Daha bir nəticəsiz Qarabağ danışıqları

Nəhayət ki, keçən ildən səbirsizliklə gözlənilən, bir çox hallarda böyük ümidlər bəslənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutan bu dəfəki görüş də əvvəlkilər kimi ümidləri doğrultmadı desək yanılmarıq.

Və vasitəçilərin status-kvonu qoruyub-saxlamaq cəhdləri

Nəhayət ki, keçən ildən səbirsizliklə gözlənilən, bir çox hallarda böyük ümidlər bəslənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu. Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutan bu dəfəki görüş də əvvəlkilər kimi ümidləri doğrultmadı desək yanılmarıq. Əslində məhdud sayda, hətta barmaqla sayıla biləcək bir neçə nəfər vardı ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Polşa görüşündən hansısa müsbət sonuc əldə ediləcəyinə inanırdı. Çünki xarici siyasət idarəsi rəhbərlərinin görüşü ərəfəsində Ermənistanın cəbhə xəttində atəşkəsi müntəzəm şəkildə pozması, düşmən ölkə rəhbərliyinin istər diplomatik, istərsə də hərbi sahədə yeni-yeni təxribatlara cəhd göstərməsi, Azərbaycana qarşı sərgilənən aqressiya Elmar Məmmədyarov və Edvard Nalbandiyanın görüşünün nəticəsiz başa çatacağına dəlalət edirdi. Və təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əksəriyyətinin gözlədiyi kimi xarici işlər nazirlərinin Polşa görüşü də nəticəsiz başa çatdı. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin Krakov görüşü eyni zamanda o fikri bir daha təsdiqlədi ki, İrəvan hələ də Dağlıq Qarabağ probleminin sülh yollu ilə həllində maraqlı deyil. Və düşmən ölkənin bu kimi nəticəsiz görüş və danışıqlarda iştirak etməsi yalnız bir məqsədə xidmət edir. Mövcud status-kvonun davam etməsinə. Elə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşa görüşünün nəticələrini şərh edən əksəriyyət politoloq vəı ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, erməni nazirin ritorikasının dəyişməməsi və hər zaman olduğu kimi düşmən tərəfdən nümayiş edilən aqressiya Krakov görüşünün nəticəsizliyindən xəbər verir: "Azərbaycanınxarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində əvvəlcə erməni həmkarıyla təkbətək görüşüb, sonra həmsədrlər də onlara qoşulublar. Bu həmsədrlərin köhnə taktikasıdır, əvvəlcə tərəfləri başbaşa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra danışıqlara qatılırlar. Elmar Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verib. Nazir deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Gəlin indi baş sındıraq ki, 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın". Politoloq deyib ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin "kreativ" təklifləri barədə açıqlama olmayıb: "Tam əksinə, görüşdən əvvəl Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan əleyhinə demədiyi söz qalmadı, Bakını danışıqları pozmaqda ittiham edib. Bəlkə də həmsədrlər nəsə "kreativ" təklif irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri. politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, xarici işlər naziri Elmar Məmmədyarovun Polşanın Krakov şəhərində erməni həmkarı Edvard Nalbandyan və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ probleminin həlli ilə bağlı yanvarın 18-də keçirilən görüşünün nəticələri barədə qeyd etdikləri, illərlə eşitdiyimiz növbətçi açıqlamalardan ibarətdir: "Qeyd edim ki, keçirilən belə bir görüşlər, yalnız Ermənistanın lehinə işləyir. Çünki, danışıqlarda heç bir müsbət irəliləyişlər əldə olunmur. Elmar Məmmədyarovun çıxışında diqqətimi çəkən ifadə çox maraqlıdır. O, qeyd edir ki, həmsədrlərin bu görüşdə kreativ təkliflər irəli sürdü. Görəsən Elmar Məmmədyarovun "kreativ" adlandırdığı təkliflər nədən ibarətdir? Məhz Elmar Məmmədyarovun "kreativ" adlandırdığı təkliflər 20 ildir ki, Azərbaycana təklif olunur. Amma problem yerində olduğu kimi davam edir".

