GUAM-ın perspektivi artır
Azərbaycanın da təmsil olunduğu GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatının fəaliyyətində onun təsis olunması ərəfəsində müşahidə edilən aktivlik artıq nəzərə çarpmaqdadır. Xüsusilə, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri şurasının Tbilisi toplantısından keçən müddət ərzində təşkilatda bu aktivlik özünü büruzə verir.
24 Yanvar 2018 14:32 SiyasətYaponiya təşkilatla daha sıx əməkdaşlıqda maraqlıdır
Azərbaycanın da təmsil olunduğu GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatının fəaliyyətində onun təsis olunması ərəfəsində müşahidə edilən aktivlik artıq nəzərə çarpmaqdadır. Xüsusilə, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri şurasının Tbilisi toplantısından keçən müddət ərzində təşkilatda bu aktivlik özünü büruzə verir. Məhz bu aktivliyin göstəricisidir ki, artıq qeyri-GUAM ölkələri də təşkilatla əməkdaşlığa maraqlı görünür. Bunu şərtləndirən başlıca amillərdən biri kimi GUAM-ın üzvü olan Azərbaycan və Gürcüstanın bir müddət əvvəl Türkiyə ilə bərabər reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Məhz bu marşrutla malların Avropa və Asiyaya daha səmərəli və sərfəli şərtlərlə daşınması perspektivi ayrı-ayrı dövlətlərin GUAM-la əməkdaşlığı inkişaf etdirmək zərurətini ortaya qoyur. Hazırda təşkilatla sıx əməkdaşlığa meyil göstərən ölkələrdən biri Yaponiyadır. Yaponiyanın GUAM-la əməkdaşlığa maraq göstərməsinin səbəbinə aydınlıq gətirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri. politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi Tokio keçmiş SSRİ məkanında və ya ayrıca Cənubi Qafqazda xüsusi fəallıq nümayiş etdirmir. Onun sözlərinə görə, Yaponiyanın xarici siyasətinin əsas maraqları Uzaq Şərqdədir: "Bura Çin, Birləşmiş Ştatlar və Rusiya ilə münasibətlər, o cümlədən Koreya yarımadasındakı durumun monitorinqi daxildir. Buna baxmayaraq, son illər Tokionun GUAM-a da (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) marağı artıb. Yapon diplomatlar GUAM-ın beynəlxalq təşkilatlarda keçirilən toplantılarında müşahidəçi qismində iştirak edirlər. Bundan baqşa illərdir GUAM-Yaponiya formatı mövcuddur. Bu format çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirləri yaponiyalı həmkarıyla birgə görüşür və fikir mübadiləsi aparırlar. Son belə görüş 2017-ci ilin sentyabrın 22-də olub. BMT Baş Assambleyasının builki 72-ci sessiyası çərçivəsində GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçirildi. İclasın yekununda "GUAM-Yaponiya Mətbuat Açıqlaması" qəbul olundu. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiqlədilər".
Bəs, Yaponiyanın GUAM-a marağı nə ilə bağlıdır? Elxan Şahinoğlunun qənaətincə Yaponiya bununla demək istəyir ki, GUAM-a üzv ölkələrin hər birinin ərazi bütövlüyünü dəstəkləyir və separatizmi pisləyir: "GUAM-ın hər bir üzvündə separatçı və işğal olunmuş bölgələr var.Yaponiyanın bu dəstəyi GUAM ölkələri üçün vacibdir. İkincisi, Yaponiya GUAM-a üzv olan ölkələrlə əlaqələrini ayrı-ayrılıqda inkişaf etdirməklə yanaşı GUAM-a üzv 4 dövlətlə bir təşkilat çərçivəsində də dialoqunu genişləndirmək imkanı qazanır. Yaponiya 4 dövlətin ümumi maraqlarını və həyata keçirdikləri layihələri daha asan yolla özü üçün müəyyənləşdirmiş olur. Üçüncüsü, Yaponiya GUAM-a maraq göstərməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərir. Məsələn, Yaponiya Birləşmiş Ştatların müttəfiqidir, ancaq Qərb ölkələri kimi Rusiyaya qarşı sanksiyaların hamısına qoşulmayıb, Kremllə dialoqu davam etdirir. Digər tərəfdən Yaponiya Rusiya ilə dialoqunu genişləndirməklə yanaşı Qərbin dəstək verdiyi GUAM-la da əlaqələrini gücləndirir, Tokio Rusiya ilə gərgin münasibətləri olan Ukrayna və Gürcüstanla dialoq qurur". Politoloq deyib ki, Azərbaycan siyasi, iqtisadi və hərbi gücünə görə GUAM-ın əsas ölkələrindən biridir: "Buna görə də Yaponiya Azərbaycanla da əlaqələrə önəm verir. Yaponiya şirkətləri müxtəlif layihələrdə SOCAR-la əməkdaşlıq edir, Azərbaycan rayonlarında müxtəlif tutumlu layihələri maliyələşdirirlər. Azərbaycanın həyata keçirdiyi böyük regional layihələr Yaponiyanın diqqət mərkəzindədir. Doğrudur, Yaponiya Azərbaycandan birbaşa neft və qaz almır, nəqliyyat xətlərindən istifadə etmir. Buna baxmayaraq, Azərbaycanın Qərblə Şərq arasında körpü rolu oynaması və bu statusunu artırması, gələcəkdə Çin mallarının Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılması Yaponiyanın Azərbaycana marağını artırır. Nəticədə diplomatik təmasların intensivliyi artır. Yaponiya Azərbaycanın türk dünyasında oynadığı rolu da nəzərə alır".
Məhəmməd