Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir
Son vaxtlar Ermənistanın mövqeyində yenidən aqressivlik, sülh danışıqlarından yayınma kimi mənfi tendensiyalar müşahidə edilməkdədir. Ən son xarici işlər nazirlərinin Krakovda görüşünün nəticəsiz başa çatması və işğalçı ölkə prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı zamanı səsləndirdiyi sərsəm fikirlər də bunu təsdiqləyir. Millət vəkili Zahid Oruc Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərə diqqət çəkərək bildirib ki, Krakov görüşü prezidentlərin nöbəti görüşü üçün hazırlıq ola bilər: “Bununla yanaşı xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli prosesində yeni yanaşmalar var.
26 Yanvar 2018 13:26 SiyasətSon vaxtlar Ermənistanın mövqeyində yenidən aqressivlik, sülh danışıqlarından yayınma kimi mənfi tendensiyalar müşahidə edilməkdədir. Ən son xarici işlər nazirlərinin Krakovda görüşünün nəticəsiz başa çatması və işğalçı ölkə prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı zamanı səsləndirdiyi sərsəm fikirlər də bunu təsdiqləyir. Millət vəkili Zahid Oruc Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərə diqqət çəkərək bildirib ki, Krakov görüşü prezidentlərin nöbəti görüşü üçün hazırlıq ola bilər: "Bununla yanaşı xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli prosesində yeni yanaşmalar var. Ehtimal etmək olar ki, artıq ermənilər əvvəlki qədər şərtli mövqe göstərmirlər. Digər tərəfdən, mümkündür ki, Kasprişikin ofisinin təmsilçilərinin sayının artırılmasında anlaşma tapılır. Amma kimsə düşünürüsə ki, bu təmsilçilər az qala sülhməramlı qüvvələri özündə ehtiva edir, bu, yanlış yanaşmadır. Kasprişik peşəkardır, o, bu bölgədə qocalıb. Bundan sonra onun ətrafına yüzlərlə adamın toplanması real deyil. Sadəcə, ofisdə çalışanların 10 nəfər artırılması imkan verməyəcək ki, onlar Ağdərədən başlayaraq Füzuliyə qədər təmas xəttində bütün gün monitorinq aparsınlar. Əlbəttə, biz bilirik ki, erməni tərəfi münaqişənin həllində hərbi variantı istisna etməyə çalışır. Amma bunun üçün sülh yolu ilə torpaqlarımızdan çıxmalıdır. Bütövlükdə, düşünmürəm ki, Krakov danışıqları özündə münaqişənin həllini əks etdirən sənəd, real həll planı üzərində gedib. Fikrimcə, bu görüş daha çox təmas xəttində gərginliyin azaldılmasına xidmət edir". Millət vəkilinin sözlərinə görə, 2018-ci ildə hər iki ölkədə seçkilər keçiriləcək və beynəlxalq ekspertlər də hesab edirlər ki, seçki ilində münaqişənin həlli istiqamətində kardinal addımlar atılması istisna təşkil edir: "Artıq Ermənistanda seçki marafonu başlayıb, mart ayında burada prezident seçkiləri keçiriləcək. Amma işğalçı ölkədə idarəçilik sistemi də dəyişdiriləcək. Əgər Sarkisyan baş nazir olsa, daxili vəziyyət gərginləşə bilər. Təbii ki, gərginlik münaqişənin həlli prosesinə təsir edə bilər. Azərbaycan isə heç bir amilə görə torpaqlarının işğalda qalmasına razı ola bilməz. Bizim mövqeyimiz bundan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır. Əgər Ermənistan təxribatlar törədərsə və Azərbaycan hansısa nöqtələrdə özünə qarşı təhdid hiss edərsə tutarlı cavab zərbəsi vuracaq. Belə hallarda, Minsk qrupu təmas xəttinə gəlib prosesə mane ola bilmir. Artıq hərbi komponent siyasi prosesdə aparıcı rol oynayır. Yəni elə bilin ki, ordu danışıqlarda iştirak edir. Ona görə də, 2018-ci il Dağlıq Qarabağ münaqişəsinin çözümü üçün mühüm istiqamətlər də yarada bilər, proses müəyyən bir toqquşmadan fərqli fazaya da keçə bilər. Yaxın Şərq hadisələrindən çıxış edərək deyə bilərəm ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması imkan verir ki, biz də Afrindəki kimi lokal ərazilərdə hərbi əməliyyat keçirək. Söhbət münaqişənin tam alovlanmasından getmir. Məsələn, Azərbaycan Cəbrayıl və Füzulidə hərbisizləşdirmə işi apara bilər. Türkiyənin hazırkı addımı bu baxımdan nümunə ola bilər. Düşünürəm ki, hazırki şəraitdə 2018-ci ildə müharibənin başlamayacağı haqda mesajlar, yanaşmalar doğru deyil". Zahid Oruc bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir: "Bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Ötən il ərzində də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe sərgiləyib və hücum diplomatiyasını davam etdirib. Azərbaycanın prinsipial mövqeyi və fəal diplomatiyası nəticəsində ölkəmizin ərazi bütövlüyü məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi beynəlxalq miqyasda diqqət mərkəzində olub. Hazırda da ölkəmiz diplomatik müstəvidə fəal səylərini davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməsi lazımdır. İşğalçı Ermənistan bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməkdən əl çəkməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə əməl edilməlidir. Bunun üçün münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu da öz fəaliyyətinin səmərəlilik səviyyəsini artırmalıdır".
