Azər Həsrət: “Prezident hər zaman dəyərlərimizə sayqı ilə yanaşıb”
“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi gözlənilən və çox sevindirici bir xəbər idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
10 Yanvar 2018 16:17 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi gözlənilən və çox sevindirici bir xəbər idi". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman bu cür dəyərlərimizə sayqı ilə yanaşıb və sahib çıxıb: "Yəni Azərbaycan Xalq Cümhuriyyəti (AXC) indiki Azərbaycan Respublikasından əvvəl qurulmuş bir dövlət quruluşudur və Şərqdə ilk Respublika idarəetmə üsulu olan bir dövlətdir. Azərbaycan Respublikası da qurulanda məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi qurulub. Cənab Prezident bütün fəaliyyəti dönəmində bu varisliyə sədaqətini nümayiş etdirib və Azərbaycan Xalq Cümhuriyyətini quran insanlarla bağlı da dəfələrlə sərəncamları, tapşırıqları, göstərişləri olub. Dövlət başçısı AXC-nin tarixdə, yaddaşlarda yaşaması üçün əlindən gələni edib. Hətta yadımdadır ki, 24 noyabr 2003-cü ildə biz Mətbuta Şurasının üzvləri cənab Prezidentlə görüşəndə orada da ölkə başçısı AXC ilə bağlı fikirlər səsləndirmişdi. Cənab Prezident demişdir: "Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir".
Bax, dövlət başçısının AXC-nin 100 illiyi ilə bağlı verdiyi Sərəncam da məhz bundan qaynaqlanır. Yəni ölkə rəhbəri AXC-ni xalqımız üçün bir qürur mənbəyi olaraq görür və qürur mənbəyinin daim yeni nəsilə tanıdılması, yaddaşlarda yaşadılması üçün əlindən gələni edir. Əlbəttə ki, biz buna çox sevinirik. Dövlət başçısının zatən tariximizə, milli dəyələrimizə bu cür yanaşmasını biz hər zaman gözləmişik və hər zaman da o bizim gözləntilərimizi doğruldub. Bu il AXC-nin 100 illiyidir. Yəni AXC-nin 100 illiyi olduğuna görə də Prezident 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi. Biz əlbəttə ki, bu il çərçivəsində görüləcək tədbirlərdə hər birimiz yaxından iştirak edəcəyik. Əlimizdən gələni edəcəyik ki, cənab Prezidentin bu iradəsi ən yüksək səviyyədə öz təsdiqini tapa bilsin". Sia.az