Deputat: “ABŞ terror təşkilatları ilə əməkdaşlıq edir”
“Hesab edirəm ki, Afrində əməliyyatın aparılmasından öncə Türkiyə geniş diplomatik hazırlıqlar aparıb, Vaşinqtonu da xəbərdar edib”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
22 Yanvar 2018 16:54 Siyasət"Hesab edirəm ki, Afrində əməliyyatın aparılmasından öncə Türkiyə geniş diplomatik hazırlıqlar aparıb, Vaşinqtonu da xəbərdar edib". Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Deputat qeyd edib ki, ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı mübarizədə digər terror təşkilatlarını silahlandırması, maliyyələşdiriməsi və onlarla əməkdaşlıq etməsi həm beynəlxalq hüquq normaları, həm də uzun illər boyu formalaşmış beynəlxalq adət-ənənə baxımından düzgün deyil, kobud səhvdir. Deputat vurğulayıb ki, dövlətin tərəf müqabili terror təşkilatı deyil, dövlət olar: "ABŞ terrora qarşı mübarizədə NATO üzrə müttəfiqi olan və terrordan əziyyət çəkən Türkiyə ilə əməkdaşlıq etməli idi. Lakin kobud səhvlər edərək terror təşkilatları ilə əməkdaşlıq edir".
M. Qasımlı deyib ki, Birləşmiş Ştatların terror təşkilatları ilə əməkdaşlıq etməsi bir sıra suallar doğurur: "ABŞ üçün NATO əhəmiyyətlidir, yoxsa terror təşkilatları? İŞID-dan geri alınan ərazilərdə digər terror təşkilatlarının hakimiyyətini qurmaq coğrafi-siyasi sərhədlərin yenidən cızılması məqsədi güdmürmü? ABŞ-ın hərəkətləri Türkiyə, ərəb ölkələri və Rusiyaya qarşı yönəlməyibmi? Məncə, cavab aydındır".
Deputatın fikrincə, Türkiyənin Suriyaya girməsi BMT nizamnaməsinə tamamilə uyğundur, özünü müdafiə etmək məqsədi güdür. Türkiyə dövləti sərhədləri boyunca terror dəhlizinin yaradılmasına seyrçi qala bilməz: "Hesab edirəm ki, Rusiya, İran, Türkiyə, Suriya və İraq terrora qarşı bərabər hərəkət edərləsə, uzaqdan gələn və terror təşkilatlarına silah verən, onlarla əməkdşalıq edən dövlətlər istəklərinə çatmazlar. ABŞ Yaxın, Orta Şərqdə istəyinə çatarsa, onda Rusiya daxilində problemlər yaradılmasına çalışar. Edilən səhvlərdən geri dönülməzsə, ABŞ-ın beynəlxalq nüfuzu daha da sarsılar". Azadinform.az