Türkiyəli nazir Milli Məclisdə olub
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
2 Fevral 2018 11:40 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, spiker deyib ki, Azərbaycan və Türkiyə iki qardaş ölkədir: "Bizi eyni kök, ortaq tarix və zəngin mədəni dəyərlər birləşdirir. Münasibətlərimiz bütün dünyada nümunə göstəriləcək səviyyədədir. Heç də təsadüfi deyildir ki, əlaqələrimiz bu gün həm də strateji xarakter daşıyır". O.Əsədov bildirib ki, qarşılıqlı yüksək səviyyəli səfərlər, xüsusilə də dövlət başçılarının səmimi və yaxın münasibətləri ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır. Spiker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışındakı iştirakını və Prezident İlham Əliyevin bu ölkəyə son səfərini xatırlayaraq, münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğuladı. Bildirildi ki, bu günə qədər ölkələrimiz arasında 213 sənəd imzalanmış, 30-a yaxın sənəd isə baxılmaq üzrədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə ilk səfərinin və burada keçirilən görüşlərin onda xoş təəssürat oyatdığını deyib. Bildirib ki, nazir kimi onun Azərbaycana ilk səfəri müvafiq qurumlar arasında əlaqələrin inkişafı baxımından çox önəmlidir. Türkiyə hökuməti Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək əzmindədir.