Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatıb

Dünyada iqtisadi gərginliyin hökm sürdüyü məqamda Azərbaycanda iqtisadi inkişaf müşahidə olunmaqdadır. Üstəlik ölkədə iqtisadi dayanıqlığın təmin olunması sosial layihələrin həyata keçirilməsinə zəmin yaradır.

Ölkəmizin yeganə problemi Dağlıq Qarabağ məsələsidir

Dünyada iqtisadi gərginliyin hökm sürdüyü məqamda Azərbaycanda iqtisadi inkişaf müşahidə olunmaqdadır. Üstəlik ölkədə iqtisadi dayanıqlığın təmin olunması sosial layihələrin həyata keçirilməsinə zəmin yaradır. Azərbaycanda həyata keçirilən sosial siyasət cəmiyyətin bütün kateqoriyalarını əhatə edir. Məlum olduğu kimi hazırda dünyada miqrant böhranı yaşanır ki, bu da inkişaf etmiş ölkələr üçün əlavə problemlər yaratmaqdadır. Azərbaycan isə on illərlədir ki, bir milyona yaxın qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin sosial prblemlərinin həlli ilə məşğuldur. O da faktdır ki, dünya ölkələrindən fərqli olaraq Azərbaycanda bu siyasət uğurla həyata keçirilir. Nəticə etibarilə bu siyasət vətəndaşların rifah halının yüksəlməsində mühüm rol oynayır. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd edib ki, ölkədə sosial problemlərin həlli uğurla davam etdirilir: "Gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir". Yeri gəlmişkən xatırladaq ki, ölkə vətəndaşlarının sosial problemlərinin həlli, əhalinin maddi-rifah halının yüksəldilməsi, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Övlət başçısının biləvasitə tapşırığı ilə sadalanan sahələr üzrə xeyli işlər görülüb. Təkcə qaçqın və məcburi köçkünlər üçün salınan yeni şəhərciklər bu kateqoriyadan olan insanlara dövlət qayğısının bariz nümunəsi kimi qəbul edilə bilər. Özü də dövlətin bu siyasəti ardıcıl xarakter daşıyır və bundan sonra da davam etdiriləcəyi şübhəsizdir. Elə prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasətinin davamlı olacağını bəyan edib: "Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir. Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaqdır. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq".
Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, ölkəmizdə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Azərbaycanın bugünki inkişaf səviyyəsinə gəlib çatmasına səbəb olub. Millət vəkili bildirib ki, proqramdan irəli gələrək qarşıya qoyulan bütün hədəflərə çatılıb: "Bütün görülən işlər sayəsində Azərbaycan bu gün təkcə daxili hesabatlarda deyil, hətta bizə o qədər də xoş münasibət bəsləməyən beynəlxalq qurumların hesabatlarında belə qiymətləndirilir. Ölkəmizin iqtisadi inkişafı bu sənədlərdə öz əksini tapır, reytinq cədvəllərində isə gündən-günə yüksəlir. Artıq ölkəmizin inkişafını bizə dost olanlarla yanaşı, olmayan ölkələr də etiraf etməyə məcburdurlar. Bütün bunlar əlbəttə ki, ölkə başçısının bütün istiqamətlərdə apardığı çox uğurlu işin ürək açan nəticələridir". E.Məmmədov əlavə edib ki, Azərbaycan Prezidenti bütün konfranslarda olduğu kimi burada da vurğuladı ki, Azərbaycanın yalnız bir problemi var ki, o da Dağlıq Qarabağ məsələsidir: "Ölkə başçısı qeyd etdi ki, görülən işlər, atılan addımlar sayəsində biz güclü dövlət, güclü ordu ilə torplaqlarımızı işğaldan azad edəcəyik. Dövlət başçısı konfransda qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məsələsinə toxunaraq söylədi ki, onların mənzil və işlə təminatı məsələsində kifayət qədər işlər görülür və bu işlər bundan sonra da davam etdiriləcək. Lakin bu istiqamətdə ən ali məqsədimiz qaçqınların öz evlərinə qayıtmasıdır ki, bu da torplaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmini nəticəsində həll olunacaq". E.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsinə təkcə daxildə keçirilən konfranslarda deyil, çıxış etdiyi bütün beynəlxalq tribunalarda toxunaraq söyləyir ki, ölkəmiz problemi beynəlxalq hüquq normalarına əsasən həll etməyə üstünlük verir: "Ölkə başçısı bu günlərdə Davos Forumunda da bu məsələni vurğuladı. Bildiyiniz kimi həm beynəlxalq hüququnun normalarında, həm də BMT nizamnamələrində qeyd olunur ki, əgər bir ölkəyə təcavüz edilibsə, onun ərazi bütövlüyü pozulubsa və ya o dövlətin ərazisində qeyri-qanuni silahlı birləşmələr, terrorçu qruplar kök salıbsa, o zaman həmin dövlət beynəlxalq hüquqa əsaslanaraq, özünün ərazi bütövlüyünü təmin edə bilər. Belə ki ölkəmiz beynəlxalq hüququn maddələrinə əsaslanaraq öz ərazisini terrorçu qruplaşmalardan təmizləmək üçün hərbi gücdən istifadə etmək hüququna malikdir. Lakin ölkə başçısının da konfransda söylədiyi kimi biz müharibənin alovlanmasını istəmirik. Ancaq torpaqlarımızı işğaldan azad etmək üçün başda BMT olmaqla, digər beynəlxalq qurumlar işğalçını cəzalandırmadan bir növ ona ilhamlandıran mövqe tutduqlarına görə biz son anda hərbi gücə əl atıb torpaqlarımızı işğaldan azad etməyə məcbur olacağıq. Bu, bizim haqqımız hüququmuzdur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31