Müstəqil ekspert Rövşən Məmmədli də xarici işlər nazirlərinin Polşa görüşünü nəticəsiz hesab edir və bildirir ki, bu kimi görüşlər, danışıqlar yalnız Ermənistana vaxt qazandırmağa xidmət edir: "ATƏT-in Minsk həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşü barədə yaydıqları sənəddə bildirilir ki, xarici siyasət idarəsi rəhərləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədi ilə razılaşıblar. Elə bunun üçünmü bu qədər adam Krakova toplaşmışdı?. Bu Azərbaycanı ələ salmaqdır. .Azərbaycanın işğala məruz qalma vəziyyətinə hörmətsizlikdir. Problemin tezliklə həlli üçün önəmli məsələləri qoyub, 5-ci,10-cu məsələni müzakirə etmək və bu müzakirədə bizim müəyyən razılığa gəlməyimiz ürəkaçan hal deyildir". Ekspert bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsini tezləşdirməyi tələb edib buna nail olmalıdır: "Bu sənədlə razılaşma Ermənistanın aprel hadisələrindən sonra iki ayağını bir başmağa qoyub tələb etdiyi şərtlərə uyğundur. Çünki İrəvana eləcə də elə həmsədr dövlətlərə mövcud status -kvo vacibdir, bunu qoruyub saxlamaq niyyətindədirlər. Ancaq Azərbaycan hərdən fəallaşanda cəbhə bölgəsində erməni əsgərləri narahat olmasınlar deyə Kaspişiyin (Kaspişk) kabinetini genişləndirirlər. Yəni cəbhədə tərəflərin atəşkəs qaydalarına ciddi əməl etmələrinə nəzarət daha da genişləndirilir, gücləndirilir. Bu da o deməkdir ki, hərdən bir Azərbaycan tərəfinin cəbhə bölgəsində fəallaşmasında qarşısı alınır. Həə indi İrəvan arxayın bir 25 il də danışıqları uzatmağa çalışacaq. Xeyir əziz Azərbaycan xalqı bu vətənimizin torpaqlarında gözü olan vu bu məqsədlə 25 ildir onlara kömək edənlərin istəklərini boğazlarında qoymaq üçün Qarabağ haykırtısı ilə ayağa qalxmaq gərəkdir və axır ki, erməni faşizmini elə bu il torpaqlarımızdan rədd edib, ölkəmizin.vətənimizin ərazi bütövlüyünü bərpa etməliyik..Bunun üçün kişilik, mərdlik,qeyrət və vətən hissi, millət duyğusu hər bir kəsdə olmalıdır və hər bir kəs bu keyfiyyəti Qarabağın azadlığı uğrunda ortaya qoymalıdır". Rövşən Məmmədli bu günlərdə sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkib və bildirib ki, Ermənistan hələ də öz qeyri-konstruktiv mövqeyində qalır: "Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bu günlərdə verdiyi müsahibıdı bildirib ki, bu gün danışıqlar masası üzərində olan təklif faktiki olaraq 1997-ci ildəkinin eynidir: Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusun verilməsi, əvəzində müəyyən ərazilərin qaytarılması, yekun status məsələsinin sonraya saxlanılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi. Ermənistanın ilk prezidentinin bu açıqlaması bir daha göstərir ki, Azərbaycanı məğlubiyyətə sürükləmək istəyirlər. Belə ki, xalqa bildirirlər ki, Dağlıq Qarabağ məsələsi üzrə "sülh" danışıqları Ermənistanla yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında aparılır və bu normadan bir addımda kənara çıxılmır. Ancaq bir daha aydın olur ki,nəinki bir addım, hətta bir kilometr kənara çıxılır. Əslində Dağlıq Qarabağın Ermənistana verilməsinin "hüquqi əsasi" kimi hazırlanmış "Madrid prinsipləri" bu gündə danışıqlar masasının müstəvisini bəzəməkdədir. "Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusunun verilməsi" elə Qarabağın Ermənistana verilməsinə bərabərdir. Biz hələ Sovetlər dönəmində Muxtar Vilayət statusu verdiyimiz Dağlıq Qarabağın ermənilərinin ipini yığa bilmirdik. Onlar bütün gücləri ilə üzlərini 180 dərəcə İrəvana döndərmişdilər. Bu "beynəlxalq səviyyədə tanınmış aralıq statusunun" Qarabağa verəndən sonra, ipdən açılmış dana təzərəyləyib qaçan kimi Dağlıq Qarbağ xudahafiz Azərbaycan, Bakı deyib, tullanacaq İrəvanın qucağına. Ondan sonra dünyada deyəcək ki, onların statusu var. Bunu bəhanə edib Bakıya deyəcəklər "get işinin dalınca". Vəssalam. Bununla da Qarabağ məsələsi bitəcək. Hələ indi 100 faiz müharibə etməyə haqqı olan və müharibə yolu ilə torpaqları geri qaytarmağa tam imkanı olan Bakı bunu etmirsə status verdikdən və ermənilər də bundan istifadə edib "müqəddaratlarını həll edəndən sona" Bakı heç Qarabağın adını belə çəkə bilməyəcək. Odur ki, Azərbaycan xalqı birləşib və qətiyyətlə "Madrid Prinsiplərinə" yox deməlidir. Bu prinsipləri Bakıya sırımağa çalışan həmsədr dövlətlərə nifrətinizi bildirin. Sonra gec olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31