İslam dünyasının ilk demokratik respublikasının yubileyi
Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından tam 100 il keçir. Tariximizin şanlı və qürurlu səhifəsi olan AXC dövrünə müstəqillik illərindən sonra verilən dəyər. qiymət yetişməkdə olan gənc nəsildə Cümhuiriyyət dövrü barədə aydın və qürurlu bir təsəvvür yaratdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab edirdi.
11 Yanvar 2018 13:06 SiyasətPrezidentdən tarixi qərar
Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından tam 100 il keçir. Tariximizin şanlı və qürurlu səhifəsi olan AXC dövrünə müstəqillik illərindən sonra verilən dəyər. qiymət yetişməkdə olan gənc nəsildə Cümhuiriyyət dövrü barədə aydın və qürurlu bir təsəvvür yaratdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab edirdi. İstər ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də ondan sonra Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan Xalq Cümhuriyyətinə verilən yüksək qiymət, onun keçmişi, Azərbaycan naminə gördüyü işlər barədə tarixi faktların üzə çıxarılıb cəmiyyətə çatdırılması müstəqil Azərbaycanın AXC-nin hüquqi varisi kimi bu missiyanı şərəflə yerinə yetirdiyinə dəlalət edir.
Yuxarıda qeyd etdiyimiz kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Elə bu ərəfədə dövlət başçısı İlham Əliyevin 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması barədə sərəncam imzalaması da bir daha bugünkü Azərbaycan dövlətinin AXC-nin hüquqi varisi missiyasına sadiq qaldığını, ona yüksək dəyər verdiyini əyani şəkildə təsdiqləyir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bir daha bunu bəyan edib və AXC-nin bütün demokratik ənənələrinə sadiq qaldığımızı ifadə edib: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilib. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir".
Dövlət başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti" ili elan etməsi cəmiyyətin bütün təbəqələri tərəfindən müsbət qiymətləndirilib, sevinc hissi ilə qarşılanıb. Hər bir Azərbaycan vətəndaşı Prezidentin bu sərəncamını Xalq Cümhuriyyətinə verilən ən yüksək dəyər, qiymət kimi xarakterizə edib. Elə millət vəkili Adil Əliyev də bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi tarixi qərardır: "Məlumdur ki, bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək. Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varisi olduğumuz Xalq Cümhuriyyəti müsəlman aləminə, hətta Avropaya böyük nümunə idi. Avropanın aparıcı ölkələrində hələ o zaman qadınların səs vermək hüququ olmazkən, bu hüquq Xalq Cümhuriyyətində qanunla təsbit edildi. Xalq Cümhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadə "bir dəfə yüksələn bayraq bir daha enməz" dedi və gələcək nəsillər bunu unutmadı. Həmin bayraq hələ SSRİ adlı imperiyanın dağılmadığı illərdə Naxçıvanda rəsmiləşdirildi. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə həm Moskva, həm də onun Bakıdakı tör-töküntüləriylə mübarizə apararaq, hər iki istiqamətdən təzyiqlərə rəğmən, Xalq Cümhuriyətinin qaldırdığı milli bayrağı Naxçıvanda ucaltdı". Millət vəkili Xalq Cümhuriyyətinin cəmi iki il yaşadığını təəssüf hissi ilə qeyd etməklə yanaşı, onu da qeyd edib ki, 70 il keçdikdən sonra Azərbaycan yenidən müstəqilliyinə qovuşdu: "Ancaq Xalq Cümhuriyyətinin obyektiv səbəblərdən uğradığı məğlubiyyətin 70 il sonra bu dəfə Bakıdakı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində subyektiv səbəblərdən yenidən təkrarlanması ehtimalı var idi. Heydər Əliyev buna imkan vermədi, xalq ulu öndəri Bakıya dəvət etdi, Azərbaycanda sabitlik yaratdı, inkişafa imkanlar açıldı. Ulu öndərin davamçısı olan möhtərəm prezident İlham Əliyev də bu sabitliyə əsaslanaraq ölkənin inkişafını daha da gücləndirdi. Prezidentimiz 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda əldə olunan uğurlardan danışıb, məmləkətimizin potensialının artdığını konkret misallarla, rəqəmlərlə vurğulayıb. 2018-ci ilə daha böyük ümidlərlə daxil oluruq. Bu isə 100 illiyini qeyd edəcəyimiz Xalq Cümhuriyyətinin ənənələrinin Azərbaycanda yaşadığını və daha da inkişaf etdiyini göstərir. Xalq Cümhuriyyətini quran babalarımızın ənənəsi davam edir, məmləkətimiz etibarlı əllərdədir".
Füzuli