Dövlət Departamentinin qərəzli yanaşması

Artıq Qərbdən, okeanın o tayından istər Azərbaycan, istərsə də qardaş Türkiyəyə qarşı qərəzli, qeyri-obyektiv yanaşmanın sərgilənməsi, ortaya qoyulması ənənə halını alıb. Əgər əvvəllər Azərbaycan və Türkiyənin hədəf seçilməsi növbəli xarakter daşıyırdısa, son vaxtlar müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, artıq hər iki dövlət birdən qərəzə, qeyri-obyektiv yanaşmaya tuş gəlir.

Və ya işğala məruz qalan Azərbaycan daha çox təhlükəlidir, yoxsa işğalçı Ermənistan?

Tural Abbaslı: "Birləşmiş Ştatların qeyri-obyektiv xəbərdarlığı Azərbaycanın milli maraqlarına ziddir"

Artıq Qərbdən, okeanın o tayından istər Azərbaycan, istərsə də qardaş Türkiyəyə qarşı qərəzli, qeyri-obyektiv yanaşmanın sərgilənməsi, ortaya qoyulması ənənə halını alıb. Əgər əvvəllər Azərbaycan və Türkiyənin hədəf seçilməsi növbəli xarakter daşıyırdısa, son vaxtlar müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, artıq hər iki dövlət birdən qərəzə, qeyri-obyektiv yanaşmaya tuş gəlir. Hər halda bu günlərdə Birləşmiş Ştatların Dövlət Departamentinin Azərbaycan və Türkiyəni amerikalı turistlər üçün təhlükəli ölkə hesab etməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, bu günlərdə Birləşmiş Ştatların Dövlət Departamenti amerikalı turistlərə müraciət edərək Azərbaycan və Türkiyəyə mümkün qədər səfər etməməyi tövisyə edib. Dövlət Departamenti iddia edib ki, hər iki ölkə amerikalı turistlər üçün təhlükəli ölkədir. Dövlət Departamentinin bu yanaşmasının ifayət qədər qərəzli və qeyri-obyektiv olması digər ölkələrlə müqayisəli şəkildə ortaya qoyulan dəyərləndirmədə də özünü açıq şəkildə göstərir. Belə ki, Birləşmiş Ştatlar Dövlət Departamenti Azərbaycan və Türkiyəni hətta Gürcüstan və Ermənistandan belə təhlükəli hesab edir. Olduqca absurd və qərəzli, qərəzli olduğu qədər də qeyri-obyektiv yanaşma, münasibət. Maraqlıdır, Birləşmiş Ştatlar üçün işğala məruz qalan Azərbaycan daha təhlükəlidir, yoxsa bölgədə işğalçılıq və separatçılıq siyasəti həyata keçirən Ermənistan?

Okeanın o tayından sərgilənən bu qərəzli yanaşmaya hər iki ölkədən əks reaksiya özünü çox gözlətməyib. Belə ki, həm Türkiyə, həm də Azərbaycanın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Dövlət Departamentinin bu açıqlamasını kəskin şəkildə tənqid edib. Eyni zamanda Türkiyənin Xarici İşlər Nazirliyi də Vaşinqtona cavab olaraq öz vətəndaşlarına təhlükəsizlik baxımından okeanın o tayına səfər etməməyi tövsiyə edib.

Amerika Dövlət Departamentinin məlum açıqlaması Azərbaycanda ekspertlər, politoloqlar, eyni zamanda hansı siyasi düşərgəni təmsil etməsindən asılı olmayaraq siyasilər tərəfindən də kəskin tənqid edilib və ədalətsiz, qərəzli yanaşma kimi dəyərləndirilib. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Birləşmiş Ştatlar Dövlət Departamentinin məlum açıqlamasına münasibət bildirərkən qeyd edib ki, rəsmi Vaşinqton dostlarını sürətlə itirir: "Yəni Azərbaycan Birləşmiş Ştatlar vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? Birləşmiş Ştatların hansı vətəndaşı bu illərdə Azərbaycanda hansısa təhlükə ilə üzləşib? Neçə il öncə Amerika Respublika İnstitutunun rəhbəri Bakıdakı mənzilində öldürülmüşdü, ancaq bunun terrorla əlaqəsi yox idi, məişət zəminində baş verən cinayət idi. Başqa olay yadıma düşmür. Görünür, Birləşmiş Ştatlarda hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risqlidir. Ona qalsa Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs Ermənistanın adı niyə siyahıda yoxdur?". Elxan Şahinoğlu hesab edir ki, bu arada  Rusiya diplomatiyası Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdi. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Azərbaycanı tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğuladı: "Bu da amerikalıların axmaq siyasətinin nəticəsi. Bu cür yanaşma ilə Birləşmiş Ştatlar dost saydığı ölkələri də özündən uzaqlaşdırır. 2001-ci ilin sentyabrın 11-də terrorçular Amerikaya hücum etdilər, 3 min vətəndaş terrorun qurbanı oldu. Onda eyni məntiqlə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib deməliydi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının Birləşmiş Ştatlara səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya Amerikanın böyük şəhərlərində elə küçələr var ki, orda turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Özüm 1999-cu ildə bunun şəxsən şahidi olmuşam. Onda belə çıxır ki, turistlər Amerikaya getməməlidirlər? Nə isə, bəzilərimiz Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır".

