Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki,...

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyir ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. 

Seymur Orucov: "Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır"

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyir ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır: "Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar".YAP Gənclər Birliyinin sədri deyib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir: "Ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar".

Seymur Orucov bu gün Azərbaycan gəncinin qarşısında duran vəzifələrdən də danışıb. Bildirib ki, hər bir cəmiyyətin dinamikliyini qiymətləndirirəkən gənclərin potensialının necə səfərbər olunmasına, onların müasir qlobal çağırışlara hansı səviyyədə cavab verməsinə xüsusi diqqət yetirilir: "Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və digər çağırışlara cavab verməklə həm beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verirlər, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin, ahəngdarlığın təmin olunmasına xüsusi rol oynayırlar. Gənclərin qlobal çağırışlara adekvat cavab verməsi məsələsindən bəhs edərkən, ilk növbədə, müasir dövrdə qarşıya çıxan çağırışların xarakteristikasına, mahiyyətinə diqqət yetirmək lazımdır. Qeyd etdiyiniz kimi, müasir dövrdə, qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Çünki qloballaşma prosesinin geniş vüsət aldığı indiki dövrdə milli-mənəvi dəyərlərin sıradan çıxması və ya "dəyərsizləşmə" sindromunun meydana çıxdığı müşahidə edilir. Belə olan halda, milli dəyərlərin qorunması və bunun əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsi strateji bir zərurətə çevrilir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə, dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr verməlidir". O, qeyd edib ki, təmsil etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir: "Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki , partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etməsi hərtərəfli dəstək göstərir. Bütün bunlara görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti öz siyasi talelərini YAP-la bağlayırlar. Hazırda partiyada gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Bu gün partiyamızın üzvlərinin sayı 700 min nəfərdən çoxdur və yeni qoşulanların əksəriyyəti də məhz gənclərdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31