""Bakı-Tiflis-Qars” dəmiryol layihəsi prezidentin şəxsi prinsipiallığının təzahürüdür”

"Ermənilərin Qars torpaqlarına iddialarına rəğmən, simvolik olaraq 30 oktyabr 2017-ci ildə "Bakı-Tiflis-Qars" dəmiryolu layihəsinin təqdim olunması, çox böyük uğurdur". Bu fikirləri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edən Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, regionların sosial-iqtisadi inkişafı ötən dövr ərzində də dövlətin xüsusi diqqətində saxlanılıb:

"Azərbaycan təkcə paytaxtdan ibarət deyil. Əsas münbit torpaq sahələri, infrastrukturun bərpası tələb olunan məkanlar, əmək qabiliyyətli əhalinin 50 faizə qədəri məhz bölgələrdə yerləşməkdədir. Belə olan halda Bakıya axının qarşısının alınması və ölkənin strateji mənada təhlükəsizliyinin qorunub saxlanması üçün regionları professional şəkildə inkişaf etdirmək ən önəmli məqsədlərdən biridir. Xatırlayın, hətta Qarabağ müharibəsinin ağır nəticələri olmasaydı da, Sovetlərin çökməsi ilə həmin bölgələr çox ağır, çətin sınaqlar qarşısında qalmışdılar. Bunun iki səbəbi vardı. Biri o idi ki, Sovet planlı təsərrüfat sistemi artıq geridə qalmışdı. Digər tərəfdən isə innovativ proqramlar, müasir qabaqcıl texnologiya, iş təcrübəsi, peşəkar kadrlara böyük ehtiyac vardı. Məhz bu boşluqları doldurmaq üçün ötən 15 il ərzində hökumət tərəfindən bu sahədə son dərəcə vacib tədbirlər görüldü. Cənab prezident bu mövzuda görülən işlər haqqında çıxışında çox dolğun məlumatlar verdi. Bu sahədəki yeniliklərə ölkə büdcəsindən böyük vəsaitlər ayrıldı. Xüsusi olaraq qeyd etmək istədiyim məqamlardan biri isə Azərbaycanda təhlükəsizliyin sabitliyi istiqamətinə yönəldilən işlərdir. Bu gün xaricdən gələn qeyri-sabit münasibətlərə baxmayaraq, Azərbaycanın regiondakı mövqeyinə görə, məhz prezident İlham Əliyevin proqramlı siyasətinə borcluyuq. Az qala Xəzərin o tərəfindən aparılan siyasi-iqtisadi müharibələr günümüzün reallığıdır. Bilirsiz ki, bu "hibrit savaşlar" termini təsadüfi yaranmayıb. Bu dəqiqə dünya üzərində yalnız tank-top vasitəsilə silahlı qarşıdurmalar aparılmır. Eyni zamanda, ticarət, maliyyə, bank sisteminin çökdürülməsi, təhdidlər və s. üzərindən də genişmiqyaslı müharibələr vüsət alıb".

Z.Oruc qeyd edib ki, bu gün dünya ölkələrinin nümayəndələri Bakının neytral, diplomatik mövqeyindən istifadə edərək, burada rəsmi görüşlər keçirirlər:

"Buna səbəb isə Azərbaycanın nə Moskvanın, nə də Qərb dövlətlərinin əleyhinə haqsız siyasət yeritməməsidir. Məsələ təkcə regionlarla bağlı siyasətdə deyil. Azərbaycan transmilli layihələr həyata keçirir ki, bu da öz növbəsində yalnız ölkənin iqtisadi-siyasi mənafelərinə xidmət etmir, eləcə də strateji sabitliyin təşkilində fundamental rol oynayır. Davos forumunda Azərbaycan öz proqramlaşdırılmış siyasətini, qərəzsiz mövqeyini ortaya qoydu. Düşünürəm ki, 2018-ci il üçün ölkənin iqtisadi-siyasi fəaliyyətində əsas vəzifələr müəyyənləşdirilərkən, siyahıda ötən illərdə prioritet mövzulardan biri olan korrupsiya ilə mübarizə yenidən öz əksini tapacaq. Prezident İlham Əliyevin çıxışı zamanı bu məsələyə də toxunması, düşünürəm ki, bəzi məmurlar üçün bir ismarış idi".

Ötən il Azərbaycanın bir sıra böyük layihələrə təşəbbüs etməsindən danışan millət vəkili qeyd edib ki, bu mövzuda ölkə iqtisadiyyatı üçün ən önəmli məqamlardan biri "Bakı-Tiflis-Qars" dəmiryol layihəsinin təqdimatı oldu:

"Fikrimcə, bu layihə ermənilərin Qars torpaqlarına iddiaları fonunda çox böyük uğurdur. Bu dəmir yolu xətti Azərbaycan iqtisadiyyatına təkan verməklə yanaşı, siyasi gücümüzü də dünyaya göstərdi. Onu da deyim ki, cənab İlham Əliyevin siyasəti nəticəsində, ölkədaxili resursların daha da inkişaf etdirilməsi ilə əsas hədəfi düz tutaraq, 2050-ci ilə qədər ölkənin iqtisadi-siyasi gəlirlərinin maksimum həddə çatdırmaq planlaşdırılır". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31