Birləşmiş Ştatlar Dövlət Departamentinin Azərbaycan və Türkiyəni amerikalı turistlər üçün təhlükəli ölkələr sırasına əlavə etməsi siyasi düşərgədə də etirazla qarşılanıb. Müxalifət düşərgəsinin təmsilçisi, AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, Dövlət Departamentinin Azərbaycan və Türkiyə ilə bağlı açıqlaması təsadüfi deyil.

Onun sözlərinə görə, Azərbaycanla bağlı bu xəbərdarlıq son dönəmlər regionda və dünyada Birləşmiş Ştatlardan müstəqil, milli maraqları çərçivəsində sərbəst siyasət yürüdən Türkiyə ilə Azərbaycanın yaxınlığına görə ölkəmizə təzyiq niyyətiylə edilib: "Birləşmiş Ştatlar Dövlət Departamenti bu günlərdə Azərbaycanda terror təhlükəsinin mövcud olduğunu bildirib və ölkəmizə gələcək Amerika vətəndaşlarına ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib. Təsadüfi deyil ki, eyni məzmunlu xəbərdarlıq Türkiyə ilə bağlı da edilib. Mən bunu qətiyyən təsadüfi hesab etmirəm.  Türkiyə Cümhuriyyətiylə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq isə bizim üçün strateji məsələ olaraq milli maraqlarımıza xidmət edir. Dolayısıyla zənnimcə Birləşmiş Ştatlar Azərbaycana təzyiq edərək Türkiyəni Azərbaycansız qoymaq niyyətindədir. Ancaq, Vaşinqton artıq anlamalıdır ki, nə Türkiyə əvvəlki Türkiyədir, nə də Amerika əvvəlki deyil ki, istədiyi dövlətə istədiyi siyasəti diqtə etsin". Tural Abbaslı bildirib ki,AĞ Partiya Birləşmiş Ştatların Azərbaycana qarşı bu ədalətsiz və qərəzli mövqeyini qətiyyətlə pisləyir, özünü "demokratiyanın beşiyi" elan edən ölkəni ikili standartlardan əl çəkməyə səsləyir: "Əgər, Birləşmiş Ştatlar Qarabağ münaqişəsini bəhanə gətirərək Azərbaycanı terror təhlükəsi olan dövlət elan edibsə o zaman bizdən daha acınacaqlı və qeyri sabit olan münaqişənin digər tərəfi Ermənistanı kənarda saxlamaq bu xəbərdarlığın "obyektivliyini" açıq şəkildə göstərir. Siyasi məsələni bir kənara qoyaraq nəzərə alsaq ki, son dönəmlər ölkəmizə gələn turistlərin sayı nisbətən artıb və iqtisadiyyatımızın bu qeyri-neft sektoru yavaş-yavaş formalaşır, o zaman bu " xəbərdarlığın" iqtisadi baxımından da nə qədər zərərli olduğu göz önündədir.Istənilən halda Birləşmiş Ştatların bu qeyri-obyektiv xəbərdarlığı Azərbaycanın milli maraqlarına ziddir". Tural Abbaslı hesab edir ki ki, milli maraqlar məsələsində heç bir iqtidar, müxalifət anlayışından söhbət gedə bilməz və getməməlidir: "Digər siyasi təşkilatları da bu qərara özlərinin siyasi mövqeyini ortaya qoymağa çağırıram. Unutmayaq ki, hamımızın Azərbaycan adında bir dövlətimiz var və onun maraqları hamımızın siyasi və şəxsi maraqlarımızdan öndə olmalıdır. Azərbaycan bizim hamımızındır. Siyasi əqidəsindən asılı olmayaraq istənilən durumda ölkəmizin, dövlətimizin müdafisinə qalxmalıyıq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31