“Ərəb baharı” niyə gözlənilən dəyişiklikləri gətirmədi - təhlil
23 Yanvar 2018 11:13 Siyasət"Dünyəvilik, yoxsa şəriət" məfhumları arasında çapalayıb qalan xalqlar hələ də öz talelərinə sahib çıxa bilmirlər
Yanvarın əvvəlində "Ərəb baharı"nın başlanğıc ölkəsi Tunisdə yenidən aksiyalar başladı. 7 ildən sonra insanlar küçələrdə idi. Paytaxt da daxil olmaqla, bır sıra şəhərlərdə küçələrə çıxan əhali bahalaşmaya etiraz edirdi. Ümumilikdə Tunisdən başlayan etirazlar Bəhreyn, Suriya, Əlcəzair, İordaniya, Mavritaniya, Livan, Misir, Yəmən və demək olar ki, zəif və ya güclü şəkildə bütün ərəb ölkələrinə yayıldı.
2011-ci il yanvarın sonunda Misirdə başlanan etirazlar fevralın 11-də prezident Hüsnü Mübarəkin istefası ilə nəticələndi. Eyni zamanda Liviyada başlayan etirazlar tezliklə silahlı qarşıdurmaya çevrildi, martda isə NATO Qəzzafinin qüvvələrinə qarşı havadan və dənizdən bombardmanlara başladı. Eyni zamanda Suriyada baş qaldıran etirazlar çox tezliklə ölkədə silahlı vətəndaş qarşıdurmasına çevrildi. Yəməndə isə kütləvi etirazlar terror aksiyalarının kölgəsində davam etdi. İordaniyada kral Abdullah hökuməti istefaya göndərərək islahatlara başlamaqla narazılığı azaltmağa nail oldu. Bəhreyndə isə şiddətlənən etirazların fonunda hökumət Körfəz Ölkələri Birliyinə müraciət edərək yardım istədi. Nəticədə Səudiyyə Ərəbistanı Bəhreynə ordu yeridərək etirazların qarşısını aldı.
Suriyada başlayan etirazlar isə tezliklə vətəndaş müharibəsinə çevrildi və dünyanın ən qəddar terror təşkilatlarının bu ölkədə peyda olmasına səbəb oldu.
Bu gün baxdıqda "ərəb baharı"nın baş verdiyi ölkələrin heç birində sabitlik əldə etmək mümkün olmayıb. Misir, Liviya, Yəmən, Suriya, Bəhreynin özü hələ də tam şəkildə sabitliyə nail olmayıb. Misir kimi bölgənin lider ölkəsi inqilabdan iki il sonra hərbi çevriliş və qanlı qırğınlara səhnə olub. Hələ də ölkədə terrorun qarşısını almaq mümkün olmur. Yəməndə isə 2014-cü ildə ikinci çevriliş baş verib və hələ də müharibə davam edir. Liviya isə faktiki olaraq İŞİD də daxil olmaqla, 3 fərqli silahlı güc arasında bölünüb. Üstəlik, indi ölkədə hərbi biri silahlı qüvvəyə malik qəbilələr at oynadır. Bu vəziyyətdə istər-istəməz sual yaranır: "Ərəb baharı" nədən uğursuz oldu?
Halbuki "ərəb baharı" bir ümidlə başlamışdı. Bunun əsas səbəbi isə etirazların önündə əsasən təhsilli, amma işsizlik və sosial ədalətsizlikdən əziyyət çəkən gənclərin olması idi. Bu səbəbdən də hadisələrin ilk günlərində ərəb ölkələrində proses sürətlə cərəyan edirdi və müəyyən mənada gözlənilməz idi. Prosesin mühüm məqamı Qərb ölkələrinin, o cümlədən bölgənin əsas oyunçu dövlətlərinin baş verənlərə hazırlıqsız yaxalanması idi. Bu mənada böyük ölkələr prosesləri öyrənib qərar verənə qədər ərəb dövlətlərində bir-birinin ardınca çürümüş rejimlər çökürdü.
Ancaq sonrakı mərhələdə proseslər bir növ nəzarətə alındı və Qərb ölkələri baş verənlərə istiqamət verməyə başladılar. Məsələn, Liviyada 42 illik diktator Müəmmar Qəzzafinin devrilməsi üçün NATO üsyançıları silahlandırdı, Bəhreyndə isə "regional faktorlar" nəzərə alınaraq Səudiyyə Ərəbistanının üsyanı boğmaq üçün qoşun göndərməsinə göz yumuldu.
Ümumilikdə "ərəb baharı" bütövlükdə böyük bir coğrafiyada ciddi siyasi dəyişikliklərə səbəb olmasa da, oturuşmuş rejimlərin laxlamasına gətirdi, ən əsası bu cür rejimlərin möhkəm olmadığına inam yaratdı. İstənilən halda inqilabın baş verdiyi ərəb ölkələrində yenidən "keçmişə qayıdıb" despotik rejimlərin bərpa olunması real görünmür. Ciddi kəmiyyət dəyişikliyi olmasa da, "ərəb baharı" bu coğrafiyada dəyişiklik üçün müəyyən ümidlər yaratdı. Amma eyni zamanda bir sıra təhlükəli risklərin də real olduğunu göstərdi.
Ancaq məsələ ondadır ki, inqilablar bir qayda olaraq respublika quruluşlu ərəb dövlətlərində baş verdi. Baxmayaraq ki, onların da hamısı avtoritar, sülalə rejimləri idi. Ancaq məsələn, monarxiya rejimli ərəb ölkələrinin heç birində dərin inqilab baş vermədi. İordaniya, Mərakeş, Səudiyyə Ərəbistanı, Bəhreyn kimi ölkələrdə etirazlar olsa da, böyümədi. Bəhreyndə isə qonşu ölkələr üsyanı güc tətbiqi ilə yatırdı. Bu isə həm də ərəb cəmiyyətlərində siyasi təşkilatlanma mövzusunda ciddi axsaqlığın olduğunu göstərir.
İkinci mühüm məsələ, siyasi sistemlə bağlı təsəvvür qarışıqdır. Məsələn, gözlənildiyinin əksinə, demokratiya çağırışları çox zəif oldu, ya da heç olmadı. Bunun əvəzində isə tezliklə radikal islamçıların səsi daha bərk gəlməyə başladı. Bunun nəticələrini bütün ərəb ölkələrində az və ya çox şəkildə gömək olar.
Nəhayət, iqtisadi və sosial sahədə dərin problemlər, amansız təbəqələşmə və sair kimi problemlər. Nəticə etibarı ilə dünyəvilik, yoxsa din, şəriət, yoxsa demokratiya məfhumları arasında çapalayıb qalan Yaxın Şərq və Şimali Afrika xalqları öz talelərinə sahib çıxa bilmirlər. Burada həm də ərəb dünyasının bir-biri ilə ciddi bağlarının olması, bir ölkədə xaos və müharibənin o biri ölkəyə təsir etməsi amilini unutmaq olmaz. Beləliklə, bölgədə hələ də neft və qaz ehtiyatları sayəsində inanılmaz zənginliyə sahib olan, avtoritar monarxiyaların at oynatdığı regionda, siyasi təşkilatlanmanın zəif olduğu, şəriətçi düşüncənin güclü olduğu bir regionda mütərəqqi siyasi dəyişikliklərdən danışmaq bir qədər tezdir.