Freedom House təşkilatı yenə “ənənəsinə” sadiqdir
Azərbaycana qarşı formalaşmış şər kampaniyası yenidən iş başındadır. Yenə meydandakı ənənəvi antiAzərbaycan şəbəkəsində yer almış beynəlxalq qeyri-hökumət təşkilatlarından biri və ya bir neçəsidir. Təbii ki, ən başda gələni isə Freedom House adlı beynəlxalq qeyri-hökumət təşkilatıdır.
17 Yanvar 2018 13:25 SiyasətYaxud beynəlxalq qeyri-hökumət təşkilatından separatizm və terrorçuluğa dəstək "nümunəsi"
Azərbaycana qarşı formalaşmış şər kampaniyası yenidən iş başındadır. Yenə meydandakı ənənəvi antiAzərbaycan şəbəkəsində yer almış beynəlxalq qeyri-hökumət təşkilatlarından biri və ya bir neçəsidir. Təbii ki, ən başda gələni isə Freedom House adlı beynəlxalq qeyri-hökumət təşkilatıdır. Əslində Freedom House təşkilatını beynəlxalq erməni qeyri-hökumət təşkilatı kimi adlandırsaq daha yaxşı və məqsədəuyğun olar. Çünki Azərbaycan müstəqillik əldə edib beynəlxalq aləmə açılandan, dünya birliyi ilə sıx əlaqələr qurub müvafiq təşkilat və qurumlarla əməkdaşlıq etdikdən, ən əsası Freedom House kimi bir təşkilatın adı Azərbaycan cəmiyyətinə məlum olduqdan bəri yalnız bir mənzərənin şahidinə çevrilmişik ki, o da sözügedən təşkilatın bir qayda olaraq Ermənistanın maraqlarına, mövqelərinə xidmət edən açıqlamalar, hesabatlar yayması, bəyanatlar verməsi olub. Bir sözlə adıçəkilən beynəlxalq qeyri-hölumət təşkilatında sözün əsl mənasında erməni sevgisi özünü çılğın şəkildə büruzə verib. Bununla paralel olaraq isə Freedom House təşkilatında hər zaman antiAzərbaycan mövqe, ölkəmizi gözdən salmaq cəhdləri, qərəzli, əsassız yanaşmalar, hesabat və rəylərlə Azərbaycanın imicinə zərər vurma, onu nüfuzdan salma kimi fəaliyyətlər müşahidə edilib.
Yuxarıda qeyd etdiyimiz kimi Freedom House təşkilatı yenə də Azərbaycana qarşı qərəzli mövqe və yanaşması ilə fəaliyyətdədir ki, bu da təbiidir. Çünki bir qayda olaraq bu kimi təşkilatlar ya Azərbaycan mühüm bir siyasi proses ərəfəsində, prezident və ya parlament seçkiləri mərhələsində, ya da beynəlxalq əhəmiyyətli bir tədbirə evsahibliyi etdiyi zaman hərəkətə keçir və həmin tədbirlər ərəfəsində öz aləmində Azərbaycan barədə mənfi rəy formalaşdıraraq qeyd etdiyimiz tədbirlərin ictimai-siyasi əhəmiyyəti azaldır. Hazırda da Azərbaycan prezident seçkiləri ərəfəsində olduğundan bu mənada Freedom House təşkilatının ölkəmiz əleyhinə fəallaşması təbiidir. Və seçkilər yaxınlaşdıqca Freedom House və digər bu kimi erməni maraqlarına xidmət edən beynəlxalq QHT şəbəkəsinin Azərbaycana qarşı səlib yürüşünə keçəcəyi istisna deyil.
