İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qadağandır

“İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuz və qəbuledilməzdir. Təəssüf ki, AŞPA-nın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, Avropa Şurasının bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır”. “Olaylar” xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sözyləyib.

Qənirə Paşayeva: "Təəssüf ki, AŞPA-nın bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır"

"İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuz və qəbuledilməzdir. Təəssüf ki, AŞPA-nın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, Avropa Şurasının bir sıra üzv dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır". "Olaylar" xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sözyləyib. O, işgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsinin vacibliyini qeyd edib: "Bu cür malların ticarəti ilə bağlı qaydalar daha da sərtləşdirilməlidir. Assambleya və üzv dövlətlər öz ərazilərində işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə imkan verməməlidir. Bununla bağlı hər hansı cəzasızlıq bizim üçün və ümumilikdə, bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxara bilər". Millət vəkili bildirib ki, Avropa Şurası hüdudları daxilində işgəncə vermək və ölüm hökmü qadağandır. Avropa İnsan Hüquqları Konvensiyası işgəncə vermək, qeyri-insani, təhqiredici rəftar və cəzanı qadağan edir. İşgəncələrin qadağan edilməsi beynəlxalq hüququn məcburi normasıdır: "Avropa Şurasının demək olar ki, bütün üzvləri tərəfindən ratifikasiya edilmiş Konvensiyanın 6 saylı Protokolu ölüm hökmünü ləğv edir. Nəticə etibarilə, Avropada insan haqlarının himayədarı olan Avropa Şurası dünyada model rolunu oynayır və bu sahədə mövqeyini daha da gücləndirməlidir". O, belə hallarla bağlı qanunvericilik aktlarının qəbulunun önəmli olduğunu, amma kifayət etmədiyini deyib, qaydaların icra mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Deputat üzv dövlətləri bu istiqamətdə daha ciddi olmağa, Assambleyanı isə təkcə tövsiyələr qəbul etməklə kifayətlənməməyə, məsuliyyət daşıdığını unutmamağa çağırıb. Q.Paşayeva ölüm hökmü və işgəncələr üçün istifadə edilən malların ticarətinə son qoyacaq Qlobal Alyansın yaradılması təşəbbüsünü alqışlayıb. Bildirib ki, belə alyansın yaradılması qanunsuz təcrübələrin bu cür növlərinə son qoymaq üçün həlledici addımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31