Müsavat “Milli Şura”- AXCP cütlüyünün hədəfində MÜXALİFƏT

Növbədənkənar seçki qərarının verilməsi radikal düşərgədə fikir ayrılığına səbəb olub. Belə ki, bir sıra partiyalar seçkiyə qatılacaqlarını, digərləri isə qatılmayacaqlarını, üstəlik aksiyalar keçirəcəklərini iddia edirlər.

Radikal düşərgədə seçki qalmaqalları artır

Növbədənkənar seçki qərarının verilməsi radikal düşərgədə fikir ayrılığına səbəb olub. Belə ki, bir sıra partiyalar seçkiyə qatılacaqlarını, digərləri isə qatılmayacaqlarını, üstəlik aksiyalar keçirəcəklərini iddia edirlər.

Bu arada uzun illərin düşmənləri olan cəbhəçilərlə müsavatçılar arasında kəskin qarşıdurmalar yaşanmaqdadır. Məsələ ondadır ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin "Milli Şura" ilə birgə seçkiləri boykot edəcəyini deməsi vəziyyətin gərginləşməsinə səbəb olub. Daha doğrusu, "Milli Şura"nın sədri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında seçkiləri boykot etmək, eləcə də kütləvi aksiyalar keçirmək ətrafında etdiyi çağırışları müxalifətdə birmənalı qarşılanmayıb.

İsa Qəmbər, Aarif Hacılı və s. Müsavat yetkililəri ən ağır ifadələrlə təhqir obyektinə çevrilir, riyakarlıqda günahlandırılırlar

Xüsusilə, seçkilərdə "MSDM" sədri, həmçinin Müsavatın sabiq başqanı olan İsa Qəmbərin namizədliyinin irəli sürüləcəyi barədə fikirlərin gündəmdə olması cəbhəçiləri qıcıqlandırıb. Düzdür, müsavatçıların hazırkı başqanı Arif Hacılı seçki taktikalarının müəyyən eidlmədiyini desə də, yaxın günlərdə qurultayın keçiriləcəyi və növbədənkənar seçkilərlə bağlı dəqiq fikrin müəyyənləşəcəyi bildirilib. Hətta bir neçə ay öncə İ.Qəmbər də seçkilərdə iştirakını elan etmişdi. Bugünə qədər müsavatçıların hələ də dəqiq qərar verməmələri isə onların seçkiyə gedəcəkləri ehtimalını artırmış olur.

Nəticədə bu amili hədəfə alan AXCP-çilər sosial şəbəkələrdə və müxtəlif kuluarlarda Müsavat üzvlərini müxalifətçiliyə xəyanət etməkdə, "hakimiyyətə işləməkdə" suçlayırlar. Hətta İ.Qəmbər, A.Hacılı və s. Müsavat yetkililəri ən ağır ifadələrlə təhqir obyektinə çevrilir, riyakarlıqda günahlandırılırlar.

Söz yox ki, müsavatçılar da boş dayanmır və Ə.Kərimlinin illər öncə parlament və prezident seçkilərindəki xəyanətlərini xatırladırlar, eləcə də edilən həqarətlərə daha ağır tonda həqarətlər edilir.

Seçkini boykot edəcəklərini iddia edənlərin bu addımları heç bir ictimai-siyasi dəstək almayacaq

Digər maraqlı məqam isə seçkiyə getmək istəyənlərlə getməyəcək müxalifət partiyalarının qarşıdurmalarının eyni konteksti əhatə etməsidir. Məsələn, son vaxtlar aralarında kəskin qarşıdurmalar yaşanan REAL hərəkatı da AXCP-nin taktikasından çıxış edir, KXCP, "Ümid", VİP, "Ağ partiya", ADP, VHP, AMİP, ALP kimi partiyalar isə seçkiyə qatılmaq marağında olduqlarını bildirirlər. Bu isə bir daha sübut edir ki, parçalanmış və heç vaxt bir yerdə olmayan müxalifət yenə də bir neçə qanada bölünüb. Bu baxımdan, nəticəyə gəlmək olar ki, seçkini boykot edəcəklərini iddia edənlərin bu addımları heç bir ictimai-siyasi dəstək almayacaq. Əlbəttə ki, özlərinə də növbəti zərbəni vurmuş olacaq.

Rövşən Rəsulov

Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31