Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımovun təmsil olunduqları nümayəndə heyəti Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik tədbirlərində və XIII sessiyasında iştirak edib.
24 Yanvar 2018 14:22 SiyasətGövhər Baxşəliyeva: "Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımovun təmsil olunduqları nümayəndə heyəti Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik tədbirlərində və XIII sessiyasında iştirak edib. Səfər çərçivəsində təşkilatın dörd daimi ixtisaslaşmış komitələrinin - Siyasi məsələlər və xarici əlaqələr Komitəsi, İqtisadi məsələlər və ətraf mühit Komitəsi, İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitə, Mədəni və hüquqi məsələlər və sivilizasiyalar və dinlər arasında dialoq üzrə Komitə-iclasları keçirilib. İclaslarda komitələrin məruzəçilərinin təqdim edəcəyi qətnamə layihələri və hesabatlar müzakirə edilib və qəbul olunub. İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitəyə sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Gövhər Baxşəliyeva gündəlikdə yer alan qətnamə layihələrini müzakirəyə çıxarıb. İclas iştirakçılarının bir sıra təklif və rəyləri nəzərə alındıqdan sonra qətnamə layihələri qəbul edilib və onların sessiyaya təqdim olunması tövsiyə olunub. G. Baxşəliyeva bildirib ki, Azərbaycan nümayəndə heyəti 2018-ci il üçün İƏT Pİ Ümumi Komitəsinin, İcraiyyə Komitəsinin və İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin üzvü seçilib: "Azərbaycan nümayəndə heyəti Siyasi məsələlər və xarici əlaqələr üzrə Daimi ixtisaslaşmış Komitənin iclasında iştirak etdi. Əvvəlcə Komitə tərəfindən öncədən müəyyənləşdirilmiş qətnamə və tövsiyələrin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparıldı. Daha sonra aşağıdakı məsələlər müzakirə olundu: Əl-Qüds Əl-Şərif, Fələstinə dair məsələlər və Suriya və Livanın işğal olunmuş digər əraziləri, Fələstində vəziyyət, İslam parlamentlərinin İsrailin Əl-Qüdsü yəhudiləşdirməsinə qarşı mübarizədə rolu, Suriya və Livanda işğal olunmuş ərəb torpaqları, Suriyada humanitar vəziyyət. Həmçinin, terrorizmin bütün formalarına qarşı mübarizə, BMT bayrağı altında terrorizmə qarşı mübarizə və işğala qarşı mübarizə hüququnun tanınması, hər hansı bir islam dövlətinə qoyulmuş sanksiyanın rədd edilməsi,Çad gölü və Afrikada terror aktlarına dair vəziyyət, sülh məqsədləri üçün müasir texnologiyadan azad istifadəyə dair insanların ayrılmaz bərabər və balanslaşdırılmış hüququnun tanınması,Yaxın Şərq regionunun kütləvi qırğın silahlarından, xüsusilə də nüvə silahından azad zonaya çevrilməsi, İraqda vəziyyət, Sudanda vəziyyət, Somalidə vəziyyət, Əfqanıstanda vəziyyət, Malidə vəziyyətin müzakirəsi və onun qonşu dövlətlərə təsiri,Çadda qaçqın və köçkünlərin vəziyyəti,İslam dövlətlərində qaçqın və miqrasiya problemi,Suriya Ərəb Respublikası,İraq Respublikası, Əfqanıstan İslam Respublikası, Myanma,İslamın ali dəyərlərinin müdafiəsi məqsədilə müsəlman dövlətlərin arasında əməkdaşlıq və koordinasiya,Kiprdə vəziyyət, Cammu və Kəşmirdə vəziyyət, dünyadakı müsəlman azlıqları ilə həmrəylik,Qərbi Trakiya və Dodekanesdəki türk müsəlman milli azlığı,Myanmada rohinca müsəlmanları,Cənubi Filippin,Mərkəzi Afrikada müsəlman azlıqlar, Krımda müsəlman tatarların vəziyyəti, İslamofobiya, ksenofobiya və qeyri-tolerantlığa qarşı mübarizə, müsəlman ölkələri arasında viza prosesinin sadələşdirilməsi. Qeyd edim ki, Azərbaycan tərəfindən komitəyə təqdim edilmiş iki qətnamə layihəsi - "Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzünə dair" və " 1992-ci il Xocalı Soyqırımının qurbanlarının xatirəsinin anılmasına dair" müzakirəyə qoyularaq yekdilliklə sessiyaya çıxarılması tövsiyə edildi". Millət vəkilinin bildirdiyinə görə, İƏTPİ Konfransının XIII sessiyasının sədrliyini qəbul edən İran İslam Şurası Məclisinin sədri Əli Laricani çıxışında belə tədbirlərin islam dünyasında oynadığı roldan və islam həmrəylinin daha da möhkəmlənməsində əhəmiyyətindən danışıb: "Sonra İran islam Respublikasının Prezidenti Həsən Ruhani islam dünyasının bu günü və sabahı ilə bağlı fikirlərini bildirdi, regional münaqişələrə toxundu. Həsən Ruhani qeyd etdi ki, islam qardaşlıq, dostluq və əxlaq dinidir. İslam dünyasının təhlükəsizliyi üçün həmrəyliyin vacib olduğunu bildirdi".
Sonra sözün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ona verildiyini deyən G. Baxşəliyevanın sözlərinə görə, o, çıxışında qeyd edib ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfırliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərar bütün müsəlman aləmində böyük narahatlıq doğurur: "Bu Fələstin-İsrail münaqişəsinin ədalətli həllinə mənfı təsir edə, regionda təhlükəli fəsadlara gətirib çıxara bilər. Düşünürük ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.Biz Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıyıq. Azərbaycan dəfələrlə Fələstinə yardım etmişdir. Biz daim Fələstin xalqının yanındayıq. Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman bayramı İslamın sülh və mərhəmət dini olmasını bir daha bütün dünyaya nümayiş etdirdi. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan ötən ilin sonlarında Bakıda keçirilmiş "İslam Həmrəyliyi İli"nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olmuşdur. İstərdim bir daha İƏTPİ-nın üzv dövlətlərinə və dünya müsəlmanlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürümü bildirəm. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal edib. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan işğal olunmuş torpaqlarımızda bütün mədəni, dini və arxeoloji abidələri məhv etmişdir. Bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar bu kimi oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin Ermənistan onları yerinə yetirmir. Azərbaycan xalqı heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüdudları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Alim