Millət vəkili ABŞ silahlı qüvvələrinin generalı, NATO-nun Avropadakı birləşmiş qoşunlarının komandanı Kertis Skaparotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakı görüşü haqqında da fikirlərini bölüşüb. Bildirib ki, belə bir görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir: "Ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun Bakı görüşünü bəziləri bunu təsadüf adlandıra bilərdilər. Lakin ondan sonra NATO-nun yüksək çinli nümayəndəsi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüş üçün Bakını seçməsi, indi də bu görüş sübut edir ki, Azərbaycanın beynəlxalq məkanda etibarlı bir siyasi imici formalaşmaqdadır. Bu fakt onu göstərir ki, Azərbaycan beynəlxalq müstəvidə mühüm diplomatik paytaxt statusu qazanmaqdadır. Bu, sadə və asan bir məsələ deyil. Çünki müxtəlif vuruşan tərəflər üçün bərabər məsafələrin saxlanması kiçik coğrafiyalar üçün çətindir. Biz ötən illər ərzində münaqişələri kürükləməməmişik. Əksinə, daha çox tərəflərin yaxınlaşmasına çalışmışıq. Yaxın tariximizə nəzər salanda deyə bilərik ki, ABŞ-la İran arasında vəziyyət gərginləşəndə biz hansısa tərəfin forpostuna çevrilmədik. Həmçinin, 2015-ci i ldə Türkiyə tərəfindən Rusiyanın hərbi təyyarəsinin vurulandan sonra bu ölkələrin arasında münasibətlər kəskinləşmişdi. Məhz Azərbaycan tərəfi onların münasibətələrinin normallaşması üçün vasitəçilik etdi və müsbət nəticə əldə olundu. Deməli, bu illər ərzində Azərbaycan bu regionda müstəqil məkan formalaşdırmaq imkanı qazanıb ki, heç bir tərəf tərəddüd etmədən bu məkanı görüş yerinə çevirir". Millət vəkili deyib ki, Azərbaycan tərəflərə danışıqlar meydanı verməklə, əslində beynəlxalq müstəvidə sülhə töhfə verməyə çalışır: "Biz həm də burada seçilən mövzuların düzgün nəticə verməsində maraqlıyıq. Azərbaycan çox maraqlıdır ki, ABŞ və Rusiya Bakıda razılaşsınlar. Yəqin ki, bu görüşün əsas mövzusu Yaxın Şərq məsələsi və Ukraynadır. NATO-nu narahat edən məsələlər var. Onlar bura gəlirlər ki, bu kimi ciddi məsələləri danışsınlar. Ən önəmli məsələ odur biz çox arzulayırıq ki, Bakıda kompromislər tapılsın və qərarlar beynəlxalq məkanda vəziyyətə təsir eləsin. Biz istəyirik ki, Bakıdan onlar nəticə ilə qayıtsınlar. Həmçinin, biz arzu edirik ki, tərəflər arasında belə görüşlər Qarabağ məsələsi ilə bağlı keçirilsin və nəticə əldə olunsun. Azərbaycan beynəlxalq məkanda diplomatik ünvana çevrilirsə buna sevinmək lazımdır və bu mövqeyi gələcəkdə daha da gücləndirməliyik. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan qitələr, regionlar, sivilizasiyalar və dinlərlərarası bir körpüyə çevrilir".
Məhəmməd