Serj Sərkisyan Fransa prezidentini yalanlarına tabe edə bildi

Ermənistanda prezident postuna təyinatın vaxtı yaxınlaşdılqca hazırkı dövlət başçısı Serj Sərkisyan müxtəlif manevrlər edərək, xaricdən, xüsusilə Ermənistana sevgisi olan ölkələrdən dəstək almağa yönəlik gedişlərə əl atır. Bu vaxta qədər ağası hesab edilən Rusiyadan siyasi dəstək almaq istiqamətində göstərdiyi çabaları maksimum effekt vermədiyindən işğalçı ölkə yenidən Qərbə üz tutmaq məcburiyyətində qalıb.

Mübariz Əhmədoğlu: "Fransaya səfər Serj Sərkisyan üçün vacib idi"

Ermənistanda prezident postuna təyinatın vaxtı yaxınlaşdılqca hazırkı dövlət başçısı Serj Sərkisyan müxtəlif manevrlər edərək, xaricdən, xüsusilə Ermənistana sevgisi olan ölkələrdən dəstək almağa yönəlik gedişlərə əl atır. Bu vaxta qədər ağası hesab edilən Rusiyadan siyasi dəstək almaq istiqamətində göstərdiyi çabaları maksimum effekt vermədiyindən işğalçı ölkə yenidən Qərbə üz tutmaq məcburiyyətində qalıb. Son bir neçə ay ərzində Serj Sərkisyanın Moskva və Soçidən daha çox Avropa paytaxtlarında görünməsi də deyilənlərin əyani sübutudur. Rusiyanın Sərkisyanın prezident təyinatı planına tam dəstək verməməsinin başlıca səbəbi kimi isə Ermənistan prezidentinin xələfini Qərbdən, Avropadan seçməsidir. Belə ki, Serj Sərkisyanın öz xələfi kimi Ermənistanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Armen Sərkisyanı prezident postunda görmək istəyini açıqlaması Kremldə o qədər də isti qarşılanmayıb. Moskvada hesab edirlər ki, hər nə qədər prezident təyinatından sonra belə ölkəni yenə baş nazir kimi Serj Sərkisyan idarə etsə belə, amma bütün halda işğalçı ölkəyə Avropa, Qərb dünyagörüşlü birsinin, yəni Armen Sərkisyanın rəhbərlik etməsi müsbət tendensiya deyil. Bütün bunlardan dolayı Rusiya qeyd etdiyimiz kimi Ermənistanda hakimiyyətin ötürülməsi prosesinə müsbət yanaşmır. Elə bundan dolayı da yuxarıda vurğuladığımız kimi Serj Sərkisyan son aylar daha çox Avropa paytaxtlarına üz tutur. Bu günlərdə isə işğalçı ölkə prezidenti Fransada səfərdə olub. Sərkisyan Parisə səfəri zamanı Fransa prezidenti ilə görüşüb. Həmçinin bu günlərdə Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak və çıxış edib.

Serj Sərkisyanın Fransaya səfəri barədə fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri. politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistan dövlət başçısının Fransaya səfəri və Fransa prezidenti Emmanuel Makronla görüşü bir sıra prizmalardan diqqəti cəlb edir. Politoloqun sözlərinə görə, Ermənistan prezidenti MDB məkanından yeni seçilmiş prezident Emmanuel Makronla görüşmüş ilk prezidentdir: "Emmanuel Makronun beynəlxalq proseslərdə aktivliyini nəzərə alsaq onun Serj Sərkisyanı qəbul etməyə vaxt ayırması daha çox diqqət çəkən məsələdir. Çünki Serj Sərkisyanın prezidentliyi dövründə Ermənistanla Fransanın arasında mal dövriyyəsi azalıb və bu göstərici tarixi minimaldadır. Bundan başqa Fransa şirkətləri Ermənistanda ciddi itkilərə məruz qalıblar. Bəzi şirkətlər hətta tikdiyi müəssisələri erməni biznesmenlərinə zorən təhvil verərək ölkəni tərk ediblər. "Karfur" şirkətinin başına gətirilənlərdən hamı xəbərdardır". Mübariz Əhmədoğlu deyib ki, Ermənistanda fransız dilinin vəziyyəti hətta SSRİ dövrünə nisbətən daha pisləşdiyini, gerilədiyini Fransanın Ermənistandakı keçmiş səfiri Jan-Fransua Şarpantye də təsdiqlədi: "Bütün bu məsələlərin fonunda Serj Sərkisyanın Ermənistanı və Fransanı eyni dəyərlər sistemində adlandırması və Fransanın Ermənistanda Frankofoniya sammitinin təşkilinə razılığın verməsi çox maraq doğuran məsələdir. Makron Ermənistanın Fransa ilə münasibətlərinə dair bircə dənə də olsun müsbət fakt deyə bilməz. Makronla görüşdə Sərkisyanın əsas məqsədi yenidən özünü legitimləşdirməkdir". Politoloq bildirib ki, 2008-ci ildə prezident seçilən Serj Sərkisyan az keçmiş 1 mart qırğınlarının əsas iştirakçılarından biri oldu: "1 mart qırğınları Serj Sərkisyanın prezidentliyinin legitimliyini kifayət qədər ciddi şübhə altına qoydu. O zaman Ermənistanın Fransada səfiri işləyən indiki xarici işlər naziri Edvard Nalbandyan məhz Fransa rəhbərliyini dilə tutaraq, ilk olaraq Fransa prezidenti N.Sarkozinin təbrikini ala bildi və məhz bundan sonra Qərb istiqamətdən Serj Sərkisyanın prezidentliyinə təbriklər daxil olmağa başladı. Və bundan sonra Edvard Nalbandyan xarici işlər naziri təyin edildi. İndi Serj Sərkisyan təzədən qeyri-qanuni yolla Ermənistanda birinci şəxs olmaq niyyətindədir. Prezident S.Sərkisyanın bəlli bəyanatları heç kəsin yadından çıxmayıb. O bir neçə dəfə bildirdi ki, heç bir statusla - istər parlamentin spikeri, istər baş nazir, istər başqa postda Ermənistanın birinci şəxsi olmayacaq. Amma indi atdığı addımları göstərir ki, o Ermənistanda nəinki baş nazir postunda birinci şəxs olacaq, həm də Ermənistanın prezidentini də təyin edən baş nazir olacaq. Belə vəziyyətdə onun legitimliyi kifayət qədər ciddi şübhə yarada bilər". Politoloq hesab edir ki, Ermənistanda müəyyən qüvvələr ən azı mətbuat səviyyəsində ajiotaj yarada biləcəklər: "Məhz bu prizmadan Fransaya səfər Serj Sərkisyan üçün vacib idi. Ehtimal ki, o, öz istədiyini ala bildi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31