“Bakının beynəlxalq sülh platformalarından biri olması asanlıqla həzm edilməyəcək”
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə bu ay Bakıda görüş keçirəcək. Bu uzun müddətdən sonra ilk dəfə NATO BSQ rəhbərinin rusiyalı həmkarı ilə keçirəcəyi görüş kimi qiymətləndirilir.
9 Yanvar 2018 12:19 SiyasətNATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə bu ay Bakıda görüş keçirəcək. Bu uzun müddətdən sonra ilk dəfə NATO BSQ rəhbərinin rusiyalı həmkarı ilə keçirəcəyi görüş kimi qiymətləndirilir.
Bəs görüş məkanı kimi Bakının seçilməsinin səbəbi nədir? Hansı məsələlər danışıqlar prosesinin gündəmində olacaq? Bu məsələlərlə bağlı politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan son illər ərzində beynəlxalq arenada dialoq platformasına çevrilib. Politoloq vurğulayıb ki, Azərbaycan neytral ölkədir, siyasi, iqtisadi və hərbi cəhətdən heç bir dövlət və təşkilatdan asılı deyil. Digər tərəfdən bu Bakıya olan etibarın nəticəsidir.
Z. Məmmədov qeyd edib ki, Bakı görüşü NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı ilə onun rusiyalı həmkarı arasında Krım və Ukrayna hadisələrinə görə hərbi kanallarla şəxsi təmasları kəsmək barədə Obama administrasiyasının qərarından sonra baş tutacaq birinci görüş olacaq: "Ona görə görüş xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində biz NATO və Rusiya arasında ciddi gərginliyin şahidiyik. 1990-cı illərin əvvəllərindən tərəflər arasında imzalanmış bütün sazişlərə rəğmən bu gün demək olar ki, status-kvo pozulub. Bu çox vacib məqamdır".
Politoloqun sözlərinə görə, beynəlxalq proseslərdə gərgin münasibətlərdə status-kvonun pozulması danışıqların pozulması, xaosun başlanması deməkdir.
Onun fikrincə, bu gün artıq NATO və Rusiya arasında demək olar ki, balansı qoruyacaq heç bir üçüncü dövlətlər yoxdur: "Ordular bir-biriləri ilə üzbəüz durublar. Hər iki tərəf əsl məqsədlərini gizlətmirlər. Təbii ki, vəziyyətin bu nöqtəyə çatmasında Ukrayna hadisələri əsas rol oynadı".
Z. Məmmədov həmçinin bildirib ki, Ermənistan və erməni diaspora Bakının beynəlxalq sülh platformalarından biri olmasını asanlıqla həzm edə bilməyəcək: "Bu ölkə Rusiya ilə hərbi müttəfiqdə olaraq İrandan başqa bütün qonşularından ərazilər istəyir, ölkədə Rusiyanın qoşunları saxlanılır. O ki qaldı Gürcüstana, Tbilisi NATO-ya daxil olmaq arzusunda olmasını heç kimdən gizlətmir. Belə olan halda balanslaşdırılmış siyasət yürüdən, sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın bu kimi görüşlərə ev sahibliyi etməsi təsadüfi sayıla bilməz". Azadinform.az