Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşü baş tutub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
17 Yanvar 2018 12:50 SiyasətAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib və siyasi əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb.Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunulub. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında həmkarına məlumat verib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdiyi kimi, mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə toxunan Elmar Məmmədyarov işğal olunmuş ərazilərdə Suriyadan olan ermənilərin yerləşdirilməsi, Azərbaycan xalqının maddi-mədəni irsinin talan və məhv edilməsi və ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda kilsənin tikilməsi kimi faktlara diqqəti çəkib. Elmar Məmmədyarov Azərbaycanın münaqişənin mərhələli şəkildə tezliklə həll edilməsi üçün substantiv, intensiv və məntiqi danışıqların tərəfdarı olduğunu bildirib və bu xüsusda həmsədrlərə birgə səyləri davam etdirəcəyini deyib. Nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafını təqdir ediblər və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin daha da artırılmasının önəmini vurğulayıblar. Söhbət zamanı, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsində Azərbaycan-Fransa İqtisadi Komissiyasının rolu və Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin iqtisadi münasibətlərə müsbət təsiri qeyd olunub.