Azərbaycan demokratiya yolunda daha bir addım irəliləyəcək
Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hesab olunur ki, ölkə Konstitusiyasının norma və prinsiplərinə tamamilə uyğun olan bu qərar çox mühüm hüquqi, siyasi məsələlər nəzərə alınaraq verilib.
7 Fevral 2018 14:50 SiyasətNövbədənkənar prezident seçkisi demokratik və ədalətli keçiriləcək
Ölkə başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyi sərəncam ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Hesab olunur ki, ölkə Konstitusiyasının norma və prinsiplərinə tamamilə uyğun olan bu qərar çox mühüm hüquqi, siyasi məsələlər nəzərə alınaraq verilib.
Qeyd edək ki, prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.YAP Siyasi Şurasının üzvü, parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, növbədənkənar prezident seçkisinin şəffaf və demokratik şəraitdə keçiriləcəyi heç kimdə şübhə doğura bilməz: "Ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevin sərəncamını çox yüksək qiymətləndirirəm, onun hər bir qərarı kimi, bu qərarı da hakim partiyanın üzvləri tərəfindən birmənalı şəkildə qəbul olunur, dəstəklənir. Burada ikinci bir söz, başqa mövqe ola bilməz". H.Rəcəbli qeyd edib ki, o, Yeni Azərbaycan Partiyasının ali qurumunda, Siyasi Şurada təmsil olunur: "Bizim də YAP olaraq, prezidentliyə bir namizədimiz var ki, o da sədrimiz cənab İlham Əliyevdir. Bu qərar da elə-belə verilməyib. İstər cəmiyyətimizdə, istər dünyamızda çox önəmli hadisələr, ptoseslər yaşanır. Cənab Prezident də həmin hadisələrə və proseslərə uyğun, adekvat olaraq addımlar atır və son sərəncam da məhz bu məntiqdən irəli gəlir. Burada indi başqa nəsə axtarmağa da ehtiyac yoxdur və ölkə prezidentinin bütün addmları kimi, bu addımı, bu sərəncamı da hər birimiz, 710 minlik YAP ordusu tərəfindən çox yüksək qiymətləndirilir, birmənalı qəbul və təqdir olunur". Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə deyib ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi ölkədə cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır: "Nəzərə alaq ki, bu il Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir. Odur ki, Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə təşkil etməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir. Prezident seçkilərinin vaxtını əvvələ çəkməklə isə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək. Eyni zamanda, prezident seçkiləri ölkə Konstitusiyasında nəzərdə tutulduğu kimi, bu ilin oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Bununla yanaşı, Cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq. Bir sözlə, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti növbədənkənar seçkilərini də digər seçkilər kimi, lazımi qaydada, demokratik və ədalətli şəkildə keçirəcək, Azərbaycan demokratiya yolunda daha bir addım irəliləyəcək". Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da deyib ki, İlham Əliyevin sərəncamı ilə növbədənkənar Prezident seçkilərinin aprelin 11-nə təyin edilməsini yüksək qiymətləndirir və hesab edir ki, bu, Azərbaycanın ali qanununun - Konstitusiyasının norma və prinsiplərinə tam uyğundur. Deputat qeyd edib ki, bu, meydan davaları, küçə savaşları, vətəndaş toqquşmaları ilə müşayiət olunan və ya xaricdən hər hansı qüvvənin ssenarisi əsasında, onların dirijor çubuğu ilə gerçəkləşdirilən hadisə deyil: "Biz ötən on illər ərzində seçicilərin iradəsi ilə hakimiyyət institutlarının formalaşdığının şahidi olmuşuq. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırıldı. Belə bir situasiya meydana çıxırdı ki, prezident və parlament seçkiləri 2025-ci ildə yaxın aylara təsadüf edir. Bu da siyasi dayanaqlılığa mənfi təsir göstərə bilər. Bu, Qərb təcrübəsidir. Düşünürəm ki, bu məqamlar nəzərə alınıb. Bu il keçiriləcək Prezident seçkilərində iddiaçılar iştirak imkanlarını saxlayırlar. Seçki oktyabrda keçirilsəydi, ölkədə 25 ildir, özlərini hakimiyyətdən kənar saxlayanlar, elektoral bazanı itirənlər, siyasi tənha durumuna gəlib çatanlar seçkiyə fərqli durumda daxil olacaqdılar? Burada hansı hazırlıq məsələsindən söhbət gedə bilər? Yəni vaxtın tez və ya gec olması vəziyyəti dəyişmir. Bu qərarın verilməsinə həm ölkənin təhlükəsizlik maraqları, həm ölkənin siyasi gələcəyi, həm də hakimiyyət orqanlarının formalaşmasındakı zaman ardıcıllığı təsirini göstərib". Deputat bildirib ki, Prezidentin növbədənkənar Prezident seçkiləri ilə bağlı imzaladığı sərəncam ətrafında spekulyasiya quranların mövqeləri əsassızdır: "Bunu onların özləri dəfələrlə tələb ediblər. Xatırlayıram ki, yalnız prezident seçkilərinin deyil, digər təsisatlar üçün də belə seçkilərin keçirilməsini ortaya qoyurdular. Azərbaycanda seçkilər xalqın iradəsi əsasında keçirilir. Prezident İlham Əliyev komandasında da islahatlar aparıb, yəni yenilənmə geniş şəkildə olub. Bu baxımdan növbədənkənar Prezident seçkilərinin keçirilməsi xalqın maraqlarına uyğundur". Z.Oruc Prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bu illər ərzində siyasi əqidəmə görə Heydər Əliyev siyasi kursuna mənsub olmuşam. Bunun üçün də həmişə fəxr etmişəm. Siyasət komandalı mübarizədir. Önəmli məsələ birincilik uğrunda mübarizə aparmaq deyil. Əsas məsələ ideyalarla, starteji baxışlarla dövləti qərarlarda yer almaqdır. Azərbaycanda müxalif qüvvələr də fəaliyyətlərini uzlaşdırırlar ki, qüvvə parçalanmasın. Bu baxımdan komandalılıq siyasi prinsiplərinə əsasən qərar veriləcək".
Nurlan