Məlumdur ki, mərkəzi ofisi Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı ənənəvi "Dünyada azadlıq indeksi" adlı hesabat yayır. Təşkilat ilk ayını yaşadığımız 2018 ci ildən gözləntilər və keçən il üçün dəyərləndirmələrdən ibarət bir hesabat açıqlayıb. Sənəddə qeyd edilir ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalır və bütün dünyada geri çəkilir. Dünyada 196 ölkə və ərazidən 88-i azad, 58-i qismən azad, qalanları isə azad olmayan ölkə və ərazi kateqoriyasına daxil edib. Sənəddə Azərbaycan hər zamankı qərəzli yanaşmanın məniqi nəticəsi olaraq "azad olmayan" 49 ölkə kateqoriyasına daxil edilib. Freedom House hesab edir ki, guya Ermənistan və Gürcüstan qismən azad ölkələr kateqoriyasındadır. Bunlara sözümüz yox. Çünki qeyd etdiklərimiz adıçəkilən təşkilatın hər il təkrar-təkrar çaldığı havadır və artıq sözügedən beynəlxalq QHT buna öyrəncəli olub. Və durub Freedom House təşkilatından Azərbaycanı tərifləməyi gözləmək də yersiz olar. Çünki təşkilatın mahiyyəti, erməni sevgisi illərdir ki, göz qabağınadır. Bütün bunları bir kənara qoyaraq sözügedən təşkilatın hesabata Azərbaycanın işöal edilmiş ərazilərini də bir tərəf, ərazi kimi daxil etməsi, qondarma və separatçı rejimi respublika kimi tanıması artıq Freedom House təşkilatının başından böyük qələt eləməsi deməkdir. Bununla artıq Freedom House təkcə Azərbaycana qarşı qərəz, kin ortaya qoymuş olmur. Eyni zamanda Azərbaycan, onun vətəndaşları, rəsmi qurumlarının heysiyyatı ilə oynamış olur, bizləri ciddi şəkildə təxribata çəkir. Həmçinin təşkilat bu yaramaz, alçaq mövqeyi ilə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir, işğalçılıq, separatizm siyasətinə dəstək nümayiş etdirmiş olur. Dünyada azadlıqdan, insan haqlarından bəhs edən bir təşkilatın 1 milyona yaxın insanın hüquq və azadlıqlarını pozan, qonşusunun 20 faiz ərazisini işğal edən bir ölkəni, eləcə də işğal altında olan ərazilərdə yaradılan separatçı qurumu tərəf kimi adlandırması həmin təşkilatın əsl mahiyyətini, simasını ortaya qoymuş olur.
Freedom House təşkilatının illik hesabatında diqqət çəkən ilginc və təəssüfedici məqam təkcə separatçı rejimin tərəf kimi göstərilməsi, respublika kimi tanınması deyil. Dahası odur ki, separatçı rejim təşkilatın hesabatında "qismən azad ərazi" kateqoriyasına salınıb. Cənablar vallah ayıbdır. Ermənistan media azadlığına görə, dünyada ən geridə qalmış ölkələr sırasındadır. O ki qaldı işğalçı ölkə hakimiyyətinin Dağlıq Qarabaöda yaratmış olduğu separatçı rejim.
Freedom House təşkilatının yaymış olduğu hesabat birmənalı olaraq Azərbaycanda etirazla qarşılanıb və kəskin tənqid edilib. Xüsusilə, təşkilatın ənənəvi olaraq Ermənistanı media azadlığına görə Azərbaycandan öndə qərarlaşdırması qəbuledilməz hesab edilir, qətiyyətlə pislənilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, Freedom House təşkilatının Ermənistanı qismən azad ölkə kimi təqdim etməsi, qeyri-obyektivdir və İrəvanı Gürcüstanla eyni kateqoriyaya daxil etməsi kökündən yanlışdır. O, bildirib ki, hazırda Gürcüstan Cənubi Qafqazda demokratik təsisatlara, hüquqi cəmiyyətə malikdir: "Gürcüstanla Ermənistanı eyniləşdirməkdə, bu təşkilat bir daha göstərir ki onun hesabatında çox ciddi problemlər var. Qeyd edim ki, hesabatın qərəzliliyi, beynəlxalq hüququ heçə sayması, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı və terrorçu rejimin idarəsi altında olan Qarabağ ərazisini " qismən azad ərazi" kimi təqdim etməsi fonunda da özünü göstərir. Freedom House təşkilatının hesabatını separtizm və işğala verdiyi dəstəyin nümunəsi kimi qiymətləndirmək olar. Bu gün işğal olunmuş Qarabağ ərazisini bu hesabata daxil etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdi. Belədirsə, Gürcüstanın separatçı subyektləri olan Abxaziya və Cənubi Osetiyanı niyə hesabatlarında qeyd etmirlər?! Bu bir daha göstərir ki, Freedom House beynəlxalq təşkilatı hesabatında proseslərə ikili standartlardan yanaşır, beynəlxalq hüququ kobudcasına tapdalayır. Freedom House Azərbaycan hakimiyyəti ilə problemi ola bilər. Ancaq bu onlara əsas vermir ki, Qarabağı öz hesabatlarına daxil etsin". Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, təşkilatın Azərbaycanla bağlı hesabatı ilə razılaşmamaq olmaz: "Hesabatda təşkilatın anti-demokratik Ermənistanı Gürcüstanla eyni kateqoriyaya daxil etməsi, Azərbaycanın işğal olunmuş ərazilərinə "azad ərazi kimi" qeyd edilməsi əksini tapırsa, bu qəbul edilə bilməz. Çünki, Freedom House bütün məsələlərə obyektiv yanaşmalıdır".
Süleyman