşür ki, İlham Əliyevin alternativi xaos və böhrandır. Ötən 14 il ərzində İlham Əliyevin yürütdüyü müstəqil, milli maraqlara xidmət edən və ardıcıl siyasət kursu ölkənin hərtərəfli və sürətli inkişafını təmin edib. Cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən birinə çevrilib. Bütün bunlar Azərbaycan xalqının Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir".
S.İsmayılbəyli