ABŞ-da hökumətin fəaliyyəti bərpa olunur
23 Yanvar 2018 05:42 SiyasətBazar ertəsi gündüz Senat federal hökumətin işini yeniləməyə imkan verəcək üç həftəlik büdcə haqda qanun layihəsinə səs verib.
Virtualaz.org "Amerikanın Səsi"nə istinadən bildirir ki, layihənin lehinə 81, əleyhinə isə 18 senator çıxıb.
Bu o deməkdir ki, ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.
Yeri gəlmişkən, bir az əvvəl Demokratlar partiyasının Senatdakı lideri Çak Şumer bəyan etmişdi ki, "Bu gün hökumətin işinin bərpası üçün səs verəcəyik".
Xatırladaq ki, daha əvvəl Konqresin Nümayəndələr Palatası 18 fevrala qədər qüvvədə olacaq müvəqqəti büdcə qəbul edib. Lakin yanvarın 19-da 2018-ci il üçün büdcə qəbul olunmadı. Daha dəqiq desək, Senatdakı demokratlar həmin büdcə layihəsini blokladı. Sənədin bəzi müddəaları 100 yerlik Senatda 60 səslə qəbul olunmalıdır, respublikaçı çoxluğun isə 51 səsi var. Demokratlar sənədə miqrasiya ilə bağlı müddəalar daxil edilməsini istəyirlər.
ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.